Rusiya elitası Ermənistanı və erməniləri olduğu kimi tanımağa başlayıb
6 İyun 2018 15:38 SiyasətYaxın Şərqdə cərəyan edən proseslər dünyanın diqqət mərkəzində olan ən ümdə məsələlər sırasındadır. İndi əksər ekspert və analitikləri İraqda keçirilən parlament seçkilərinin bu ölkənin həyatına necə təsir edəcəyi, eləcə də Suriya böhranının nə ilə nəticələnəcəyi düşündürür. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu da özünün ənənəvi aylıq brifinqində Yaxın Şərqdə baş verənlərə əsas diqqət çəkib. O. Bildirib ki, İraqda parlament seçkilərində İranın əleyhinə olan Müqtəda əs-Sədrin rəhbərlik etdiyi "əş-Şairun" şiə bloku qalib gəldi. Politoloqun sözlərinə görə, Müqtəda əs-Sədr İraqın dini lideri əs-Sistaniyə tam tabedir. Amma eyni zamanda o, özünü daha çox ərəb kimi dərk edir: "Səudiyyə Ərəbistanı ilə normal münasibətləri var. İranın İraqdakı iştirakının artmasına qarşı dəfələrlə etiraz edib. Hətta silahlı mübarizəyə başlamaqla hədələyib. Bu ərəfədə Suriyadan İranın çıxarılması ciddi şəkildə gündəlikdədir. İran Suriyadan çıxmayacaqsa, ABŞ Suriyanı parçalayacaq. ABŞ və İsrailin indi Suriyada apardıqları hərbi əməliyyatların əsas mahiyyəti İrana qarşıdır. Zərər çəkən isə Suriya dövlətçiliyidir. Suriyanın İŞİD-çilərdən azad olunmasında İranın rolu danılmazdır. Amma o da əvvəldən bəlli idi ki, İran Suriyada yerini möhkəmləndirdikdən sonra İsrailə qarşı mübarizəyə başlayacaqdı. Çünki Suriyanın İsraillə toxunan sərhədləri var. Rusiya prezidenti V.Putin Suriya prezidenti B.Əsədlə görüş zamanı ən birinci müzakirə olunan məsələ xarici qüvvələrin Suriya ərazisindən çıxarılması mövzusu oldu. Suriya ərazisindən çıxarılan xarici qüvvələr dedikdə ilk növbədə İran və "Hizbullah"a məxsus qüvvələr nəzərdə tutulur. Rusiya rəsmiləri bu məsələni ört-basdır etməyə çalışsalar da görüşdə iştirak etmiş Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi V.Lavrentyev açıq mətnlə bildirdi ki, ABŞ və Türkiyə qoşunları ilə yanaşı, İran və "Hizbullah"a məxsus qüvvələr də Suriya ərazisini tərk etməlidir. Rəsmi Tehran rəsmi Dəməşqin istədiyi qədər Suriyada qalacağını açıqladı. Başqa heç kim İranı buna məcbur edə bilməz. Yada salaq ki, V.Putin D.Trampla ilk görüşündə imzalanan sənəddə RF İranı Suriyadan çıxarmaq öhdəliyi götürmüşdü. İranın Suriyadan çıxarılması təkcə Rusiyanın tələbi deyil". Mərkəz rəhbəri deyib ki, rəsmi Dəməşq xarici işlər nazirinin müavininin dili ilə İranın Suriyaya dəvət olunduğunu bildirsə də, az keçmiş Dəməşq İranın hərbi təyyarələrini öz anqarlarına buraxmamaq niyyətini açıqladı: "Çünki İsrail İran təyyarələrinə hücum edən zaman Suriyanın da anqarları sıradan çıxır. İranın Suriyadan çıxarılmasının reallığına dəlalət edən III amil İsrailin mövqeyidir. İsrail Suriya qoşunlarına Suriya-İsrail sərhədini qorumağa icazə verdi. Bununla da Suriya İsraillə sərhədində baş verənlərin məsuliyyətini öz üzərinə götürmüş olur. Ola bilər