Azərbaycanın hərbi paradı erməniləri qorxuya saldı — Hərbi ekspertlər təlaşda
28 İyun 2018 13:06 SiyasətAzərbaycan Ordusunun 100 illiyinə həsr edilmiş hərbi paradda nümayiş etdirilən müasir hərbi texnika Ermənistanı qorxuya salıb.
Erməni hərbi ekspertlər paradda gördükləri silahlardan təşvişə düşüblər
Hərbi ekspert Samvel Ağababyan deyib ki, Azərbaycan milyardlarla dolları müasir silah və hərbi texnikaya parad üçün yox, Qarabağ münaqişəsini müharibə yolu ilə həll etməyə xərcləyir.
Onun fikrinə əsasən, Azərbaycan ordusunun operativ-taktik və tank əleyhinə raket kompleksi, raket-artilleriya silahları və dronları Ermənistan üçün xüsusilə təhlükəlidir.
"Bu silahlar yüksək texnologiya və uzaqvuran gücü sayəsində Azərbaycan ordusuna dəqiq zərbələr endirmək, effektiv hərbi əməliyyatlar aparmağa imkan verir. Bu zaman Azərbaycan ordusu bu işləri kənardan görəcək, təmasa girməyəcək", - deyə hərbi ekspert bildirib.
Samvel eyni zamanda Bakı paradında nümayiş etdirilən, türk istehsalı olan aviasiya operativ-taktiki qanadlı "SOM-B1" raketlərindən də danışıb:
"Hələ anlamıram ki, Azərbaycan bu qanadlı raketləri hansı aviasiya platformasından istifadə edəcək. "MiQ-29" və "Su-25" qırıcıları ilə bunu etmək mümkün deyil. Ehtimal edirəm ki, Azərbaycan ordusunun bir sıra "Su-25" qırıcısı Türkiyədə modernizə edilib".
Hərbi ekspert Leonid Nersisyan da Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən "SOM-B1" raketlərindən təşvişə düşdüyünü gizlətməyib.
"250 km uçuş məsafəsi olan qanadlı raket Ermənistan üçün çox pis xəbərdir. Hava hücumundan müdafiə sistemi üçün belə raketə qarşı mübarizə aparmaq çox çətindir. Bu raketdən qorunmaq üçün geniş radiolakasiya stansiyaları şəbəkəsi və zenit raket kompleksi lazımdır. Belə raketlərdən ancaq ən prioritet hədəfləri qorumaq lazımdır. İndi Azərbaycan tərəfdən qəfil və kütləfi raket zərbəsi gözləmək lazımdır".
Olke.az