Ermənistanda və Qarabağda demokratiya tamaşaları

İşğalçı ölkənin ardınca separatçı rejim də Kremlə başağrısı yaratmağa başlayıb; Moskva "qoşa düyün"ü necə açacaq? Politoloqlardan fərqli rəylər...

İşğalçı Ermənistanda növbəti dövlət çevrilişi və bu çevriliş nəticəsində gizli qərbçi Nikol Paşinyanın hakimiyyət başına gəlməsi hələ də siyasi ekspertlərin əsas müzakirə mövzularından biridir. Təhlilçilər ən çox da həll olunmamış Dağlıq Qarabağ konflikti fonunda bundan sonra Ermənistanın yönünün hara ola biləcəyi haqda proqnoz və şərhlər verməkdədirlər. Onlardan daha bir neçəsini təqdim edirik.

"Belə görünür ki, Ermənistan özünün yeni inqilabçı baş naziri, Soçidə Serj Sərkisyan dövründəki əvvəlki Rusiya kursuna sadiqliyini bəyan edən Nikol Paşinyanın timsalında Qərbdə sarı üz çevirmə başlayır". "Yeni Müsavat"ın məlumatına görə, bu barədə rusiyalı iqtisadçı-ekspert, Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev You-Tube kanalında deyib.

Onun sözlərinə görə, Qərbə kurs götürmək kütlənin tələbi idi və Nikol Paşinyan da onu yerinə yetirir: "ABŞ və ya Avropa Birliyi ermənilərin maraqlarının, ilk növbədə də Qarabağla bağlı maraqlarının qarantı olacaqmı? Bunu yaxın zamanda görəcəyik. Ancaq Trampın bizim böyrümüzdə Rusiyaya qarşı yeni qaynar ocaq yaratmaq istəyəcəyini bilmək üçün falçıya getməyə lüzum yoxdur. Bizə təzyiq eləmək üçün o, hər şeyi edər".

Nikol Paşinyan ile ilgili görsel sonucu

Ekspert daha sonra deyib: "Mənim fikrimcə, Paşinyan ən əvvəldə istifadə elədiyi ritorikadan çəkilir. Söhbət məhz birbaşa Rusiya kursunu dəstəkləmək ritorikasından gedir. Diqqət edin, Paşinyan hökumətdə kadrları təyin edəndə Moskva ilə razılaşdırmır. Həmçinin Prezident Administrasiyasında təyinatlar və diplomatik yanaşmalar Serj Sərkisyan dönəmindən fərqli olaraq Moskva ilə uzlaşdırılmır. Odur ki, Qərbə sarı üz çevirmə baş verəcək. Rusiya indi bununla bağlı yeni siyasət qurur. Mən istisna eləmirəm ki, tezliklə Ermənistana informasiya xarakterli təzyiq başlayacaq. Ukraynaya olan kimi güclü olmasa da, kifayət qədər ciddi olacaq".

*****

"Paşinyan zəngin Qərbdən və Beynəlxalq Valyuta Fondundan "dopinq" almaq istəyir". Bunu isə rusiyalı məşhur yazar və publisist Aleksandr Proxanov "Moskva-Bakı" portalına müsahibəsində deyib. Publisist hesab edir ki, Corc Sorosun Paşinyanın kariyerasında birbaşa iştirakı inandırıcı olmasa da, yeni hökumətdəki şəxslər sırasında Sorosun adamlarının olması, sadəcə olaraq, erməni geostrategiyasının ümumi istiqamətində işarə və ya ştrixdir.

Aleksandr Proxanov ile ilgili görsel sonucu

"Paşinyan Rusiya ilə dostluq etmək istədiyini bəyan etsə də, biz hamımız anlayırıq ki, yeni liderin istiqaməti Qərbə və böyük amerikayönlü erməni lobbisinin olduğu dairəyə yönəlib. Bu dairələr istəyir ki, Ermənistan Rusiyanın ağuşundan çıxsın və Qərbə tərəf yönəlsin. Digər tərəfdən, bu dairələri, görünür, həm də dənizə və NATO sərhədlərinə çıxış maraqlandırır", - deyə Proxanov qeyd edib.

O, Paşinyanın Gürcüstan səfərinə də toxunub: "Gürcüstandakı danışıqlarının açıq hissəsi kifayət qədər neytraldır. Lakin bu danışıqların qapalı hissəsində nələr müzakirə edilib? Bəlkə də amerikalıların Gürcüstan vasitəsilə Ermənistana ekspansiyası müzakirə olunub. Paşinyanın Tiflisdə nələr danışdığını bilmək üçün zaman və kəşfiyyatın səyləri lazımdır" - o bildirib.

