“Bakı sülh paytaxtına çevrilib”

"Bu, Azərbaycanda keçirilən ilk belə geosiyasi tədbir deyil. Bu gün qlobal qarşıdurma var. Dünya gücləri olan ABŞ-la Rusiya arasında gərginlik hökm sürməkdədir. Həmçinin ABŞ-la Çin arasında ciddi rəqabət var. Hələlik bu rəqabət ticarət savaşı çərçivəsindədir. Bundan əlavə, dünya güclərinin maraqları Yaxın Şərq məsələsində də üst-üstə düşmür. Bu kontekstdə Bakı şəhərində mühüm görüşlərin keçirilməsini müsbət qiymətləndirirəm".

Bu sözləri politoloq Natiq Miri Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı barədə fikirlərini bölüşərkən deyib.

O xatırladıb ki, ABŞ və Rusiyanın hərbi rəhbərlikləri bir neçə dəfə Bakıda görüşüblər: "Rusiya-NATO rəhbərlərinin görüşü və digər beynəlxalq tədbirlərin, forumların ölkəmizdə keçirilməsi Azərbaycanı sülh dövlətinə, Bakını isə sülh paytaxtına çevirib. Artıq beynəlxalq ictimai rəydə sülhü təbliğ edən və bu yöndə ciddi görüşlər keçirməklə öz qatqısını qatan ölkə kimi tanınırıq. Bu tədbiri də bu kontekstdə qiymətləndirmək lazımdır".

Politoloq onu da vurğulayıb ki, məkan olaraq Azərbaycanın seçilməsi təsadüfi deyil: "Azərbaycan dünya gücləri ilə bərabər məsafə saxlayır və balanslı siyasət yürüdür. Heç bir güc mərkəzinə xüsusi üstünlük verilmir. Yəni ölkəmiz tərəf deyil. Ona görə də bu cür tədbirlərdə Azərbaycanın seçilməsi həm ölkəmiz, həm də həmin ölkələr üçün uyğun məqamdır. Üstəgəl, təşkilatçılığın yüksək səviyyədə olması da Azərbaycanı cəlbedici edir. Əfqanıstanla bağlı tədbirin Bakıda keçirilməsi də bu ənənənin davamıdır".

Azadİnform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31