Təhmasib Novruzov: "Bu cür müxalifət məhvə məhkumdur"

"Azərbaycanda özünə dəstək tapmayan müxalifət təmsilçiləri xarici qüvvələrin yardımı hesabına nəyə isə nail olmaq istəyirlər". Bunu "Azadlıq Hərəkatçılar Birliyinin" sədri Təhmasib Novruzov deyib.

Onu sözlərinə görə, dağıdıcı müxalifət düşərgəsini təmsil edən partiya sədrlərinin bu cür hərəkətlərə əl atmalarının sonu yenə də iflasdır: "Belə bir misal var: milçək bir şey deyil, amma ürək bulandırır. Dağıdıcı ünsürlər sosial şəbəkələrdə çıxış edərək insanları itaətsizliyə, qarşıdurmalara çağırmaları onlara havadarları tərəfindən verilən növbəti tapşırıqdır. Onlar bu cür tapşırıqları yerinə yetirmələri qarşılığında maliyyə vəsaiti alırlar. Həm xarici, həm də daxili qüvvələrin AXCP-nin və Müsavatın qarşısında qoyduğu vəzifə ölkəmizdə xoş olmayan ab-hava yaratmaqdan ibarətdir. Bunu da onlar yatıb ancaq yuxularında görərlər. Çünki onların bu cür sərsəm çıxışlarını heç kəs ciddiyə almır".

T.Novruzovun sözlərinə görə, müxalifətin hay-küy salmasının arxasında xaricdə olan havadarlarına özlərini reklam etmək istəyi dayanır: "Dağıdıcı müxalifət təmsilçiləri xarici havadarlarına demək istəyirlər ki, baxın, biz fəaliyyət göstəririk. Bir sözlə, heç bir sözü, təklifi və inkişaf üçün bacarığı, qabiliyyəti olmayan şəxslərin ölkəmiz haqqında xoşagəlməz fikirlər səsləndirməsi onların yaramaz bir qrup olduğunu təsdiqləyir. Ümumiyyətlə, maliyyə məsələsi elə məsələdir ki, ya gərək boyun əyməyəsən, əgər boyun əydinsə, onda artıq o, sənin üzərində hökmdara çevriləcək. Demək olar ki, müxalifət düşərgəsini təmsil edən həmin şəxslər maliyyə məsələsinə görə, xarici qüvvələrin əlində bir alətə çevriliblər".

T.Novruzov, onu da bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtsa onlar da nəyə isə nail ola biləcəklər: "Onların bu arzularının həyata keçməsi mümkün deyil. Çünki həmin qüvvələr xalqın inamını itirmiş yalançılardır. Bu baxımdan da, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz fəaliyyətsizliklərini çox gözəl başa düşürlər. Yəni müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və onların cəmiyyətdən heç bir dəstəyi yoxdur. Təəccüblü məqam odur ki, həmin liderciklər öz uğursuzluqlarını başa düşsələr belə, yenə bunu büruzə vermək istəmirlər. Bu isə onların faciəsidir".

Təşkilat sədri onu da bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan şəxslər bir-biri ilə mehriban düşmənlərdir: "Çünki gözləri bir-birini götürmür, amma yalandan bir-birlərinin üzünə gülürlər. Əslində isə, bir-birlərini sıradan çıxarmaq üçün hər şeyə əl atarlar. Bu baxımdan, bu gün müxalifətdə heç bir irəliləyişdən söhbət gedə bilməz. Bu cür müxalifət məhvə məhkumdur, necə ki, bunu yaşamaqdadır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31