"Büdcə sistemi haqqında" qanun dəyişdirildi
29 İyun 2018 13:34 SiyasətMilli Məclisin növbədənkənar plenar iclasında iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb."Olaylar" xəbər verir ki, müzakirədən sonra qanun layihəsi təsdiqlənib. Qanun layihəsi strateji yol xəritələrinin tədbirlər planlarına uyğun olaraq "2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanına və Maliyyə Sabitliyi Şurasının "2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı"na əsasən fiskal dayanıqlığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.Sənəd fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.
Qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
Dəyişikliyə əsasən büdcə qaydasına uyğun icmal büdcənin xərclərinin yuxarı həddi də hesablanacaq.
Bundan başqa, qanuna büdcə qaydaları ilə bağlı yeni, 11-1-ci maddənin əlavə edilməsi təklif edilir. Bu maddəyə görə, növbəti il və sonrakı il üçün icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi bu maddəyə uyğun olaraq hesablanan icmal büdcə xərclərinin yuxarı həddindən artıq ola bilməz. Eləcə də icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunan icmal büdcə xərclərinin 103%-dən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə aşağıdakı qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilir.