Bakı siyasi fikir mərkəzinə çevrilib

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verir

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına start verilib. Toplantı zamanı Əfqanıstan rəsmiləri və "Taliban" arasında sülh danışıqlarının aparıldığı bildirilir. Xatırladaq ki, artıq qlobal məslələrlə bağlı beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ənənə halını alıb. Sirr deyil ki, bir çox nüfuzlu beynəlxalq beyin mərkəzləri və təşkilatlar öz tədbirlərinin keçirilməsi üçün Bakını məkan olaraq seçirlər. Məhz Bakıda müasir dünyada mövcud çağırışların həlli yolları, münaqişələrin nizamlanması məsələləri müzakirə edilir, dünyanın idarə olunması metodları müəyyənləşdirilir. Dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurmuş Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki illik üzvlük fəaliyyəti dövründə üzərinə düşən missiyaların və vəzifələrin öhdəsindən uğurla gəldiyini sübuta yetirmişdir. Özü erməni təcavüzünə məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Bütün bunlar dünyanın güc mərkəzlərinin onun paytaxtını görüş yeri kimi seçməsini şərtləndirən digər amillər sayıla bilər. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Ölkəmizin həyata keçirdiyi siyasət nəinki regionda, daha geniş coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Bütün bunların ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında, əməkdaşlıq əlaqələrinin genişlənməsində danılmaz təsiri olmuşdur. Bu baxımdan, Bakının görüş yeri kimi seçilməsinin bu şəhərin sırf coğrafi baxımdan əlverişli ərazidə yerləşməsi ilə bağlanması doğru hesab edilə bilməz. Bəli, bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bölgədə ən təhlükəsiz ölkədir. Məhz bu səbəbdən də görüş üçün Bakının seçilməsi təəccüblü deyil.

Xatırladaq ki, bir müddət öncə Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin konfransı keçirilib. Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edib. Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edib. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir. Azərbaycanın paytaxtında həmçinin "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu keçirilib. Bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər və alimlər qatılıblar. Forumda, həmçinin, Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər. Bundan başqa, Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib. Bu görüşün həm ABŞ, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Daim inkişaf edən Azərbaycan iqtisadi, hərbi imkanları, əlverişli coğrafi şəraiti ilə regionun mühüm əhəmiyyətli dövləti hesab edilir. Azərbaycan bölgənin bir çox ölkələrindən fərqli olaraq, həm ABŞ, həm də Rusiya ilə yaxın əməkdaşlıq münasibətlərini, strateji tərəfdaşlıq əlaqələrinə daim sadiq qalmaqla onun daha da inkişaf etdirilməsinə ciddi səylər göstərir. Məhz buna görə də ABŞ və Rusiya prezidentləri Azərbaycanı, onun Prezidenti İlham Əliyevi etibarlı tərəfdaş kimi qəbul edir, qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını nümayiş etdirilər. Azərbaycanın son illərdə uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri də Qlobal Bakı Forumudur və indiyədək çoxlu sayda forum keçirilib. Səbəb isə çox sadədir: Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya mühüm töhfələr verməkdədir. Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də təsdiqləyir. Dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.

Əlbəttə ki, bu səylərin həyata keçirilməsi üçün Azərbaycanın mərkəz seçilməsi isə təsadüfi deyildir.  Qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi üçün, həqiqətən də, nümunəvi məkandır. Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin, məhz ölkəmizdə keçirilməsini şərtləndirir. Azərbaycanın tarixi və müasir gerçəklikləri sülh və təhlükəsizliyin təmin olunmasının multikultural dəyərlərin, dini və milli tolerantlığın mövcud səviyyəsindən birbaşa asılı olması qənaətinə gətirir. Azərbaycanın təcrübəsində tolerantlığın, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmətin, fərqli dinlərin nümayəndələrinə, onların ənənələrinə ehtiramın sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yolu olması sübut olunub. Bu gün Azərbaycanda xristian və yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla bərabər imkanlara və hüquqlara malikdirlər. Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləyib. Bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal platformadır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31