Arif Rəhimzadənin Rəsulzadə və Elçibəyə heykəl qoyulması təklifi alqışlandı

 

 

Deputat Arif Rəhimzadənin "Yeni Müsavat"ın ötən sayında gedən müsahibəsi ciddi maraq doğurub. Parlamentin üzvü bildirib ki, Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə və mərhum prezident Əbülfəz Elçibəyə də heykəl qoyulmalıdır.

Deputat Rəsulzadənin abidəsi qoyulmalı yer olan Bakı Dövlət Universitetinin qarşısındakı daş lövhə ilə bağlı danışıb və qeyd edib ki, yəqin hələ abidəni qoymağa imkanları yoxdur, yazıblarsa, qoyacaqlar.

A.Rəhimzadənin bu fikirləri son günlərdə "Azərbaycan dövlətini SSRİ qurub" kimi açıqlamaları səbəbindən üzərinə gələn hücumları bir qədər səngidib.

Fazil Mustafa ile ilgili görsel sonucu

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa həmkarının fikirlərini dəstəklədiyini bildirdi: "Onun yanaşması obyektivdir. Nə vaxt ki, yanaşma obyektiv olur, biz onu müsbət qarşılayırıq. Hesab edirəm ki, bu dəfə Arif bəyin fikri kifayət qədər doğrudur. Bilirsiniz, tarixlə savaşmazlar. O tarixdə bizim dəyərlər yatır. Əgər neqativ nələrsə varsa, onun aradan qaldırılmasının və bu gün müzakirə obyektinə çevrilməsinin qarşısını almağa çalışmalıyıq. Məhəmməd Əmin Rəsulzadə deyəndə, Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyini qeyd edən Azərbaycan anlaşılır. Əgər bu Cümhuriyyət yaxşıdırsa, demək, onun qurucusu da yaxşıdır. Necə olur ki, Cümhuriyyət yaxşıdır, qurucusu pisdir? Burada təəssüflər olsun ki, izahı olmayan bir yanaşma var. Əbülfəz Elçibəy milli azadlıq hərəkatının lideridir. Yaxşı, bu şəxsi prezident kimi qəbul etmirlər, idarəetmə və başqa cəhətləri ilə bağlı müxtəlif baxışlar var, amma faktiki olaraq, sovet dövründə milli azadlıq hərəkatının başqa lideri kim olub? Bu ölkə milli azadlıq hərəkatı nəticəsində bu müstəqilliyə qovuşubsa, necə olur ki, bu hərəkatı qəbul edirik, amma liderinin pis olduğunu deyirik? Davranışlar doğru sərgilənməli, izah düzgün verilməlidir. Hazırda Bakıda keflə yaşayırıq, mart soyqırımı pis olub, ermənilər bizi qırıblar, bunun da qisasını Nuru Paşa alıb. Bakını azad etmək yaxşı şeydirsə, o zaman Nuru Paşa pisdir? İki yanaşma heç bir halda mümkün deyil. Xilaskar pisdir, amma hadisənin özü əladır? Azərbaycanda belə məsələlərə o qədər məntiqsiz yanaşma var ki, biz bəlli mövqelərin formalaşmasına çalışmalıyıq. Bu kimi  məsələlərdə tarixə baxışımızda ciddi dəyişikliklər etməliyik. Arif bəy artıq o fikri dilə gətirib ki, bu addım atılmalıdır. Əks halda, tariximizə, cəmiyyətimizin gələcəyinə qarşı ciddi xəta etmiş olacağıq. Bu məsələdə artıq siyasi konyunkturanı bir kənara buraxmaq lazımdır. Addım-addım bu istiqamətdə irəliyə doğru getdikcə insanlar anlayacaqlar ki, burada qəbahət yoxdur, bu fikri dilə gətirmək olar. Əslində söhbət heykəldən getmir. Açığı, heykəl qoyulması ənənəsinin çox da tərəfdarı deyiləm. Rəsulzadənin adını bir məktəbə, küçəyə verməklə dünya dağılmayacaq, eləcə də Elçibəyin. Sağlam düşünməliyik. Burada hakimiyyətin üzərinə daha çox məsuliyyət düşür. Artıq davam edən sindromu aradan qaldırmaq lazımdır. Heydər Əliyevin Azərbaycan tarixində atdığı addımların bəlkə də ən dəyərlisi Elçibəy rəhmətə gedərkən gəlib onun tabutunun başında durması idi. Hətta ona mənfi münasibət bəsləyən şəxslərin belə həmin münasibəti müsbətə doğru xeyli dəyişmişdi. Keçmiş keçmişdə qalıb, onunla savaşmazlar. Qarşıdan Əbülfəz Elçibəyin 80 illiyi gəlir, bu yubileyin rəsmi səviyyədə qeyd olunması daha doğru olardı. Bunlar iqtidarın özünə də çoxlu dividentlər gətirər. Anlayış, düşüncə tərzi dəyişməsə, gələcəyimizdə bunlar xoşagəlməz izlər buraxacaq".

