Namiq Əliyev: “Qarabağ klanının regionda aksiyaların başlanmasında rolu istisna olunmur”

“Dağlıq Qarabağda etiraz aksiyalarının başlanmasına iki aspektdən yanaşmaq lazımdır”. Bunu “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

"Dağlıq Qarabağda etiraz aksiyalarının başlanmasına iki aspektdən yanaşmaq lazımdır".

Bunu  "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, birincisi, işğal olunan dövrdən başlayaraq, bu regionda yaşayan əhalinin sosial vəziyyəti daim pisləşməyə doğru gedib: "Halbuki, işğaladək oradakı əhalinin həyat səviyyəsi, bölgənin iqtisadi göstəriciləri yüksək olub. Dağlıq Qarabağdakı sosial vəziyyəti izlədikcə, görürük ki, qiymətlərin bahalaşması burada daimi xarakter alıb. Son bir ildə əsas qida məhsulu olan çörəyin və digər gündəlik tələbat mallarının qiyməti xeyli artıb. Bu məsələdə Ermənistan onlara kömək edə bilmir, çünki rəsmi statistikaya görə, özlərində hər üç nəfərdən biri acdır. Deməli, Dağlıq Qarabağ ermənilərinin sosial narazılığı amilini inkar etmək olmaz. Amma məsələnin ikinci tərəfi də var. Məlumdur ki, İrəvanda hakimiyyət Qarabağ klanının əlində idi, indi onları deviriblər və region nümayəndələrinin idarəetmə sistemindən təmizlənməsi prosesi başlayıb. Artıq bu adamların da Dağlıq Qarabağ əhalisinə hansısa iqtisadi yardım göstərməsi bundan sonra çox çətin olacaq. Bunu region əhalisi yaxşı başa düşür. Bu baxımdan yanaşsaq, İrəvandakı Qarabağ klanının regionda aksiyaların başlanmasında rolu istisna olunmur. Bütün hallarda, həm Dağlıq Qarabağda, həm də İrəvanda sosial-iqtisadi və siyasi vəziyyətin gərginliyi bizim xeyrimizə işləyir. Nə qədər çox erməni anlasa ki, onların ağır iqtisadi vəziyyətinin əsas günahı işğalçılıq siyasətindədir, bu, bizim üçün bir o qədər divident olacaq. Onlar da regiondakı prosesləri diqqətlə izləyirlər və nə görürlər? Ermənistandan fərqli olaraq Azərbaycan irəli gedir, dünyanın ən böyük enerji layihələrindən birinin-Cənub Qaz Dəhlizinin açılışını edir. Bir həftədən sonra isə TANAP-ın açılışını edəcəyik. Onlar isə insanlara rifah gətirən bu layihələrdən kənarda qalıblar".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31