Şəffaf və demokratik seçki nümunəsi
“Türkiyə ən mürəkkəb geosiyasi coğrafiyada dünyaya şəffaf və demokratik seçki nümunəsi göstərdi” Ötən gün Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qalib oldu. Olaylar.az bununla bağlı media kapitanlarının açıqlamalarını təqdim edir.
25 İyun 2018 16:49 Siyasət"Türkiyə ən mürəkkəb geosiyasi coğrafiyada dünyaya şəffaf və demokratik seçki nümunəsi göstərdi"
Ötən gün Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qalib oldu. Olaylar.az bununla bağlı media kapitanlarının açıqlamalarını təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyevin ilk dövlət başçısı olaraq Ərdoğanı təbrik etməsi dərin regional və qlobal mesajları olan faktdır
"Eyni vaxtda dövlətin idarəçilik formasını dəyişmək, xalqın səlahiyyət verdiyi prezident institutu yaratmaq, yeni parlament seçmək, həm də bu ağır prosesi demokratik seçki standartlarına zərər vurmadan, insan hüquq və azadlıqlarını məhdudlaşdırmadan, bütün iddialı siyasi qüvvələrin bərabər rəqabət imkanları ilə iştirakını təmin etməklə aparmaq asan məsələ deyildi:
Üstəlik, bu qədər ağır daxili prosesi çox mürəkkəb regional və qlobal şərtlər daxilində aparmaq, dünya ölkələrində yaşayan bütün Türkiyə vətəndaşlarını seçki prosesinə qatmaq, razılaşaq ki, hakim Ədalət və İnkişaf Partiyasının və şəxsən Ərdoğanın böyük siyasi zəka və dəqiq təşkilatçılıqla ortaya qoyduğu tarixi nəticədir. Cənab Ərdoğan ideologiyaları fərqli olan siyasi qüvvələrin və cəmiyyətin həlledici hissəsinin maraqlarını demokratik prosesin içində dövlətçilik mənafeləri naminə birləşdirə bildi. Seçkilərin nəticələrinin bütün cəmiyyət və siyasi qüvvələr tərəfindən qəbul olunması onun dövlətçilik maraqlarına və demokratik normalara uyğunluğu ilə izah olunmalıdır. Türkiyədə hakim partiyanın özünün çoxillik siyasi hədəflərinə doğru daha inamla və daha güclü siyasi ictimai dəstəklə gedəcəyi dövr başladı". - Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Aydın Quliyev seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təbrik etməsini də yüksək qiymətləndirib: "27 illik yolda strateji birlik zirvəsinə yüksəlmiş Azərbaycan-Türkiyə qardaşlığının konkret təzahürləri olan neft-qaz layihələri sayəsində açılan yeni iş yerləri, qardaş ölkədə yüksələn sosial rifah göstəriciləri bu seçkinin nəticələrinə müsbət təsir göstərən faktorlardan oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ilk dövlət başçısı olaraq Ərdoğanı təbrik etməsi dərin regional və qlobal mesajları olan faktdır. Bu fakt həm də onu təsdiqləyir ki, iki qardaş ölkənin imza atdıqları birgə layihələr yalnız uğur potensiallı layihələrdir. Bu layihələrin hər iki ölkədəki daxili siyasi proseslərə həlledici pozitiv təsir göstərmək gücündə olması bir daha təsdiqləndi".
Ekspert qeyd edib ki, Türkiyə ən mürəkkəb geosiyasi coğrafiyada dünyaya şəffaf və demokratik seçki nümunəsi göstərdi: "Bu tip nümunələri göstərmək indiki mürəkkəb beynəlxalq şəraitdə az-az dövlətlərə qismət ola bilir".
Azərbaycan-Türkiyə münasibətləri heç bir formal dövlətlərarası münasibətlər sisteminə sığmayan münasibətlərdir
Türkiyədə keçirilən prezident seçkilərində cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçiləcəyi gözlənilən idi. İlk növbədə qeyd edim ki, türk xalqının Ərdoğana növbəti dəfə etimad göstərməsi bilavasitə onun şəxsi keyfiyyətləri, xarizmatik lider, xarakter və siyasi iradə sahibi olması ilə bağlıdır. Şübhəsiz ki, seçkinin nəzticələrində ittifaqa taxil olan partiyaların, xüsusilə də MHP-nin verdiyi dəstəyin də müəyyən rolu olub" - Bu fikirləri siyasi ekspert, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Olaylar.az -a açıqlqamasında bildirib.
