Putin-Paşinyan görüşü danışıqlar prosesində real mənzərə yarada biləcəkmi?

“Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 13-də Ermənistana səfər etdikdə bu ölkənin baş naziri Nikol Paşinyanın bəyanatlarına münasibət bildirəcəklər və onun Minsk prosesinin mahiyyətinə uyğun gəlməyən format təklifinin bütövlükdə danışıqlar prosesi üçün ziyanlı olduğunu xüsusi olaraq Paşinyanın diqqətinə çatdıracaqlar”. Bu fikirləri siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

"Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 13-də Ermənistana səfər etdikdə bu ölkənin baş naziri Nikol Paşinyanın bəyanatlarına münasibət bildirəcəklər və onun Minsk prosesinin mahiyyətinə uyğun gəlməyən format təklifinin bütövlükdə danışıqlar prosesi üçün ziyanlı olduğunu xüsusi olaraq Paşinyanın diqqətinə çatdıracaqlar".

Bu fikirləri siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

"Paşinyanın bəyanatları ziddiyyət təşkil edir"

Ermənistanda baş verən son hadisələrdən sonra Nikol Paşinyanın daha öncə xüsusilə də Ter-Petrasyanla birlikdə fəaliyyət göstərdiyi zaman səsləndirdiyi bəyanatların ziddinə fikirlər bildirdiyini deyən siyasi-şərhçi söyləyib ki, əgər illər öncə o, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin zəruriliyini vurğulayır, işğal prosesinin Ermənistanın inkişafına ziyan vuracağını bildirirdisə, indi "Dağlıq Qarabağ qrupu"nun təzyiqlərindən xilas olmaq üçün tamamilə fərqli fikirlər səsləndirməyə başlayıb.

"Həmsədrlər məsələyə münasibət bildirməlidirlər"

Onun sözlərinə görə, bu yanaşma tərzi bütövlükdə danışıqlar prosesinə ziyan vurmaqla yanaşı, Azərbaycana danışıqlar prosesinə zidd bəyanatlar səsləndirən Paşinyanla Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dialoqa nöqtə qoymasına zəmin yaradır: "Bu aspektdən həmsədrlər məsələyə münasibət bildirməlidir. Qənaətimə görə, həmsədrlərin Ermənistana səfəri ilk olaraq danışıqlar prosesindəki yeni vəziyyətlə bağlı ola bilər. Ola bilsin ki, onlar sadəcə olaraq məlumat toplamaq xarakterli səfər edir, konkret olaraq danışıq prosesinin bundan sonra necə davam edəcəyi barədə rəylərini formalaşdıracaqlar".

"Hazırda danışıqlar prosesinin davam etdirilməsi üçün real mənzərə yoxdur"

E.Mirzəbəyli vurğulayıb ki, hazırda danışıqlar prosesinin davam etdirilməsi üçün real mənzərə yoxdur: "Ermənistanda ciddi hakimiyyət boşluğu var. Paşinyan proseslərə nəzarət etmək imkanına malik olduğunu nümayiş etdirmir. Ermənistanın indiki vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu işğala son qoyaraq qonşularla normal münasibətlərin qurulması olsa da, bu istiqamətdə də Ermənistanın yeni baş nazirindən ciddi irəliləyiş, hər hansı nəzərə çarpacaq addımın atılmasının perspektivləri belə görünmür. Belə olan halda, şübhəsiz ki, Azərbaycan uzun müddət Ermənistanda nə zaman sabit siyasi hakimiyyətin formalaşmasını və yaxud düşmən ölkədə ictimai rəyi istiqamətləndirə bilən siyasi liderin meydana gəlməsini gözləmək imkanında deyil. Bu prosesi uzun müddət gözləmək Azərbaycanın maraqlarına uyğun da deyil ".

Putin- Paşinyan görüşü nə vəd edir?

Gələn həftə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşə gəlincə siyasi-şərhçi deyib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov dolayısı ilə Dağlıq Qarabağın ayrıca subyekt kimi danışıqlar prosesində iştirak etməsinin mümkün olmadığını çatdırıb. Düşünürəm ki, digər həmsədrlər də bu mövqeləri bölüşəcəklər. Sözügedən görüşünün nəticəsi haqqında öncədən nəsə söyləmək çox çətindir. Çünki, Rusiya münaqişənin həllində əhəmiyyətli mövqeyə malikdir. Ermənistanda hər hansı dəyişikliyin baş verməsindən asılı olmayaraq Rusiyan bu işğalçı ölkəyə təsir imkanlarını ciddi şəkildə saxlayır və bundan sonra saxlaya biləcəyi də şübhə doğurmur. İndiki şəraitdə Rusiyadan gözlənilən Cənubi Qafqazda təhlükəsizliyin, sülhün və əmin-amanlığın təşkil edilməsi üçün münaqişələrin həllində ədalətli mövqe nümayiş etdirməsidir".

"Ermənistanın təcavüzkar mövqeyi Rusiya tərəfindən stimullaşdırılır"

E.Mirzəbəyli qeyd edib ki, əgər Rusiya yenə də ənənəsinə sadiq olaraq regionu münaqişələr vasitəsilə təzyiq altında saxlamağa çalışacaqsa, şübhəsiz ki bu da son nəticədə region xalqlarının bütövlükdə Rusiyaya qarşı ciddi etirazının ortaya çıxmasına zəmin yaradacaq. Bu etiraz təkcə Cənubi Qafqazla deyil, daha geniş coğrafiya ilə nəticələnə bilər. Rusiya özünün ənənəvi metodlarından əl çəkməyə qədər regionda Rusiyaya olan münasibətin müsbət istiqamətə doğru irəliləyə biləcəyini düşünmürəm. Bu aspektdən də qənaətimə görə Putin və Pşinyanın görüşü bütövlükdə münaqişənin həllinə hər hansı töhfə vermək imkanında deyil. çünki, burada Paşinyanla məsləhətləşmələr deyil, Moskvanın özünün siyasəti rol oynayır. Rusiya özünün siyasətində korrektələr etməyincə, Ermənistanda Paşinyan deyil, başqa biri hakimiyyətdə olsa, düşmən ölkənin təcavüzkar mövqeyində dəyişikliklər baş verməyəcək. Çünki, bu mövqe Rusiyanın özü tərəfindən stimullaşdırılır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31