Naxçıvan zəfəri erməniləri özündən necə çıxardı?
22 İyun 2018 12:10 Siyasətİşğalçı ölkənin hərbi dairələri indi də Azərbaycanı mülki vətəndaşlara və çobanlara atəş açmaqla təhdid edir
Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini irəli çəkməsi və əhəmiyyətli yüksəklikləri ələ keçirərək, işğaldan azad etməsi, faktiki olaraq, minlərlə hektar əraziləri düşmən tapdağından azad etməsi Ermənistanın hərbi dairələrinin azğın bəyanatlar verməsinə səbəb olub. Belə ki, Azərbaycanın Müdafiə Nazirliyinin sübut olaraq ictimailəşdirdiyi videomateriallar işğalçı ölkənin ictimai-siyasi dairələrini, eləcə də müdafiə nazirliyini fakt qarşısında qoyub. O cümlədən, hərbi nazirimiz Zakir Həsənovun jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bir sıra mesajlar verməsi, Azərbaycan Ordusunun hər an işğalda qalan torpaqlarımızı azad etmək imkanına malik olması bəyanatını səsləndirməsi erməni tərəfinin buna qədər iddia etdikləri bir sıra yalanları ifşa etmiş oldu. Hətta rəsmi erməni hərbi dairələri açıq-aşkar mülki vətəndaşlarımızı, çobanlarımızı hədəfə alacaqlarını həyasızcasına bəyan etdilər.
Ermənilər Azərbaycan Ordusunun Ermənistan ərazilərini müşahidə etmək iqtidarında olan yeni hərbi mövqelərinin - hətta dədə-baba yurdumuz olan Dərələyəzə qədər olan fotolarını yaymağa başladılar
Onu da qeyd edək ki, son günlərə qədər Ermənistanın müdafiə nazirliyinin mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda uğurla nəticələnən effektiv hərbi əməliyyatlarını müxtəlif yollarla sadə xalqdan gizlətməyə çalışırdılar. Misal üçün, bir müddət öncə erməni tərəfi iddia edirdi ki, guya Azərbaycan tərəfi Günnüt kəndində qalan məzarların ziyarət olunması üçün onlardan xahiş edib və guya ermənilər "humanizm" prinsipinə əsaslanaraq, mülki vətəndaşların qəbirləri ziyarət etməsinə şərait yaradıb və s. Lakin az keçməmiş, məhz erməni sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun Ermənistan ərazilərini müşahidə etmək iqtidarında olan yeni hərbi mövqelərinin - hətta dədə-baba yurdumuz olan Dərələyəzə qədər olan fotolarını yaymağa başladılar. Bunun ardınca isə, ölkəmizin Müdafiə Nazirliyi ermənilərin bütün yalanlarını alt-üst edən və 100%-lik faktlara əsaslanan qısametrajlı sənədli filmi nümayiş etdirdi. Məhz bundan sonra erməni hərbi dairələri əhalini sakitləşdirmək üçün guya narahatlığa heç bir əsasın olmadığı, erməni ordusunun əvvəlki kimi vəziyyətə nəzarət etdiyi yalanını sırımağa cəhd etdi.
Ermənistanın Areni kəndi və əkin-biçin sahələri Qızılqaya səmtindəki mövqelərimizin nəzarəti altındadır
Ancaq söz yox ki, erməni ictimaiyyəti bu yalanlara uymadı və 2016-cı ilin Aprel Müharibəsindəki qələbəmizdən sonra Naxçıvan zəfərimizi qəbul etmək məcburiyyətində qaldı. Daha dəqiq desək, Azərbaycan Ordusunun bu ilin may ayında qazandığı növbəti qələbə sübut etdi ki, artıq işğalçı Ermənistanın bir sıra strateji baxımdan mühüm olan kəndləri, xüsusilə Yerevan-Gorus-Laçın avtomobil yolu necə deyərlər, Silahlı Qüvvələrimizin ovucunun içi qədər nəzarətə götürüldü. Qeyd edilənlərlə yanaşı, hərbi mövqelərimiz ermənilərin mövqelərindən yüksəkdə formalaşdırıldı ki, bu da düşmənin həmin ərazilərə daxil olub-çıxma məqamlarını açıq-aşkar göstərməkdədir. Ermənistanın Areni kəndi və əkin-biçin sahələri Qızılqaya səmtindəki mövqelərimizin nəzarəti altında qaldı.
Beləliklə, ortaya çıxan danılmaz faktların ardınca, erməni mediası və jurnalistləri yenidən Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın üzərinə çoxsaylı suallarla axın etdilər. Lakin...
Erməni müdafiə nazirliyinin rəsmi sözçüsü nəyi etiraf etdi?