İlgili resim

Rəsulzadə Araşdırmalar Mərkəzinin rəhbəri Nəsiman Yaqublu da A.Rəhimzadənin fikirlərinə müsbət reaksiya verdi: "Bu fikirləri, sadəcə, alqışlamaq lazımdır. Çünki Arif Rəhimzadə daha çox əks mövqedən çıxış edən bir insan olub. Xüsusilə bu yaxınlarda mətbuata açıqlamasında "Azərbaycan dövlətini sovet hökuməti qurub" deyən bir şəxsin belə fikirlər irəli sürməsi, məncə, müsbət bir haldır. Ümumiyyətlə, insanların çoxunun ideoloji baxışlarında dəyişikliklər yaranmağa başlayıb. Çünki insanlar getdikcə həqiqəti bilirlər, informasiyaları çoxalır, Azərbaycan tarixinin ən şərəfli dövrü haqqında məlumatlar əldə edirlər. Bu da onların bilgilərinə, dünyagörüşlərinə ciddi təsir göstərir. Sevinirəm ki, insanlarda fikir dəyişiklikləri getdikcə yaranmağa başlayır. Onlar bir daha o həqiqəti özləri üçün qəbul edirlər ki, Azərbaycan tarixinin ən şərəfli dövrü Xalq Cümhuriyyəti dövrüdür. Dövlətçiliyimizin, parlament dəyərlərimizin və digər bu kimi müsbət şeylərimizin əsasları o dövrdə qoyulub".

Dilavər Əzimli ile ilgili görsel sonucu

Tarixçi alim Dilavər Əzimli bildirdi ki, Arif Rəhimzadəni özünəməxsus xətti olan bir insan kimi tanıyır: "Düzdür, bəzi məsələlərdə mənim də ona iradlarım olub. Amma fakt ondan ibarətdir ki, onun digərlərindən fərqli olaraq, bir yolu var və o yolla da gedir. Hesab edirəm ki, onun səsləndirdiyi fikirlər ürəkdən gələn bir istəkdir. O, adını qeyd etdiyi insanların tarixdəki rollarını qiymətləndirərək dedi ki, onlara tək qəbirüstü abidə deyil, heykəllər qoymaq lazımdır. Bu, mənə çox xoş gəldi. Onun dedikləri təqdirəlayiqdir. Şəxsən mən onu dəstəkləyirəm. Düşünürəm ki, onun kimi 5-6 nəfər də çıxış etsə, bu məsələ həllini tapar. Yuxarı dairələrdə də bu məsələ müsbət istiqamətdə gedə bilər. Görünür, orada da razılıq var. Cümhuriyyətin yüz illiyi, eyni zamanda Elçibəyin 80 illiyidir, bu il hər iki şəxsə heykəl qoyulması həm Rəsulzadəyə, həm də Elçibəyə verilmiş ən böyük qiymət olar, xalqa sevinc gətirər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31