QAT sədri: “Azərbaycanın həm gücü, həm də iradəsi var"

"Azərbaycan Milli Ordusunun 100 illiyi münasibətilə Bakıda keçirilən Hərbi Paradda cənab Prezident İlham Əliyev çıxışı ilə Ermənistana açıq mesaj göndərdi. Azərbaycanın silah-sursatı, texnikası, canlı qüvvəsi yüksək səviyyədədir. Ermənistan bütün bunlardan nəticə çıxarmalıdır". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan bilməlidir ki, Azərbaycanın həm gücü, həm də iradəsi var: "Ölkə rəhbəri birmənalı şəkildə dedi ki, "müharibə hələ bitməyib, müharibənin birinci mərhələsidir". Bununla Ermənistana açıq mesaj göndərildi. Mesaj ondan ibarətdir ki, əgər qan tökülməyini, böyük müharibəni istəyirsinizsə Azərbaycan buna hazırdır. Bu gün Ermənistanın ordusu, iqtisadiyyatı darmadağın olub və heç bir müqavimət göstərməyə gücləri yoxdur. Hətta deyərdim ki, arxalarında havadarları da yoxdur. Onlar gah Rusiyaya, gah da Amerikaya sığınırlar. Ona görə də rəsmi İrəvan bu işlərdən nəticə çıxarmalı və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxmalıdırlar. Bu gün Ermənistan bütün iqtisadi layihələrdən kənarda qalıb. Əgər onların ağılları olsa idi bütün Gürcüstandan keçən neft, qaz kəmərləri hamısı Ermənistan ərazisindən keçərdi. Onlar bunu başa düşmək istəmirlər. Belə görünür ki, Azərbaycan gücə əl atmalı olacaq. Bunun başqa bir yolu yoxdur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31