Komitə sədri: “Bu, böyük uğurdur və həqiqətin etirafıdır”
28 İyun 2018 14:08 Siyasət"Səməd Seyidov Azərbaycanın çox tanınmış ziyalılarından, görkəmli elm adamlarından, nüfuzlu ictimai-siyasi xadimlərindəndir. Onun insan psixologiyası, insan şəxsiyyətinin formalaşması və sair məsələlərlə bağlı dəyərli elmi fikirləri, əsərləri nəinki Azərbaycan daxilində, hətta ölkə hüdudlarından kənarda da çox ciddi və maraqla qarşılanmaqda, qəbul edilməkdədir". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deputat həmkarı Səməd Seyidovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti vəzifəsinə seçilməsinə münasibətini ifadə edərkən deyib: "Səməd müəllim həm də çox alicənab insan, gözəl şəxsiyyətdir. Ölkənin ictimai-siyasi həyatında da çox məhsuldar fəaliyyətə malik bir insandır. O, uzun illərdir ki, Azərbaycanı çox nüfuzlu beynəlxalq qurumda, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi layiqincə və uğurla təmsil edir. Bildiyiniz kimi, Azərbaycan 2001-ci ilin əvvəllərindən Avropa Şurasının tam bərabərhüquqlu üzvü kimi fəaliyət göstərir. İlk 3 ildə, yəni, 2003-cü ildə ölkə prezidenti vəzifəsinə seçilənəcən də Azərbaycanın həmin qurumdakı nümayəndə heyətinə cənab İlham Əliyev rəhbərlik etmişdi. Onun fəaliyyəti nəticəsində də Azərbaycan çox qısa müddətdə Avropa Şurasının ən nüfuzlu üzv dövlətlərindən birinə cevrilmişdi. Cənab prezidentdən sonra düz 15 ildir ki, Səməd müəllim Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik edir. Bu, özü bir göstəricidir. Ötən bu illər ərzində də Azərbaycan həqiqətlərinin yayılmasında, xüsusilə, məruz qaldığımız, 30 ildən bəri zorla cəlb olunduğumuz Qarabağ münaqişəsi ilə bağlı erməni yalanlarının ifşa olunmasında Azərbaycan nümayəndə heyətinin, o cümlədən, Səməd Seyidovun fəaliyyəti, xidmətləri müstəsnadır, danılmazdır. Məhz Azərbaycan dövlətinin və Azərbaycan nümayəndə heyətinin birgə səyləri, birgə fəaliyyətləri nəticəsində AŞPA-da Ermənistanın işğalçılıq siyasəti pisləyən qətnamə qəbul olundu. İlk nüfuzlu beynəlxalq qurum idi ki, AŞPA o zaman Ermənistan-Azərbaycan münaqişəsinə ədalətli qiymətini vermişdi. Bunun özü çox böyük tarixi bir hadisə və bütövlükdə Azərbaycan diplomatiyasının uğuru idi, yəni, bu qətnamənin qəbul olunması ilə ermənilərə böyük zərbə vurulmuşdu, onların uzun illərdən bəri dünyaya, o cümlədən, AŞPA-ya sırıdığı yalanlar ifşa olunmuşdu". Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bununla da kifayətlənmədi, eməni yalanlarının, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşa olunması istiqamətində fəaliyyətini daha da gücləndirdi, Ermənistanın əliqanlı sabiq cinayətkar prezidenti Serj Sarkisyanın və onunla əlbir olanların iç üzünü açıb Avropaya, dünya ictimaiyyətinə göstərmək mümkün oldu. Təbii ki, istər Azərbaycan nümayəndə heyətinin, istərsə də, həmin nümayəndə heyətin başçısı kimi Səməd Seyidovun bu fəaliyyəti erməniləri, onların beynəlxalq qurumlardakı, o cümlədən, AŞPA-dakı havadarlarını qıcıqlandırmaya, narahat etməyə bilməzdi. Onlar hər vəchlə çalışırdılar ki, Azərbaycan nümayəndə heyətinə, Səməd Seyidova zərbə endirsinlər: "Çox-çox təəssüflər olsun ki, qanunların aliyliyindən, onlara riayət olunmasından danışanlar, ermənipərəst dairələr bir müddət öncə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı çox haqsız və ədalətsiz qərar qəbul etdilər. Bu, elə bilirəm ki, həmin qurumun tarixində qara ləkə olaraq qalacaq. Bunu başqa adı, izahı ola bilməz. Ancaq atalarımızın gözəl bir deyimi də var ki, yalan ayaq tutar, amma yeriməz. Həmçinin, həqiqətin üzünü də uzun müddət pərdələmk olmaz. Çox sevindirici və əlamətdar haldır ki, nəhayət, AŞPA-dakı sağlam qüvvələr həqiqəti, gerçəyi anladılar və öz səhv yollarından döbdülər, adıçəkilən qurumun hələ də davam edən növbəti yay sessiyasında Səməd Seyidovu yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçdilər. Bu, böyük uğurdur və həqiqətin etirafı, zəfəridir".