“Pepsi” Dağlıq Qarabağda fəaliyyət göstərir? — Deputat şirkəti məsələyə aydınlıq gətirməyə çağırdı

"Transmilli şirkətlərin, həmçinin "Pepsi" şirkətinin Azərbaycanın işğal altında olan ərazilərində hər hansı formada fəaliyyət göstərməsi yolverilməzdir".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib. 

Deputat deyib ki, bəzi dövlətlərin Ermənistanla müqayisədə Azərbaycana ikistandartlı mövqe nümayiş etdirməsi ölkələr arasında mövcud olan əlaqələrin ruhuna ziyan vurur:

"Çox təəssüf ki, biz bir sıra hallarda Azərbaycana qarşı qərəzli münasibətlərin şahidi oluruq. Ancaq eyni zamanda işğalçı Ermənistana qarşı bu cür dəstəkləri müşahidə edirik. Azərbaycan tərəfi olaraq biz daim çalışırıq ki, bu cür hallara qarşı öz mübarizəmizi aparaq və qarşı tərəfin haqsız olduğunu sübut edək".

Xankəndində keçirilən kütləvi etiraz aksiyaları zamanı "Pepsi" şirkətinin reklam görüntülərinin üzə çıxması məsələsinə də toxunan E.Səlimov "Pepsi" şirkətini sözügedən məsələyə aydınlıq gətirməyə çağırıb:

"Təbii ki, mən bu cür halları pisləyirəm və "Pepsi" şirkətini həmin məsələ ilə bağlı izahat verməyə çağırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31