Parlament “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanunu qəbul edib
29 İyun 2018 13:32 SiyasətMilli Məclisinin növbədəkənar sessiyasının sonuncu plenar iclasında yeni hazırlanan "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsinə əsasən, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyənləşdirilməsi mümkün olmayan, habelə səhhətinə və ya görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər, xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) məcburi dövlət genom qeydiyyatından keçirilirlər. Naməlum meyitlər də genom qeydiyyatından keçirilməlidirlər. Bu şəxslərdən və naməlum meyitlərdən bioloji material (Aşkar olunmuş insandan, naməlum meyitdən DNT analizinin keçirilməsi məqsədilə götürülmüş qan, tüpürcək, tük, dırnaq, dəri, tər, sperma, orqanizmin digər ifrazatları, diş, sümük və digər toxuma nümunələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən götürülür.
Qanun layihəsində qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilən biloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göndərilən bioloji materialın məlumatından bu qeydlər olmalıdır: Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı yer üzrə qeydiyyatı haqqında məlumatlar, genom qeydiyyatının aparılmasının əsası və tarixi, bioloji materialı götürmüş, məlumatı hazırlayan icra hakimiyyəti orqanının adı. DNT analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydası müfaviq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanunun iyulun 1-dən tətbiq olunması nəzərdə tutulur. Bundan sonra isə hazırda qüvvədə olan "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanun isə qüvvədən düşəcək.