Oqtay Əsədov Li Canşu ilə görüşüb
Çin Xalq Respublikasında səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb.
21 İyun 2018 13:33 SiyasətÇin Xalq Respublikasında səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb.
MM-dən "Olaylar"a verilən məlumata görə, Çin-Azərbaycan əlaqələrinin tarixi köklərinin olduğunu bildirən Li Canşu qədim İpək Yolunun hər iki xalqı sıx tellərlə bir-birinə bağladığını deyib. O, ölkələrimiz arasında əlaqələrin hazırda yüksək səviyyədə olduğunu bildirərək, bu münasibətlərin xalqlarımızın maraqlarına söykənərək qarşılıqlı faydalı şəkildə genişləndiyini diqqətə çatdırıb. Li Canşu bu yaxınlarda ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanmasını yada salaraq, bu qələbənin Azərbaycan xalqının ona olan böyük etimadının göstəricisi olduğunu deyib. Əmin olduğunu bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək. Li Canşu ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Çinə rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirən Milli Məclisin Sədri Azərbaycanın Çin ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Oqtay Əsədov Prezident İlham Əliyevin ölkələrimizi xoş ənənələrə malik dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirməsi ilə bağlı fikrini yada salaraq, hazırda əlaqələrimizin müxtəlif sahələrdə yüksək inkişaf dinamikası ilə seçildiyini diqqətə çatdırıb. İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlər zamanı əldə edilmiş razılaşmaların müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Sədr dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal siyasi dialoqun əsasını təşkil etdiyini deyib. Bu siyasi dialoq, öz növbəsində, iki ölkə arasında iqtisadi, hərbi, nəqliyyat, turizm, humanitar və başqa sahələrdə əlaqələrin genişlənməsində mühüm rol oynayır.