Əlcəzairlə ilk dövlətlərarası müqavilə imzalanıb

Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Əlcəzairin ədliyyə naziri Tayeb Louhun görüşü keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Azərbaycan və Əlcəzair arasında əlaqələrin inkişaf etdirilməsində hər iki ölkənin dövlət başçıları cənab İlham Əliyevin və cənab Abdelaziz Boutefilkanın siyasi iradəsini qeyd edən nazir F.Məmmədov "İslam Həmrəyliyi İli" elan olunmuş 2017-ci ildə Əlcəzairə səfərini və keçirilmiş rəsmi görüşləri məmnunluqla xatırladıb, nazirliklərarası Anlaşma Memorandumunun qarşılıqlı fəaliyyətin genişləndirilməsində yeni səhifə açdığını söyləyib, hazırkı səfərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə əlavə təkan olacağına əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edən Tayeb Louh ölkələrimiz arasındakı tarixi əlaqələrin genişləndirilməsinə dövlət başçılarının xüsusi önəm verdiyini, hər iki ölkənin Ədliyyə nazirliklərinin bu istiqamətdə səylə çalışdığını vurğulayıb, imzalanmış Anlaşma Memorandumunun hüquqi sahədə əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini bildirib.Qonaq həmçinin, Azərbaycanda ədliyyə sisteminin müasirləşdirilməsi, innovasiyaların tətbiqi sahəsində əldə olunan nailiyyətləri təqdir edib, səfər zamanı Azərbaycan brendi olan ASAN mərkəzləri ilə tanışlıqdan heyranlığını ifadə edib, ASAN-ın göstərdiyi xidmətləri maraqla qarşılayaraq bu sahədə təcrübəmizlə daha yaxından tanış olmaq barədə istəklərini bildirib. Söhbət zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın torpaqlarımıza qarşı davam edən hərbi təcavüzü və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı qonaqların diqqətinə çatdırılıb. Sonra Azərbaycan və Əlcəzair arasında ekstradisiya haqqında müqavilə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31