ki, bu İsraildə müəyyən şəxslərin zondaj xarakterli piar aksiyasıdır. Amma kifayət qədər ciddi əsası var. İordaniyada qeyri birbaşa vasitəçiliklə İranla İsrail arasında danışıqların aparıldığı barədə informasiya sızdırıldı. İranın İordaniyadakı səfiri Mustafa Möslehzadə və Mossadın direktor müavini eyni vaxtda mehmanxanada, amma müxtəlif otaqlarda olmuşlar. İordaniyalı vasitəçi bu iki şəxs arasında fikir mübadiləsinin daşıyıcısı olmuşdu. İran Suriyanın cənubunda Deraa uğrunda döyüşlərdə iştirak etməyəcəyini vəd verib. İsrail də bu regionda "Hizbullah" və şiə polisi peyda olmayacaqsa, müharibəyə qoşulmayacağını vəd verib. İran və İsrail qısa müddət ərzində dil tapa biliblər. Bu İsrail tərəfini təəccübləndirib. Mətbuatın yazdığına görə, İran səfiri müntəzəm sürətdə öz ölkəsinin rəhbərliyi ilə məsləhətləşirmiş".
Politoloq bu arada İran iqtisadiyyatında müşahidə edilən mənfi tendensiyadan da söz açıb. Bildirib ki, İranın milli valyutası real iflasa uğradı: "Qısa müddət ərzində 1 dolların kursu 65 min realdan 90 min realadək yüksəldi. Yada salaq ki, il yarım bundan qabaq dolların qiyməti 40 min real civarında idi. Bütün bunlar İranın tarixində eyni vaxtda ilk dəfə müşayiət olunur. Bu dövr ərzində İranın yalnız bir uğuru olub. Livanda keçirilən parlament seçkilərində "Hizbullah" qələbə çalıb. Amma Livan konstitusiyasına görə "Hizbullah"ın əldə etdiyi bu qələbə ciddi dəyişikliyə səbəb olmayacaq. Yeni parlament yalnız xristianı baş nazir seçə bilər. İrana tam xidmət edən şəxsin Livanda baş nazir seçilməsi mümkün deyil. Ona görə İranın bu qələbəsini məğlubiyyətləri ilə müqayisədə ciddi saymırıq. "Hizbullah" Livandakı xristian liderləri arasında seçim edə-edə yeni parlament seçkilərinə şərait yarada bilər. Kasıb və korrupsiyalaşmış Livanda yeni parlament seçkilərində bu parlament seçkilərinin təşəbbüskarı uduzan tərəf ola bilər. İranı belə vəziyyətə gətirən ABŞ-ın sanksiyaları genişləndirməsi, D.Trampın ABŞ-ı İranın nüvə müqaviləsindən çıxarması və İsrailin Suriyada İranın obyektlərinə qarşı şiddətli müharibə aparmasıdır". Mətbuat konfransında Ermənistanda cərəyan edəmn proseslərə də toxunan politoloq deyib ki, Rusiya elitası Ermənistanı və erməniləri olduğu kimi tanımağa başlayıb: "Moskvanın Ermənistanın hərəkətlərinə verdiyi reaksiyalar fonunda Rusiya mətbuatında yazılan yazılar, məşhur populist V.Jirinovskinin və nüfuzlu populyar jurnalist, "Rosneftin" mətbuat xidmətinin rəhbəri M.Leontyevin açıqlamaları bunu deməyə əsas verir. Söhbət N.Paşinyan hakimiyyətinə neqativ münasibətdən getmir. Ermənistanda baş verənlər Rusiyadan olan analoji açıqlamalara sadəcə şərait yaratdı. Rusiyada məşhur prankerlər N.Paşinyanın adından Böyük Britaniyanın Xarici İşlər naziri B.Consonla telefonla danışması Rusiyanın elitasında Ermənistanın Qərbpərəst qəbul edilməsinin vacib göstəricilərindən biridir. Rusiyada Qərbpərəst həm də antiRusiya anlamındadır. V.Jirinovski: Ermənilər N.Paşinyanı hakimiyyətə gətirdiklərinə görə təəssüflənəcəklər. O yaxşı eləmək istəyir, amma alınmayacaq. Alınmayacaq. Əgər Ermənistan blokadadırsa, özünün heç bir resursu yoxdursa belə ölkəni çiçəklənən Ermənistan etmək mümkün deyil. M.Leontyev erməni xalqının ünvanına dediklərini bu vaxtadək o səviyyədə olan heç bir şəxs deməyib. