Normativ hüquqi aktların hazırlanmasında çeviklik təmin ediləcək
Milli Məclisin iyyunun 12-də keçirilən növbədənkənar sessiyasında "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər ikinci səsverməyə çıxarılıb.
12 İyun 2018 13:08 SiyasətMilli Məclisin iyyunun 12-də keçirilən növbədənkənar sessiyasında "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklər ikinci səsverməyə çıxarılıb.
"Olaylar" xəbər verir ki, dəyişikliklər barədə millət vəkili Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişikliyə əsasən, 70.3-cü maddə aşağıdakı redaksiyada verilib: "70.3. Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanun layihələrinə isə üç oxunuşda baxılır.".
Aşağıdakı məzmunda 76.3-cü maddə əlavə edilib: "76.3. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normative hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar (bu Konstitusiya Qanununun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir normative hüquqi akt yalnız bir normative hüquqi aktı ləğv edə bilər. Bu halda ləğv edilməli olan normative hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.".
Aşağıdakı məzmunda 83.1-1-ci maddə əlavə edilib: "83.1-1. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir.".
Dəyişikliklər ikinci səsvermədə qəbul edilib.