Politoloq: “Azərbaycanın hərbi gücü düşmən ölkəni qıcıqlandırır”

"Azərbaycan Prezidenti İlham Əliyevin ordumuzun 100 illik yubileyi ilə bağlı keçirilən paradda çıxışı zamanı səsləndirdiyi "Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək" fikri ilə dünya ictimaiyyətinə Azərbaycanın Ermənistanla müqayisə oluna biləcək ölkə olmadığını bir daha çatdırmış oldu. Dövlət başçısı nitqində ölkəmizin hərbi potensialının nə qədər güclü olduğunu və ölkəmizin hər an hərbi əməliyyatlara başlamaq iqtidarında olduğu ilə bağlı mühüm mesaj verdi". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Azərbaycanın bir sıra amillərlə hesablaşdığını deyən politoloq vurğulayıb ki, Azərbaycan dinc dövlət olduğundan, əsas məqsəd torpaqlarımızın işğaldan azad olunmasıdır: "Azərbaycan hərbi paradda qabaqcıl, müasir texnikalarını nümayiş etdirməklə ilk növbədə Ermənistana sübut edir və işarə edirik ki, bundan nəticə çıxarsınlar. Əgər Ermənistan məsələnin müharibə deyil, dinc yolla həllini istəyirsə, o zaman torpaqlarımızı azad etməyə başlamalı, müəyyən güzəştlərə getməlidir".

F.Sadıqov qeyd edib ki, düşmən ölkə ilk növbədə öz inkişafını düşünməli, hazırkı vəziyyətin Ermənistanın vəziyyətinin daha da ağırlaşdıracağını dərk etməlidir: " Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün həm gücü, həm iradəsi, istəyi olmaqla yanaşı, imkanları da genişdir. Azərbaycanın hərbi texnikası, hərbi paradı düşmən ölkəni qıcıqlandırır. Bu qıcıqdan irəli gələn narahatçılıq düşmən ölkənin Azərbaycanda keçirilən parad və ordumuz haqqında əks fikirlər işlətməyə məcbur edir. Onlar anlayır ki, Azərbaycanın yüksək hərbi texnika ilə təmin olunması boşuna deyil. Onlar artıq istifadə olunmaqdadır. Bildiyiniz kimi aprel döyüşləri və Naxçıvan istiqamətində baş verən qələbə məhz güclü ordumuzun səyi nəticəsində əldə olunub".

Ermənistanın Azərbaycanı hərbi ritorikada günahlandırdığını söyləyən politoloq qeyd edib ki, düşmən ölkənin ordumuzla bağlı səsləndirdiyi fikirlər görüntü xarakteri daşıyır: " İşğal altında olan torpaqlar Ermənistanın deyil, Azərbaycanındır. Torpaqlarımızın işğaldan azad edilməsi bizim əsas prioritetimizdir. 25 ildir ki, Azərbaycan xarici siyasətində güzəşt edərək münaqişənin həlli istiqamətində danışıqlar aparır. Amma bu əbədi ola bilməz. Nə vaxtsa bu texnikalar tam gücü ilə onlara qarşı işləyə bilər. Ermənistan hazırkı vəziyyətdən düzgün çıxış yolu tapmalıdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31