Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir

Bu mövqe beynəlxalq hüquqa əsaslanır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması iqtiqamərində aparılan danışıqlar işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən dalana dirənib. İşğalçı ölkədə hökm sürən siyasi böhran Ermənistanın danışıqlardan yayınaraq mövcud status-kvonu saxlamasına şərait yaradıb. Bu ölkədə siyasi sabitliyin nə zaman bərpa olunacağı isə hələ ki, sual altındadır. Yaranmış vəziyyət hətta münaqişənin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-i Minsk qrupunun əl-qolunu bağlayıb. Çox güman ki, sözgedən qurum Ermənistanda cərəyan edən hakimiyyət böhranını nəzərə alaraq hansısa təklif üzərində baş sındırmağı əhəmiyyətsiz hesab edir. Beynəlxalq təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri məsələyi ikili standartlardan yanaşaraq problemin həllini münqaişə tərəflərinin öhdəsinə buraxıblar. Azərbaycan isə işğal altında olan torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün təmin olunmasında israrlıdır. Lakin bütün sadalananlara baxmayaraq Azərbaycan münaqişənin həlli istiqamətində mövqeyini dəyişməyib. Yəni, münaqişə ilə bağlı Azərbaycanın mövqeyi əvvəllər olduğu kimi konstruktivdir və beynəlxalq hüquqi sənədlərə əsaslanır. Baxmayaraq ki, Ermənistan destruktiv mövqedə qalaraq status-kvonun bir qədər də davam etməsi üçün manipulyasiyalarını davam etdirir, Azərbaycan sülh danışıqlarına sadiq olduğunu dəfələrlə sübut edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın prinsipial mövqeyi dəyişməzdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dövlət başçısı müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimindəkı çıxışında da bu mövqeyin dəyişməz olduğunu bir daha təsdiq etdi: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həlli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir".

Sözün həqiqi mənasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqmətində siyasi və hüquqi zəmin mövcuddur. Sadəcə, Ermənistanın ikiüzlü siyasəti, müstəqil siyasət yürütmək imkanına malik olmaması danışıqlar prosesinin uzadılmasına səbəb olur. Danışıqların dayaq nöqtəsindən tərpənməsi üçün isə beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır. Nəhayət Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyət dərk etməlidir ki, Azərbaycan heç vaxt tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Problemin həlli Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunmasından keçir. Əslində Azərbaycanın bu mövqeyi tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, 1992-ci il mart ayının 2-də BMT tərəfindən Azərbaycanın müstəqilliyi Dağlıq Qarabağ da daxil olmaqla onun mövcud sərhədləri daxilində tanınıb. Qalır bircə beynəlxalq təşkilatlar və güc mərkəzlərinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşma prinsipinə sədaqət nümayiş etdirmələri.

Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasının tərəfdarıdı olduğunu dəfələrlə sübut edib: "Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız beynəlxalq norma və prinsiplər əsasında həll oluna bilər. Hətta bu mövqeyi beynəlxalq təşkilatlara, dünyanın siyasətini müəyyən edən dövlətlərə çatdıra bilib ki, bu da bizim çox böyük üstünlüyümüzdür. Xüsusən də son illrdə İlham Əliyev istər beynəlxalq təşkilatlar, istərsə də dünyanın aparıcı dövlətləri tərəfindən bu mövqeyin dəstəklənməsinə nail olub. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməzdir". M.Səfərli əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli ərazisidir. Bu fakt bütün dünya ictimaiyyətinə bəllidir. Odur ki, işğal olunmuş ərazilərdən erməni qoşunları çıxarılmal, Azərbaycanın ərazü bütövlüyü təmin olunmalı, qaçqınlar öz doğma yurd-yuvalarına qayıtmalıdır. Beləliklə Azərbaycanın bütün ərazilərində dövlətin suverenliyi təmin olunmalıdır. Əks halda, prezidentin bəyan etdiyi kimi Azərbaycan ordusu torpaqlarımızı işğldan azad edəcək. Onun sözlərinə görə, Azərbaycan güclü orduya, hərbi qüdrətə və insan potensialına malikdir. Azərbaycan ordusu döyüş qabiliyyətinə görə, təkcə regionun deyil, eləcə də dünyanın ən güclü 50 ordusundan biridir: "Hələ ki, Azərbaycan beynəlxalq qanunlara hörmət əlaməti olaraq dünya ictimaiyyətinə sülh tərəfdarı olduğunu sərgiləyir. Əks tədqirdə hərbi gücümüz hesabına işğal altında olan torpaqlarımızı qısa bir müddətdə geri qaytara bilərik. Ancaq nəzərə alınır ki, müharibə insan ölümü, fəlakət deməkdir, yexşı olar ki, münaqişə dinc yolla həllinin tapsın. Əslində bu mövqe haqlı və düzgün mövqedir. Məhz bu baxımdan Azərbaycan prezidentinin mövqeyi ölkə ictimaiyyəti tərəfindən dəstəklənir".      

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31