“Taliban” haqqında DƏHŞƏTLİ FAKTLAR
10 İyun 2018 11:01 Siyasət"Taliban" Əfqanıstanı ən azı 50 il geri saldı. "Taliban" rejimi dövründə ictimai yerdə gülmək belə qadağan imiş. Hətta evdə belə. Özünüz düşünün, evdə gülürsünüz, qonşunuz isə "Taliban"ın adamıdır, o tez xəbərçilik edir və qanın batdı. Gülməyə görə öldürməyiblər, amma mütləq cəzalandırıblar. Ölkədə düz beş il televiziya, radio, İnternet, kompüter, mobil telefon, musiqi alətləri, şahmat, açıq rəngli nə varsa, hər şeyə qadağa qoyulub. Evlərə girib televizorları sındırıb, hətta nərdtaxtaları belə yığıb aparırmışlar. Bax, Əfqanıstanda insanlar düz beş il belə yaşayıblar, kimsəsiz adaya düşən Robinzon kimi.Kabil həm də çox çirkli şəhərdir. Təsəvvür edin, ölkə paytaxtının kanalizasiya sistemi yoxdur. Kanalizasiya suları hara gəldi axıdılır. Şəhəri az qala iki yerə bölən Kabil çayı isə böyük bir zibilxananı xatırladır. Bu çaya zibil də tökülür, kanalizasiya suları da. İtkin düşən, ya bayaq dediyimiz kimi qaçırılaraq sonradan öldürülənlərin meyitlərini də elə bu zibilxana-çayda tapmaq mümkündür. Yazda azca sulu olsa da, maydan etibarən bu çay da quruyur. Nəticədə bütün şəhəri üfunət iyi bürüyür.Kabil həm də böyük bir bazarı xatırladır. Amma çirkli, səliqəsiz, orta əsrlər bazarını. Hər yerdə, hər şey satırlar burda. Kabab bişirən kim, qril hazırlayan kim. Hələ mən müxtəlif ölkələrin valyutalarını dəyişənləri, yerdə isti təndir çörəyi, quru meyvə, tərəvəz, düyü, şirniyyat satanları demirəm. Necə deyərlər hər yerdə, hər şey satılır, alınır buralarda. İslam ölkəsi olsa da, istədiyin qədər spirtli içki də tapa bilərsən. Özbəkistandan, Tacikistandan gətirirlər. Hətta viski də tapa bilərsən. Burada çoxdan yaşayan əcnəbilər həmin mağazaların yerini əzbər bilirlər. Elə dükan sahibləri də müştərilərini yaxşı tanıyırlar. Qiymət isə çox bahadır. Yarım litrlik rus arağı təxminən 50 dollardır. Taliban bilsə partladacaq, polis bilsə tutacaq. Riskli işdir. Hətta Kabildəki "Serena" otelini restoranda spirtli içki verdiklərinə görə, partladırlar.Paytaxtda tiryəkdən tutmuş heroinə qədər hansı narkotik maddəni desən, əldə etmək olar. Və bunun üçün Kabilin kənarına filana getmək, xüsusi plan qurmağa da ehtiyac yoxdur. Spirtli içki satmağa qorxan Kabil sakini üçün, heroin satmaq daha rahatdır. Səbuhi Məmmədlinin Kabil haqqında reportajından