Azərbaycanın diplomatik uğurları Ermənistanı uçuruma sürükləyi
Dağlıq Qarabağ probleminin həlli istiqamətində qeyri-müəyyənlik qalmaqdadır. Cari ilin əvvəlindən işğalçı ölkədə yaşanan daxili siyasi proseslər və hakimiyyət dəyişikliyi problemin həlli istiqamətində aparılan danışıqlar prosesini demək olar ki, dalana dirəyib. Eyni zamanda inqilab yolu ilə hakimiyyəti zəbt edən Nikol Paşinyanın problemin həllində aqressivlik nümayiş etdirməsi, danışıqlar prosesindən yayınma cəhdi də tərəflər arasında müzakirələrin ertələnməsinə gətirib çıxarıb.
7 İyun 2018 15:47 SiyasətDağlıq Qarabağ probleminin həlli istiqamətində qeyri-müəyyənlik qalmaqdadır. Cari ilin əvvəlindən işğalçı ölkədə yaşanan daxili siyasi proseslər və hakimiyyət dəyişikliyi problemin həlli istiqamətində aparılan danışıqlar prosesini demək olar ki, dalana dirəyib. Eyni zamanda inqilab yolu ilə hakimiyyəti zəbt edən Nikol Paşinyanın problemin həllində aqressivlik nümayiş etdirməsi, danışıqlar prosesindən yayınma cəhdi də tərəflər arasında müzakirələrin ertələnməsinə gətirib çıxarıb. Hazırkı situasiyada Ermənistanın sərgilədiyi mövqe ondan ibarətdir ki, mövcud status-kvo saxlanılsın və danışıqlar prosesində heç bir hərəkətlilik baş verməsin. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesinin intensivləşməsi yönündə heç bir addım atmırlar. Vasitəçilərin nümayiş etdirdiyi bu mövqe isə təbii ki, işğalçı ölkənin maraqlarına xidmət edir.
İşğalçı ölkədən fərqli olaraq isə Azərbaycan hər zaman Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar prosesinə sadiqlik nümayiş etdirib və bu gün də rəsmi Bakı eyni mövqedə qalır. Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq norma və prinsiplər əsasında, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması çərçivəsində həllini tapmalıdır.
Elə ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Ramazan ayı münasibətilə verdiyi iftar süfrəsində bu məsləyə toxunaraq ölkəmizin haqlı mövqeyini bir daha bəyan edib. Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır: "Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir".
Azərbaycanın apardığı uğurlu xarici siyasət kursu və diplomatik sahədə əldə etdiyi uğurların nəticəsidir ki, artıq beynəlxalq aləm də Ermənistanın haqsız mövqedə olduğunun fərqindədir. Xüsusilə bu istiqamətdə Azərbaycan dövlət başçısının nüfuzlu beynəlxalq təşkilat və qurumların toplantılarında, BMT-nin tribunasından Ermənistan hakimiyyətini ifşa etməsi beynəlxalq səviyyədə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə yol açıb. Təsadüfi deyil ki, artıq sadə ermənilər də bu reallığı dərk edirlər. Elə işğalçı ölkədə cərəyan edən son proseslər, Sərkisyanın xunta rejiminin xalq tərəfindən devrilməsi də bunun əyani sübutu idi. Elə Azərbaycan dövlət başçısı da çıxışında bu məqama xüsusi diqqət çəkib.
İlham Əliyev bildirib ki, onun illər ərzində dediyi sözləri indi erməni xalqı deyir: "Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək".
Əvvəlki illərdə Ermənistanın üzləşdiyi diplomatik və hərbi uğursuzluqlardan yeni formalaşan hakimiyyətin nəticə çıxaracağına artıq ümid etmək olar. Çünki artıq Ermənistanda dərk edirlər ki, işğalçı ölkə bütün parametrləri üzrə Azərbaycandan geri qalır. Vəziyyətin bu cür davam etməsi Ermənistanı uçuruma aparır. Ona görə də İrəvan tez bir zamanda öz tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. Elə Azərbaycan Prezidenti də buna ümid etdiyini bildirib: "Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər".
Füzuli