Ermənistan Azərbaycanın müharibə anonsundan qorxur

Aykazn Qaqriyan: "Azərbaycanın müdafiə naziri bəyan edib ki, ordu hərbi əməliyyatlara hazırdır və Ali Baş Komandanın əmrini gözləyir"

Azərbaycan Ordusunun qalibiyyət addımları Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Bu dəfə lragir.am saytının baş redaktoru Aykazn Qaqriyan "Azərbaycan ordusu əmr gözləyir: kim zəmanət verə bilər" adlı məqalə ilə çıxış edib və Silahlı Qüvvələrimizin son vaxtlar cəbhədə əldə etdiyi nailiyyətləri, eləcə də növbəti hərbi əməliyyatların başlaması ehtimalından yazıb. Erməni müəllif qeyd edir ki, iyunun 26-da keçirilmiş hərbi paradın səhəri günü Prezident İlham Əliyev hərbi vəziyyətlə bağlı direktivlər imzalayıb. "Bu, KİV-lərdə hərbi vəziyyətlə bağlı senzuralar və hərbi əməliyyatlar ərazisindən tarixi-mədəni abidələrin təxliyyəsi ilə bağlıdır"- deyə A.Qriqoryan yazıb.

Erməni baş redaktor Azərbaycan Ordusunun təmas xətti yaxınlığında hərbi gücünü artırdığını qeyd edir və hərbi ekspertlərin də fikirlərinə toxunaraq yazır ki, Silahlı Qüvvələr müdafiədən hucuma keçməyə hazırlaşır. "İyulda böyük hərbi təlimlər keçiriləcək"-deyə Qaqriyan bildirib.

Söz yox ki, bütün bunlar ilk növbədə Ermənistanda mövcud olan gərgin vəziyyətin, siyasi böhranın nəticələridir ki, erməni ictimaiyyəti belə bir halda, yəni müharibənin başlayacağı təqdirdə nəticələrin onların xeyrinə olmayacağını dərk edir. Bu baxımdan, demək olar ki, hər gün erməni KİV-lərində bu mövzu ətrafında rəylər, açıqlamalar, siyasi-analitik yazılara daha çox yer ayrılır. Misal üçün, adıçəkilən saytın baş redaktoru həmin məqaləsində onu da yazıb ki, Azərbaycan silahlanmaqda davam edir və məlumatlara görə, tezliklə silah təchizatçıları sırasında ABŞ və Almaniya da yer ala biləcək. SİTAT: "Azərbaycanın müdafiə naziri bəyan edib ki, ordu hərbi əməliyyatlara hazırdır və Ali Baş Komandanın əmrini gözləyir. Əliyev öz mövqeyini daha da sərtləşdirib və demək olar ki, danışıqlar barədə fikir bildirmir".

Məhz buradan da bəlli olur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyi, xüsusilə, Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağı ətrafında səsləndirdiyi bəyanatları Ermənistan tərəfini qorxudur.

"Azərbaycan geri çəkilməyi rədd edir, xüsusilə Qarabağ məsələsində bu mövqeyə sahibdir"-deyə erməni müəllif yazıb.

A.Qaqriyan Ermənistanın köhnə rəhbərliyindən fərqli olaraq, yeni hakimiyyətin "tələbi" barədə də qeydlər aparıb və yazıb ki, "yeni hakimiyyət "Artsax" olmadan, danışıqlara getməyəcək". Onun fikrincə, Azərbaycan Vyana və Sankt-Peterburq təklifləri ətrafında müzakirə aparmaq istəmir. Prezident Armen Sarkisyan isə bəyan edib ki, Ermənistan bu danışıqlarda hər şeyi tələb etməlidir. SİTAT: "Belə olan vəziyyətdə danışıqlar Əliyev üçün heç bir məna daşımır və o, yalnız müharibə barədə danışır".

Əlbəttə, elə erməni müəllifin özü də yaxşı bilir ki, onun dövləti işğalçılıq siyasəti yürüdür və Azərbaycan tərəfinin bu işğala son qoymaq gücündə olduğunu da anlayır. Sadəcə, Qaqriyan öz məqaləsində cəhd edir ki, belə vəziyyətdə Ermənistan tərəfini məzlum kimi göstərsin. Ancaq bu cəhdlərin boşa çıxması da göz önündədir. Çünki beynəlxalq aləm bu ölkənin Azərbaycana yönəlik işğalçılıq siyasəti apardığını bilir.

Onu da qeyd edək ki, Ermənistanda məhz Nikol Paşinyan dövrü gələndən sonra anti-Rusiya meylləri güclənib. Hətta Rusiya müxtəlif kuluarlarda düşmən ölkə kimi göstərilməyə başlayıb. Görünür, bu baxımdan A.Qaqriyan dolayı yolla Rusiyanı günahlandıraraq, Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini "sübut" etməyə səy göstərib. "Azərbaycan uzun illər Rusiyanın yardımı ilə öz hədəflərinə çatacağı barədə düşünürdü"-yazan erməni müəllif bunu 2016-cı ilin aprel hərbi əməliyyatları ilə əlaqələndirib. Halbuki, Azərbaycan bütün hallarda müstəqil siyasət yürüdür və müvafiq qərarlarını da müstəqil olaraq verir. Ona görə də aprel məğlubiyyətini, daha dəqiq desək, Azərbaycan Ordusunun aprel zəfərini hər vəchlə Rusiyanın ayağına yazmağa çalışır, həmçinin baş verənləri "avantüra" adlandıraraq, bütün bunları Azərbaycanla Rusiyanın "siyasi və diplomatik uğursuzluğu" kimi qələmə verir. Buradan da görünür ki, ortada sırf erməni şovinizminin çalarları var və bu şovinizim əslində, Ermənistanın dalana dirənməsi, hətta tələyə düşməsi ilə nəticəsini tapıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31