Paşinyan sələflərinin səhvini təkrarlayır
Sahibə Qafarova: “Ermənistan Cünnüt əməliyyatından dərs almalıdır”
11 İyun 2018 16:29 SiyasətSahibə Qafarova: "Ermənistan Cünnüt əməliyyatından dərs almalıdır"
İşğalçı dövlətin yeni baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin silh yolu ilə nizamasalınması istiqamətində aparılan danışıqların mahiyyətindən yayınaraq mövcud status-kvonu saxlamağa çalışır. Elə bu səbəbdən də heç bir əsası olmayan, bu vaxta qədər aparılan danışıqlar formatında qəbul edilməyən iddialarla çıxış edir. Məlumat üçün qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, "DQR"-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə" olduğunu; onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb. Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Paşinyan bildirib ki, Azərbaycanla danışıqları davam etdirə bilər, ancaq bunun üçün əldə olunmuş razılaşmalara riayət etmək lazımdır. Paşinyan iddia edir ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək. Siyasi və hərbi ekspertlərin qənaətinə görə, Paşinyanın bu bəyanatı status-kvonu saxlamaq və danışıqlardan yayınmaq istəyindən başqa bir şey deyil. O, bu açıqlama ilə bir daha özünün siyasi təcrübəsizliyini isbat etmiş olur. Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları qətiyyən səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb. Nəzərə almaq lazımdır ki, Paşinyan danınşıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Məhz bu səbədən onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Eləcə də, Paşinyanın ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, "sehrli çubuqla" hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir. Millət vəkili Sahibə Qafarova bildirib ki, Qarabağ münaqişəsinin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasıdır: "Ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunur və dəstəklənir. Bu gün Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması heç kimdə şübhə doğurmur. Bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır". Millət vəkili qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağda mövcud olan separatçı, kriminal rejimi tanımır: "Şübhə yoxdur ki, bütün bunlar ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiyanın parlaq nəticələridir. Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycanın işğal altındakı torpaqları azad olunacaq. Bu məsələdə Azərbaycan öz istədiyinə nail olacaq, ədalət bərpa ediləcək. Tarixi həqiqətlər, beynəlxalq hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, Azərbaycanın iqtisadi gücü, hərbi potensialı və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir". Deputat qeyd edib ki, erməni xalqı bu gerçəkliyi nə qədər tez dərk edərsə, bir o qədər onun xeyrinə olar: "Bu gün Ermənistandakı ağır böhranın kökündə bu ölkənin Azərbaycana qarşı işğalçılıq siyasəti dayanır. Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Azərbaycan torpaqlarını işğal etməsi Ermənistana heç nə qazandırmayıb, əksinə, bu dövlət işğalçılıq siyasətinin ağır fəsadlarını yaşayır. Bütün regional layihələrdən, mühüm enerji və nəqliyyat dəhlizlərindən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistan Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində dalana çevrilib. Təbii ki, bunda ölkəyə rəhbərlik etmiş kriminal ünsürlərin, o cümlədən Ermənistanın keçmiş rəhbərlərinin rolu olub". S. Qafarovanın fikrincə, ölkə prezidenti Ramazan bayramı ilə bağlı iftar mərasimindəki nitqində çox ciddi arqumentləri ilə Ermənistanın keçmiş rəhbərlərini növbəti dəfə ifşa etdi: "Dövlətimizin başçısı Ermənistanın əvvəlki hakimiyyətinin bir çox hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törətdiyini, bu kriminal, quldur rejimin yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistanın acınacaqlı vəziyyətə düşdüyünü bildirdi. Prezident İlham Əliyev dedi ki, nəhayət, erməni xalqı da anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdüb. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və onlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, tarixi gerçəkliklər əsasında həlli prosesində səmimi olaraq iştirak edəcək. Sirr deyil ki, əvvəlki hakimiyyət danışıqlarda imitasiya ilə məşğul olurdu, müxtəlif təxribat və bəhanələrlə status-kvonu saxlamağa cəhd edirdi. Amma Azərbaycanın və münaqişənin həllinə vasitəçilik edən həmsədrlərin mövqeyi bundan ibarətdir ki, status-kvo dəyişməlidir və münaqişənin həlli ilə bağlı real addımlar atılmalıdır". Millət vəkili onu da deyib ki, ermənilər və Ermənistan rəhbərliyi, Paşinyan hökuməti son olaylardan ciddi nəticə çıxarmalıdır: "Bildiyiniz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Uğurlu Aprel döyüşlərindən, Lələtəpənin azad olunmasından sonra Azərbaycan Ordusu daha bir zəfərə, daha bir qələbəyə imza atdı. Yəni, Azərbaycan Ordusu, Azərbaycan dövləti bir daha torpaqlarının işğal altında sonsuzadək qalacağına dözməyəcəyini göstərmiş, dünyaya mesaj vermiş oldu. Odur ki, dünya da, Ermənistan da bu mesajdan ciddi nəticə çıxarmalıdır. Sülh, danışıqlar limiti hələ bitmətyib, tükənməyib. Nə qədər gec deyil, ermənilər, Ermənistan rəhbərliyi bunu anlamalı və münaqişənin sülh yolu ilə həllində konstruktiv addımlar atmalıdır, yoxsa...".
Alim