Ac erməni əsgərinin Qarabağ reallığı - FAKT
28 İyun 2018 15:42 Siyasətİşğalçı Ermənistan ordusunun acınacaqlı vəziyyətdə qalması, silah, hərbi texnika və əsgər-zabit heyətinin heç bir hərbi normalara cavab verməməsi növbəti dəfə sübuta yetirilib. SİA xəbər verir ki, bu dəfə bir erməni əsgərinin qohumu bu barədə fikirlərini ictimailəşdirib. Belə ki, 2016-cı ilin Aprel müharibəsi zamanı işğalçı ordu 15 əsgərini bir neçə tankla birgə Cəbrayıl rayonunun boş qalmış kəndlərinin birində atıb. Həmin əsgərlər il yarım ərzində dağıntılar və xarabalıqlar arasında yataraq, hətta öz hərbi hissələrini belə görməyiblər. SİA xəbər verir ki, bu sözləri Ermənistanın epress.am saytına həmin əsgərlərdən birinin xalası danışıb.
"Evə dönərkən isə deyirdi ki, il yarım adi elektrik lampası belə görməyib"
"Onun ali təhsili var idi, ona görə də Oktemberyana (Ermənistan) hərbi xidmətə apardılar. 6 aydan sonra isə, Qarabağa göndəriblər. Təxminən onun Qarabağa göndərilməsindən 10 gün sonra hərbi əməliyyatlar başladı. O, bizə heç nə demədi, biz isə düşünürdük ki, Ermənistandan getmiş 6 aylıq əsgərdir və cəbhə xəttinə göndərilməyəcək. Müharibə zamanı biz elə sanırdıq ki, o hərbi hissəsindədir"-deyə müsahib adıçəkilən sayta açıqlamasında bildirib.
Onun sözlərinə görə, aprelin 2-də əsgər qrupunu hansısa kəndə aparıblar ki, onlar tərxis edilənədək, orada qalıblar: "Aprelin 2-də onu nə vaxtsa zəbt edilmiş Azərbaycan kəndinə aparıblar, kəndin adını isə yadımda saxlamamışam, o həmin kənddə il yarım qalıb və hərbi hissəyə geri qayıtmayıb. Bu, 15 nəfərdən ibarət olan qrup olub. Onlar orada qalarkən elə bilirdilər ki, müharibə yenidən başlayacaq. Həmin kəndə aparan yol 3-4 saatlıqdır, onlar (zabitlər-red.) bu uşaqları orada qoymağa məcbur oldular. Onlarla hansısa kapitan da olub. Tanklarda yatıb, vaxtilə orada yaşamış bir azərbaycanlının dağılmış evinin daşlarından ev tipli yaşayış yeri düzəldiblər, damını isə qamışla örtüblər. Bir müddət orada yaşayıblar və yaxınlıqdakı çayda çimiblər. Evə dönərkən isə deyirdi ki, il yarım adi elektrik lampası belə görməyib".
"Hər ay ailəsindən 5000 dram pul istəyib"
Erməni qadının sözlərinə görə, əvvəllər ailəsi hərbi xidmətçiyə sovqat göndərirdilər, sonra o pul istəməyə başladı: "Sovqatları hər ay göndərirdik. Sonra o, ailəsindən hər ay 5000 dram istəyib. Soruşduqda ki, nəyə görə, o cavab verirdi: onlar bizə heç nə gətirmirlər, biz isə özümüz-özümüzə yemək hazırlayırıq, biz 15 nəfərik, belə qərara gəldik ki, qida üçün pul yığaq. Yadımdadır ki, hətta kapitanın bank kartının hesabını da göndərmişdilər, sonra 3 ay hansısa bir qadının hesabına pul köçürürdük".
Göründüyü kimi, erməni ordusunun acınacaqlı bir vəziyyətdə qalmasını elə xalqın özü etiraf etməkdədir. Bu kimi hadisələr isə Ermənistan ordusunda kifayət qədərdir. Nəticə etibarilə həm də belə qənaətə gəlmək mümkündür ki, ermənilər işğal etdikləri ərazilərimizin demək olar ki, bir çox hissələrində yaşamırlar və həmin ərazilər xarabalığa çevrilib. Bu baxımdan, güclü Azərbaycan Ordusunun bir həmləsi yerdə qalan işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnə bilər. Çox yəqin ki, erməni ictimaiyyəti də bu reallığı artıq dərk etməyə başlayıb.
SİA