"Erməni xalqı, gec də olsa, anladı, amma..." - Ekspert

Ermənistanın baş verən proseslərə normal adekvat reaksiyalar verib-verməyəcəyini zaman göstərəcək.

Bu sözləri açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Qarabağda əli uşaq, körpə qanına bulanmış bir rejim Ermənistanda hakimiyyəti qəsb etmişdi:

"Ermənistanda mövcud olmuş keçmiş rejimin mahiyyəti sərt fikirlərə layiqdir. Ermənistan hakimiyyəti kifayət qədər qəddar, rüşvətə, korrupsiyaya bulaşmışdı və konkret olaraq bir ölkənin vassallığını yerinə yetirmək missiyasını icra edirdi. Təbii ki, Prezident İlham Əliyev ən yüksək tribunalardan dəfələrlə bununla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı. Çox təəssüf ki, erməni xalqı, hər zaman olduğu kimi, bu məsələdə də əslində onları idarə edən rejimin mahiyyətini gec başa düşdü".

Analitik vurğulayıb ki, Ermənistan adlı marionet dövlətin mövcudluğu, dövləti idarə edən hərbi xunta iqtidarının varlığı müxtəlif xarici ölkələrin öz geosiyasi ambisiyalarını həyata keçirməsi üçün bir vasitə idi:

"Zaman gəldi və geosiyasi toqquşmalar Ermənistanda hərbi xunta rejiminin başqa bir siyasi kursla əvəzlənməsinə təkan verdi. Bundan sonra erməni xalqının nə dərəcədə əsl həqiqətləri görə biləcəyi isə sonrakı prosesdir. Amma yeni gələn rejimin də mövcud siyasəti dəyişəcəyi ilə bağlı hələ ki, müsbət təəssürat yaranmayıb. Hər halda, Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatları da normal məntiqi düşüncəyə malik deyil". 

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31