Proxorov həmçinin Paşinyanın Ermənistanı iqtisadi baxımdan dirçəltmək imkanlarının olmadığını deyib:"Ermənistanın iqtisadi yüksəliş imkanları yoxdur, ona görə ki, Ermənistanın potensialı yoxdur. Yeni cəmiyyət yaradıb, ona optimizm aşılamaq istəyinə ənənəvi qaydalarla çatmaq çətin olacaq. Hər bir halda Qarabağda müharibə başa çatmayıb. Nəzəri baxımdan Paşinyan Azərbaycan-Ermənistan münasibətlərini hansısa formada ölü zonadan irəliyə apara bilər. Əgər bunu edə bilsə, böyük nüfuz qazanacaq, amma hələlik bunu müşahidə etmirəm".

*****

Bu arada Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində də Ermənistandakı proseslərə bənzər proseslər baş qaldırıb. Yazı hazırlanarkən məlum oldu ki, yerli xunta rejimi etirazçıların tələbləri ilə bağlı güzəştə getməyə hazırdır. Hətta xunta başçısı Bako Saakyan deyib ki, "ehtiyac olsa o da vəzifəsi ilə vidalaşa bilər". Bundan sonra etirazlara ara verilib.

İşğal altındakı torpaqlarımızda bu etirazlar əslində separatçı rejimin işğalçı Ermənistanın bir hərbi-siyasi əlavəsi olduğuna şübhə yeri saxlamır. Bəs proqnozlar nə deyir? Baş verənlərin pərdəarxasındakı hədəflər nədir?

"Qarabağdakı hadisələr onu göstərir ki, artıq Ermənistanda başlayan proseslər işğal olunmuş ərazilərimizdə də davam edir". "Yeni Müsavat"ın məlumatına görə, bunu axar.az-a-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

"Birincisi, etirazlar yaxşı təşkil olunub və onların məqsədləri var. Ancaq burada bir məqamı yada salmalıyıq. Bako Saakyan vaxtilə Ermənistanın təhlükəsizlik xidmətini Moskvada təmsil edib. Yəni o, xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı olub və Rusiya dairələrinə çox yaxındır və Moskva tərəfindən ona etibar böyükdür. İndi Qarabağda Saakyana qarşı başladılan hadisələr onu göstərir ki, artıq Ermənistanda başlayan proseslər işğal olunmuş ərazilərdə də davam edir. Bu da təbiidir, çünki eyni siyasi, iqtisadi və hərbi strukturları olan ərazilərdir. Onlar bu ərazini separatçı rejim adlandırırlar, ancaq bütün bunlar həqiqəti gizlətmək üçün istifadə edilən vasitələrdir. Qarabağdakı aksiyalar nəticəsində ruslara və Qarabağ klanına aid şəxslərin ardıcıl şəkildə hakimiyyətdən uzaqlaşdırılcağını düşünürəm. Bu proses davamlı olacaq" - Zülfüqarov qeyd edib.

Politoloqun sözlərinə görə, Rusiya Dağlıq Qarabağdakı proseslərə ciddi müdaxilə etməyəcək: "Çünki artıq Rusiya Ermənistana marağını itirib. Moskva bu və ya digər şəkildə İrəvandan uzaqlaşmaq istəyir. Əslində ermənilər son olaylarla Rusiyanın əlinə yaxşı bəhanə vermiş oldu. Ümumiyyətlə, proseslər göstərir ki, Ermənistanda və işğal olunmuş ərazilərdə idarəetmə sistemi böhran vəziyyətindədir. Təbii ki, belə olan halda da dövlət funksiyalarını həyata keçirən təşkilatların imkanları ciddi şəkildə azaldılacaq".

*****

Lakin bir qisim ekspertlər Moskvanın hələ ki gözləmə mövqeyində durduğuna və kritik məqamda "düyməyə" basacağına əmindirlər. Onların qənaətincə, Ermənistan Rusiya üçün hər şeydən öncə mühüm forpostdur və onu elə-belə Qərbə, ABŞ-a, NATO-ya peşkəş etməyəcək.

Bir şey dəqiqdir ki, artıq separatçı rejim də Ermənistanın ardınca "demokratiya oyunu" ilə, "insan haqları" tamaşası ilə Kremlə başağrısı yaratmağa başlayıb. Moskva "qoşa düyünü" aça biləcəkmi, yoxsa onları kəsməli olacaq?..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31