"Bu rol isə Türkiyənin gələcəyinə vahid baxışın formalaşmasına xidmət edən, milli platformada fəaliyyət göstərən partiyaların birliyinə türk xalqının verdiyi dəyərlə bağlıdır. Türkiyə yeni bir dönəmə, yeni bir idarəçilik sisteminə qədəm qoyur. Qardaş ölkənin bütövlükdə siyasi sistemi dəyişir. Bu olduqca çətin, mürəkkəb və Türkiyənin bu günkü durumu, qarşılaşdığı problemlər, regiondakı mürəkkəb geosiyasi reallıqlar müstəvisindən dəyərləndirildikdə zəruri bir prosesdir. Prezident üsul-idarəsinin tətbiqi sadəcə prezident seçkilərinin keçirilməsi və prezidentin kimliyinin müəyyənləşdirilməsi ilə yekunlaşmır. Proses əslində indi başlayır. Prosesin başa çatması üçün yeni hüquqi-normativ aktlar qəbul edilməlidir. Bu faktiki olaraq Türkiyədə siyasi sistemlə bağlı olan bütün qanunvericilik aktlarının dəyişdirilməsi deməkdir. Məhz bu baxımdan, yeni üsusl-idarənin tətbiqinin tərəfdarı olan partiyaların parlamentdə səs çoxluğu qazanması labüd idi. Əks təqdirdə Türkiyədə ciddi siyasi böhran yarana bilərdi. Yəni de-fakto prezident üsul-idarəsi mövcud olardı, amma parlamentdə təmsil olunan əks qüvvələr bu faktın hüquqi müstəvidə bütün sistemə daxil olmasına maneə yarada bilərdilər. İndiki halda isə prezidentlik sisteminə tam hüquqi keçid üçün heç bir maneə yoxdur və bu, Rəcəb Tayyib Ərdoğanın və müttəfiqlərinin tam qələbəsi kimi dəyərləndirilməlidir".
Azərbyacan və Türkiyə münasibətlərinə toxunan siyasi ekspert vurğuladı ki, Azərbaycan-Türkiyə münasibətləri heç bir formal dövlətlərarası münasibətlər siteminə, protokollara sığmayan münasibətlərdir. Və şübhəsiz ki, hər iki dövlətin eyni millətinin mövqeyi, qarşılıqlı sevgisi burada mühüm əhəmiyyət kəsb edir. Lakin tarix sübuta yetirir ki, sevgi ilə qurulan bağlar iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrlə möhkəmləndirilməsə sözçülükdən o yana keçə bilməz. Bu baxımdan qardaş ölkədə hakimiyyətdə kimin olması da mühüm əhəmiyyət kesb edir. Vaxtilə qardaş ölkəyə rəhbərlik edən şəxslər Azərbaycana Kəlbəcərdən olan qaçqınları döyüş bölgəsindən çıxarmaq üçün iki mülki vertolyotu verməyə çəkinirdilər. Amma indi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ən yüksək mərhələyə qədəm qoyur, Azərbaycan ordusunun 100 illiyinə həsr olunmuş hərbi parada Türkiyə hərbi hava qüvvələrinin qırıcıları qatılacaqlar, Bakı səmasında qardaş ölkənin şahinləri süzəcəklər. Bütün bunlar heç şübhəsiz ki, hər iki ölkənin başında dayanan şəxslərin, liderlərin qətiyyətindən, siyasi iradəsindən, xarakter sahibi olmalarından irəli gəlir. Bu prosesin bundan sonra da yüksələn xətlə davam edəcəyinə şübhə yoxdur.
Həyata keçirilən regional layihələrin hər birində Türkiyə amilinin olması vacibdir
"Qardaş Türkiyədə keçirilmiş seçkilər və onun nəticələri ilk növbədə türk millətinin seçim iradəsini ortaya qoydu. O cümlədən, bu seçkilərin nəticələri ölkənin beynəlxalq aləmdə və regionda olan mövqeyini daha da gücləndirməsinə münbit şərait yaradacaq. Habelə, Türkiyə dövləti istər iqtisadi, istər sosial, istərsə də digər aspektlər baxımından yeni və daha qlobal layihələrin icrasına başlamaq imkanı əldə edəcək ki, bu imkanları reallaşdıracaq yeganə şəxs məhz Rəcəb Tayyib Ərdoğandır. Bu baxımdan, Türkiyədəki seçkilər və onun nəticələri bütün mənalarda türk millətinin və dövlətçiliyinin bilavasitə maraqlarını təmin edəcək mühüm hadisədir" - bu fikirləri siyasi ekspert, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Olaylar.az -a açıqlamasında deyib.
Bəhruz Quliyev açıqlamasında qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi əsasən, Azərbaycanla qardaşlıq münasibətlərinin daha da inkişaf etməsinə yönələcək. Çünki, həm Azərbaycan, həm də Türkiyə dövlətləri birgə təşəbbüsdən çıxış edərək, çoxsaylı layihələrin gerçəkləşməsinə nail olublar. Bu layihələr hər iki qardaş dövlətin beynəlxalq siyasi arenadakı yerlərini möhkəmləndirməsini təmin edir. Eyni zamanda, Azərbaycan Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında vurğulayıb ki, həyata keçirilən regional layihələrin hər birində Türkiyə amilinin olması vacibdir. Eləcə də Rəcəb Tayyib Ərdoğan da Azərbaycan dövlətini Türkiyəyə ən sadiq və əbədi müttəfiq olaraq qiymətləndirib. Hesab edirəm ki, bu seçim böyük türk dünyasının qələbəsi olaraq da dəyərləndirilə bilər.
Ay An