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskov M.Leontyevin dediklərini uğursuz sözlər adlandırdı və bu fikrilərin RF-in mövqeyini əks etdirmədiyini bildirdi. Rusiyanın aparıcı mətbuatının fikrincə, Paşinyanın komandası Qərbdə təhsil almış Soros və Transparency İnternational təşkilatlarında işləmiş rusofoblardan ibarətdir. Bu arada Y.Medvedyevanın (Babasyan) məşqçisindən imtina etməsi milli zəmində ajiotaja çevrildi. Onu RF vətəndaşlığını Ermənistan vətəndaşlığına dəyişməkdə və bununla satqınlıqda ittiham edərək ölkəni tərk etməyə çağırdılar. Bənzər mövqe Rusiya rəsmiləri tərəfindən də nümayiş etdirilir. Rusiya xarici işlər nazirinin müavini Q.Karasin Ermənistanın Rusiyadakı səfiri V.Toqanyanla ikitərəfli münasibətləri Rusiya prezidenti V.Putinlə Ermənistanın baş naziri N.Paşinyan arasında Soçidə AİB müstəvisində keçirilmiş görüş fonunda müzakirə etdilər. Ehtimal ki, Q.Karasin V. Toqanyanın diqqətinə D.Tonoyanın müdafiə naziri təyin olunmasını, Ermənistanın iki nazirinin (Müdafiə və xarici işlərazirlərinin birlikdə) Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər etməsini RF-in xoşuna gəlmədiyini çatdırıb. İki erməni nazirin vəzifəyə təyin olunan kimi Naxçıvan istiqamətinə səfər etmələri təhlükəli başlanğıc idi və sonrakı hadisələrdə bunu təsdiq etdi. Rusiya XİN rəsmisi M.Zaxarova Dağlıq Qarabağ tənzimlənməsində verdiyi bəyanata əlavələri Ermənistanın maraqlarına uyğun deyil".
Mərkəz rəhbəri hesab edir ki. Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi general-mayor Yevgeni Bulavintsev Ermənistanın yeni təyin olunmuş müdafiə naziri D.Tonoyan və baş qərargahın rəisi A.Davtyanla görüşüb uzun müddətli müzakirələr apardı: "Y.Bulavintsev ehtimal ki, Rusiyanın Ermənistan üzrə hərbi siyasətinin incəliklərini hər iki erməni hərbi rəsmisinin diqqətinə çatdırıb. Məqsəd Ermənistanın yeni hərbi rəhbərliyinin "bilmədim" adı ilə Azərbaycana qarşı hərbi təxribatlar törətməsinin qarşısını almaqdır. Rusiyadan alınan silahlar Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilə bilməz, Rusiyadan alınan silah-sursatın istifadəsi ciddi nəzarət altındadır, hətta atılan patronlar barədə hesabat yazılmalıdır və s. bu kimi incəliklər mövcuddur. Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsi Ermənistandan pomidorların ixracı məsələsini siyasiləşdirməməyə çağırdı. Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya ərazisinə daxil olması yenidən problemlidir. Rusiyanın müvafiq orqanları qısa müddət ərzində Ermənistana 4 dəfə xəbərdarlıq ediblər".
Füzuli