Tapdıq Abbas: “Qarabağda keçirilən aksiyalar Paşniyana təzyiqdir”
“Qarabağ rejimi tərəfindən təşkil edildiyi şübhə doğurmayan bu aksiyalar, hər şeydən öncə, S.Sarkisyan tərəfdarlarının yeni baş nazir Paşinyana qarşı təşkil olunmuş təzyiq aksiyasıdır”. Bunu “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.
6 İyun 2018 15:04 Siyasət"Qarabağ rejimi tərəfindən təşkil edildiyi şübhə doğurmayan bu aksiyalar, hər şeydən öncə, S.Sarkisyan tərəfdarlarının yeni baş nazir Paşinyana qarşı təşkil olunmuş təzyiq aksiyasıdır".
Bunu "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.
Onun sözlərinə görə, hazırda baş verənlər Qarabağ klanına aid olan Köçariyan-Sarkisyan cütlüyünün qruplaşması ilə Yerevan qruplaşması arasında gedən ciddi mübarizənin görüntüsüdür: "Ermənistanın Qərb yönümlü siyasətçi təsiri bağışlayan yeni baş nazir Paşinyan tərəfdarları ilə Rusiyapərəst sayılan Qarabağ klanına aid qüvvələr arasında da ciddi mübarizə gedir və Qarabağda təşkil olunmuş bu iğtişaşlar da həmin qüvvələr arasında gedən mübarizənin təzahürüdür. Bu iğtişaşların Qarabağda davamlı olaraq sürəcəyi təqdirdə, yeni baş nazir Paşinyanın yaxın dövr üçün qarşıya qoyduğu hakimiyyətdaxili tədbirləri asanlıqla həyata keçirəcəyi mümkünsüz görünür. Ermənistanda baş verən bu tip hadisələr əslində, Qərblə Rusiya arasında Ermənistan uğrunda gedən mübarizənin tərkib hissəsidir. Bu mübarizədə sonda kimin qalib gələcəyi barədə qəti fikir söyləmək hələlik çətindir".
SİA