Paşinyan rejimi süpürülüb atılacaq

Ermənistanda və Dağlıq Qarabağda baş verən proseslər buna doğru gedir

Ermənistanda və Dağlıq Qarabağda baş verən proseslər buna doğru gedir  

Son günlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində ermənilərin hərbi xuntaya qarşı başladıqları etiraz aksiyaları səngimək bilmir. Hətta bəzi yerlərdə artıq separatçı rejimlə əhali arasında ciddi toqquşmalarda baş verib. Həmçinin separatçı rejimdə hökumət böhranı müşahidə olunmaqdadır. Belə ki, Dağlıq Qarabağdakı qondarma qurumun "baş naziri" Araik Arutyunyan da istefa verib. Ardınca Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən separatçı rejimin milli təhlükəsizlik xidmətinin direktoru Arşavir Karamyan və onun müavini Qarik Sarkisyan, həmçinin polis xidmətinin rəisi Kamo Ağacanyan tutduqları vəzifədən istefa veriblər. Onlar istefa ərizələrini separatçı rejimin rəhbəri Bako Saakyana təqdim ediblər. Separatçı rejimin "Milli dirçəliş" partiyasının üzvü Tiqran Qriqoryan bəyan edib ki, bütün bu istefalar heç də son günlər Qarabağdakı aksiyalara görə deyil. O, "Facebook"da canlı yayıma çıxaraq Qarabağdakı ermənilərə xəbərdarlıq edib. Bildirib ki, separatçı rejimin xüsusi xidmət orqanları Bako Saakyana qarşı silahlı qiyama hazırlaşır. Odur ki, Qarabağdakı ermənilər baş verəcək silahlı üsyana hazır olmalı və onun qarşısını almaq üçün qəti şəkildə fəaliyyətə keçməlidirlər. Maraqlıdır, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağda nə baş verir? Etirazçılar doğrudanmı separatçı rejimdə yaranan vəziyyətlə barışmaq istəmirlər?  

Əvvala onu qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda məskunlaşan ermənilərin böyük bir qismi yerli ermənilər deyil, onların Ermənistandan, yaxud xarici ölkələrdən köçürüldüyü hamıya bəllidir. Bu isə onu deməyə əsas verir ki, Qarabağdakı ermənilərin təşkil etdikləri etiraz aksiyaları sosial deyil, daha çox siyasi məqsəd güdür. Düzdür, Ermənistanda və onun işğal altında saxladığı Dağlıq Qarabağda sosial-iqtisadi durum olduqca ağır vəziyyətdədir. Bu faktı Ermənistandan baş kötürüb qaçanların statistikası, beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Lakin yaddan çıxarmaq olmaz ki, hazırda Ermənistanda siyasi durum da kifayət qədər ağırdır. Başqa dövlətlər, güc mərkəzləri tərəfindən idarə olunan, alətə çevrilən ölkədə siyasi mübarizə kulminasiya nöqtəsinə çatıb. Üstəlik ölkədə siyasi azadlıqlar, insan haqları kobud şəkildə pozulmaqda davam edir. Ölkə uzun müddətdir ki, populist şüarlarla idarə olunur, erməni xalqı aldadılaraq təhqir olunur. Sadalanan faktlar hansısa etiraz dalğasının baş qaldıracağını zəruri edir.

Nəzərə almaq lazımdır ki, hazırda Ermənistanın Qərb yönümlü siyasətçi təsiri bağışlayan yeni baş naziri Paşinyan tərəfdarları ilə Rusiyapərəst sayılan Qarabağ klanına aid qüvvələr arasında  ciddi mübarizə gedir. Qarabağda təşkil olunmuş bu iğtişaşlar da eyni qüvvələr arasında gedən mübarizənin təzahürüdür.Yəni, sözügedən aksiyalarda "Qarabağ klanı"nın təmsilçiləri, keçmiş prezidentlər Sarkisyan-Köçəryan cütlüyünün barmağı var. Deməli, sözügedən etiraz aksiyaları Qarabağ klanına aid olan Köçariyan-Sarkisyan qruplaşması ilə Yerevan qruplaşması arasında gedən ciddi mübarizənin görünən tərəfidir. Siyasi ekspertləin qənaətinə görə, Qarabağ rejimi tərəfindən təşkil edildiyi şübhə doğurmayan bu aksiyalar Serj Sarkisyan tərəfdarlarının yeni baş nazir Paşinyana qarşı təşkil olunub. O da nəzərə alınmalıdır ki, Qarabağda baş verən hadisələr Ermənistanda cızılan ssenari əsasında həyata keçirilir. Lakin nəzərə alınmır ki, Ermənistanın özündə baş verən siyasi çəkişmələr əslində Qərblə Rusiya arasında Ermənistan uğrunda gedən mübarizənin tərkib hissəsidir. Qarabağda keçirilən aksiyanın Ermənistanın baş naziri Paşinyana təzyiq vasitəsi olduğunu düşünənlər də yox deyil. Bu halda iğtişaşların Qarabağda davamlı olaraq sürəcəyi təqdirdə, yeni baş nazir Paşinyanın yaxın dövr üçün qarşıya qoyduğu hakimiyyətdaxili tədbirləri asanlıqla həyata keçirəcəyi mümkünsüz görünür.

