Paşinyan nə Qərbin, nə də Rusiyanın dəstəyini ala bilməyəcək

Ermənistanın inqilab yolu ilə formalaşmış yeni hökuməti çıxılmaz vəziyyətdədir. Uzun illərdir yığılıb qalmış həm siyasi, həm iqtisadi, həm də sosial problemləri həll etmək iqtidarında olmayan Paşinyan hökuməti üçün digər bir problem Dağlıq Qarabağ münaqişəsi ətrafında cərayn edən son proseslərdir. Hakimiyyəti zəbt etdiyi ilk günlərdə Dağlıq Qarabağ problemi ilə bağlı haylı-küylü açıqlamaları ilə gündəmdə qalmağa çalışan Paşinyan deyəsən nə qədər böyük səhvə yol verdiyini dərk etməkdədir. Hər halda onun problemin həllində məlumatsız olduğundan danışıqlar prosesindən yayınması, eləcə də bəzi xarici kütləvi informasiya vasitələrinin də yaydığı kimi Naxçıvan istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin öz mövqelərini möhkəmləndirməsi fonunda bunu görmək mümkündür, Təsadüfi deyil ki, artıq erməni kütləvi informasiya vasitələri də Ermənistanın hərbi müstəvidə Azərbaycana uduzduğunu yazırlar. Erməni KİV-lərinin son günlər tirajladığı yazılardan anlaşılan odur ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində mövqelərini möhkəmləndirməsi, eləcə də Azərbaycan dövlət başçısının son günlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlər işğalçı ölkə üçün ciddi təhlükə mənbəyidir. Və bu təhlükəni yeni hökumət mütləq nəzərə almalıdır.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, yaranmış mövcud durumda  Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı mövzunu dəyişməyə çalışır. Onun sözlərinə görə, Paşinyan bir tərəfdən Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirir, digər tərəfdən "danışıqlarda Qarabağ təmislçiləri də iştirak etməlidirlər, mən onların yerinə qərar verə bilmərəm" deyir: "Nikol Paşinyan bu məsələdə Qərbin, hətta güvəndikləri Rusiyanın dəstəyini ala bilməyəcək. İllərdir formalaşan format var və Paşinyanın xaricində kimsə bu formatın dəyişməsini istəmir. Paşinyan dediyindən dönməsə, ona qarşı istifadə edəcəyimiz arqument bəllidir. Birincisi torpaqlarımızı Ermənistan işğal edib, ona görə də yaxalarını kənara çəkə bilməzlər. İkincisi, münaqişənin həllinin sonrakı mərhələsində müzakirələrdə Qarabağ təmsilçilərinin iştirakı istisna olunmur, ancaq bu danışıqlarda Qarabağın erməni icması ilə yanaşı azərbaycanlı icması da iştirak etməlidir".

Politoloq deyib ki, Nikol Paşinyana bleflə məşğuldur: "O yəqin bilir ki, onun təklifi keçməyəcək, heç bu gün Ermənistanın xarici işlər naziri ilə görüşən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyana ümid yeri qoymayıb. "Əgər Azərbaycan və Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair razılığa gəlsə, biz bu qərara hörmətlə yanaşacağıq" deyən Lavrovun sözlərindən çıxan nəticə budur ki, Azərbaycan etiraz edirsə Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı mümkün olmayacaq. Nikol Paşinyanın məqsədi diqqəti həll prosesindən yayındırmaqdır. Paşinyanın iqtidarı zəifdir. Ona görə də o Qarabağ danışıqlarına hazır deyil, növbədənkənar parlament seçkisinə qədər vaxtı uzatmağa çalışır. O indiki kövrək parlamentlə ciddi addımlar atmağa risq etmir".

Elxan Şahinoğlu bu arada erməni KİV-lərinin diqqət yetirdiyi əsas mövzudan da söz açıb. Bildirib ki, ermənilər Azərbaycan ordusunun Naxçıvan istiqamətində irərliləyərək strateji təpəni ələ keçirdiyini günlərdir tirajlayır, şəkillər yayırlar: "Başqa sözlə itkilərini etiraf edirlər. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla savaşacaq halı yoxdur və ordusuna komanda versə ki, "təpəni geri alın" bu hər iki tərəfdən itkiyə, o cümlədən 2016-cı ilin aprelinin təkrarına səbəb olacaq. Paşinyan daxilən belə bir qərara hazır deyil. Buna baxmayaraq, Azərbaycan ordusunun Naxçıvanda ələ keçirdiyi təpə faktoru Paşinyanın əleyhinə işləyir. Çünki bu ciddi başlanğıca səbəb ola bilər. Onsuz da iki ölkə arasında sərhədlərin dəqiq çizgisi bəlli deyil, üstəgəl Dağlıq Qarabağın içindəki və ətrafındakı rayonların onlara aidiyyatı olmadığını özləri də anlayırlar. Demək, Azərbaycan ordusu Naxçıvan təcrübəsini hər yerdə genişləndirə bilər. Bu genişmiqyaslı müharibə deyil, strateji mövqelərin ələ keçirilməsi məqsədilə pozisiya döyüşləridir. Pozisiyalarımızı daima irəli çəkməklə düşmən üzərindəki psixoloji üstünlüyü ələ keçirə bilərik. Onsuz da bu gün Ermənistanda və Dağlıq Qarabağda hakimiyyətlər dayanıqlı deyil və bundan istifadə etmək lazımdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31