Azərbaycanlı siyasətçinin İsveç qəzetlərində məqaləsi dərc olunub
21 İyun 2018 16:10 Siyasətİsveçdə yaşayan gənc siyasətçi Turan Əliyevin yerli "Lokalpressen" və "Partille" qəzetlərində məqaləsi dərc olunub. Həftəlik 20 min tirajı olan hər iki qəzetdə məqalə "İnteqrasiya prosesinin getməsi yalnız toplumun məsuliyyəti deyil" sərlövhəsi ilə çap edilib.
"OLAYLAR"-ın xəbərinə görə, Turan Əliyev məqalədə bildirib ki, cəmiyyətdə inteqrasiyanın olması yalnız cəmiyyətin cavabdehliyində deyil, həm də fərdin cavabdehliyindədir: "Cəmiyyət inteqrasiya üçün şərait yaratmalıdır, lakin inteqrasiya olmaq üçün əsas iş fərdin üzərinə düşür. İnteqrasiya olmaq istəyi olmadığı halda, milyonlar xərclənsə belə, bu, nəticəsiz qalacaq".
Məqalədə qeyd olunur ki, gəlmələr İsveç mədəniyyətini daha çox yaxından öyrənməklə bu cəmiyyətin içində olmalıdır: "Amma bu, o demək deyil ki, vətənimizdən, mədəniyyətimizdən irsimizdən, dilimizdən və yaxud dinimizdən imtina etməliyik. Ancaq biz İsveç cəmiyyəti ilə qarşılıqlı əlaqədə olduğumuz halda daha yaxşı inteqrasiya edə bilərik".
Həmvətənimiz məqalənin sonunda inteqrasiyada uğur qazanmaq üçün öz tövsiyələrini də verib: "Sığınacaq axtaranlara məcburi sosial təhsil tətbiq edilməlidir. Dil tədrisinin keyfiyyəti artırılmalıdır. Sığınacaq axtaranlara işləmək imkanı verilməlidir".
Xatırladaq ki, Turan Əliyev İsveçin Mərkəz Partiyasının (Centerparti) üzvüdür. O, 2018-ci ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament, bələdiyyə və region seçkilərində iştirak edəcək.