Yeri gəlmişkən Dağlıq Qarabağda baş verənlərin Ermənistanın yeni baş naziri Nikol Paşinyanın separatçı rejimi dəyişmək üçün atdığı bir addım kimi dəyərləndiriləri də haqlı hesb etmək olar. Millət vəkili Azər Badamov bildirib ki, Nikol Paşinyanın özü də aksiyalarla, ermənilərə yağlı vədlər verməklə hakimiyyətə gəlmiş şəxsdir. Amma məsələ orasındadır ki, yağlı vədlər reallıqdan uzaq olur: "Real hakimiyyətin idarə edilməsinə başlayanda Paşinyan özünün harada olduğunu dərk etməyə başlayıb və ola bilsin ki, bu gün orda oturduğuna görə təəssüf hisslərini keçirir. Çünki, dövləti idarə etmək hər Paşinyanın işi deyil. Həm də Ermənistan kimi büdcəsi boş, iqtisadi tənəzzül dövrünü yaşayan, xarici dairələdən asıllı, əhalisi səfalət burulğanında batan". Onun bildirdiyinə görə, Paşinyan hakimiyyətə gələndən sonra ayrı bir mənzərənin şahidi oldu və yeni sistemdə yeni addımlar atmağa başladı: "Bu addımlar əhalinin vergi yükünü artırmaqda, köhnə Sarkisyan rejiminin quldurlarını hakimiyyətdə saxlamaqda, hərbi gücündən xalqa işgəncə verməkdə istifadə etməsində oldu. Xüsusilə Dağlıq Qarabağda yaşayan ermənilərə münasibətdə və ordadkı Saakyanının quldur rejimi Xankəndində yenidən kütləvi narazılıqlara gətirib çıxarmışdır. Qarabağda yaşayan ermənilər necə olursa olsun Saakyan rejimindən qurtulmağının yolunu hətta Azərbaycanla yenidən birləşməkdə görürlər. Hətta etirazçıların səsləndirdiyi şüarlarda əgər Azərbaycan ordusu Xankəndinyə gələrlərsə ermənilər bizi gül-çiçəklə qarşılayacağını da deyirlər. Meydan hərəkatı heç də hakimiyyəti idarə etmək deyil. Dünya tarixində də meydan hərəkatından ölkənin rəhbərliyinə gəlmiş şəxslərin rəhbər kimi fəaliyyəti müddəti heç də uzun olmur. Düşünürəm ki, Paşinyan necə mitinqlərlə hakimiyyətə gəldisə , eləcə də yaxın zamanlarda mitinqlərlə də çox pis durumda hakimiyyətdən gedəcək. Ermənistanın sabitliyi və iqtisadi inkişafı Azərbaycanla normal qonşuluq münasibətlərindən keçir. Bunun üçün də dərhal işğala son qoymalı, torpaqlarımızı azad etməli, bizə oralarda da sosial-iqtisadi infrastrukturun yaradılmasına imkan verilməlidir. Əgər ermənilər ağıllarını başına yığıb bu istiqamətdə hərəkətə keçərlərsə təbii ki, normal insanlar kimi yaşaya bilərlər". Qeyd edək ki, iqtisadi-sosial fəlakətə düçar olmuş erməni əhalisi indi də gerçək bir hərbi-siyasi fiaskonun acısını yaşayır. Siyasi "liderlər" isə sadə ermənilərin gözünə "məxməri inqilab və demokratiyanın qalib gəlməsi" külünü  üfürməkdə davam edirlər. "Qağlıq Qarabağ" oyunu fiaskoya uğrayacağı tədqirdə isə Paşinyan rejimininin süpürülüb atacağı istisna edilmir. Ermənistanda və Dağlıq Qarabağda baş verən proseslər buna doğru gedir.  

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31