Lakin nə qədər maraqlı görünsə də, müdafiə nazirliyinin rəsmisi açıq-aşkar təhdid dilində danışdı, hətta həyasızcasına bəyan etdi ki, Azərbaycan Ordusunun hərbi uğurundan sonra, "naxçıvanlı fermerlər və çobanlar təhlükə altında qalıblar..." (?!-R.N.). Demək, A.Ovannisyanın fikirlərindən belə nəticəyə gəlmək olar ki, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarının qarşısını kəsə bilmədikləri üçün, yəni öz uğursuzluqlarını gizlətmək üçün bu dəfə mülki əhalini, çobanları və fermerləri hədəfə alacaqlarını bəyan edirlər. "Bu, o deməkidir ki, Azərbaycan Ordusu bundan sonra bir daha öz çobanlarının və torpaq işləri aparan vətəndaşlarının arxasında gizlənə bilməyəcək"-deyə A.Ovannisyan gülünc fikirlərini səsləndirib.
Erməni jurnalistinin Ovannisyana istehzası: "Demək, iddia edirsizin ki, öncə çobanlar, onların arxasınca ordu irəliləyib?"
Ancaq Ermənistanın müdafiə nazirliyinin rəsmisinin bu tipli sərsəm bəyanatı elə bu ölkənin aparıcı saytlarından sayılan "Panorama.am"ın jurnalistinin istehzasına səbəb olub. A.Ovannisyanın Naxçıvanın mülki vətəndaşlarına təhlükə yaranacağını iddia etdiyi bir zamanda erməni jurnalisti fikirlərini bu cür açıqlayıb və müdafiə nazirliyinin rəsmisinin iddiasından təəccüb etdiyini gizlətməyib. "Demək, iddia edirsizin ki, öncə çobanlar, onların arxasınca ordu irəliləyib?"-deyə erməni jurnalisti istehzalı sual ünvanlayıb. A.Ovannisyan isə öz səhvini düzəltmək üçün bildirib ki, heç də elə deyil, guya azərbaycanlı çobanlar öncə həmin ərazilərdə daha rahat hərəkət edirmişlər, hətta erməni mövqelərinin bir addımlığında mal-qara otarırmışlar və s.
Beləliklə, bununla bir daha sübut olunub ki, ermənin tərəfi öz işağlçılıq və antihumanizm prinsiplərinə sadiq qalaraq, açıq-aşkar bəyan edir ki, onlar Naxçıvanda azərbaycanlı mülki vətəndaşlara, torpaq adamlarına, çobanlara və fermerlərə atəş açacaqlar. Söz yox ki, bu düşmənin yeni taktikası deyil: Azərbaycanla olan bütün sərhəd boyu, eləcə də işğal edilmiş Qarabağda erməni hərbi birləşmələri, eyni zamanda separatçılar davamlı olaraq mülki vətəndaşlarımıza atəş açıblar, fermerlərin və s. torpaq işləri aparan insanlarımızı, hətta uşaqlarımızı qətlə yetiriblər. Bu baxımdan, A.Ovannisyanın həyasız bəyanatı erməni vəhşiliyinin rəsmi şəkildə etirafı kimi də qiymətləndirilə bilər.
Azərbaycan Ordusu Naxçıvandakı mövqelərini, eləcə də istehkamlarını möhkəmləndirmək, erməni işğalçılarını daha ağır dərs vermək üçün öz imkanından növbəti dəfə və maksimum şəkildə istifadə edə bilər
Fəqət, Artsrun Ovannisyan sözügedən bəyanatını səsləndirərkən unudub ki, Naxçıvanda əldə edilən yüksəkliklər, strateji mövqelər yalnız Areni kəndini deyil, Yerevan-Gorus-Laçın yolunu və s. məntəqələri rahat şəkildə nəzarət etmək imkanını yaradıb. Ermənilərin isə bu istiqamətlərdə mülki vətəndaşlarımızı hədəfə almaq şansları kifayət qədər azdır. Hətta bu baş verərsə, onda Azərbaycan Ordusu Naxçıvandakı mövqelərini, eləcə də istehkamlarını möhkəmləndirmək, erməni işğalçılarını daha ağır dərs vermək üçün öz imkanından növbəti dəfə və maksimum şəkildə istifadə edə bilər. Ona görə də, Ermənistanın müdafiə nazirliyinin adından danışan və rəsmi şəxs olaraq, başından böyük həyasızlıqlara rəvac verən A.Ovannisyan pafoslu fikirlərini irəli sürərkən yaxşı olardı ki, öz əsgərlərinin və əhalisinin qeydinə qalsın və bu bəyanatlarına görə peşmançılıq hisslərinə qapılmasın...
SİA