Rusiya Paşinyanı nəzarətdə saxlayır

İnqilabçı liderin Qərbə meyillənmək cəhdi Kremli narahat edir

İnqilabçı liderin Qərbə meyillənmək cəhdi Kremli narahat edir

Hakimiyyəti zəbt etdikdən sonra onu idarə etmək bacarıq və qabiliyyətində olmadığını dərk edən inqilabçı baş nazir Nikol Paşinyan çıxılmaz vəziyyətdə qalıb. Baş nazir postuna sahib çıxan ilk gündən Dağlıq Qarabağ problemi barədə sərsəm açıqlamalar verərək kütlənin nəbzini tutmağa çalışan Nikol real iş görməyə gələndə, danışıqların bərpa edilməsi məsələsi aktuallaşanda nə qədər bacarıqsız və siyasi cəhətdən kasad biri olduğunu sabiq prezident Serj Sərkisyandan kömək istəməklə ortaya qoymuş oldu. Belə ki, xəbərlərdən də aydın olduğu kimi Nikol Paşinyan Dağlıq Qarabağ problemi barədə daha ətraflı bilgi əldə etmək və əvvəlki danışıqlar masasında hansı təkliflərin olduğunu bilmək üçün sabiq prezident Serj Sərkisyandan ona kömək etməsini xahiş edib. Təbii ki, Serj Sərkisyan da Nikola yardım etməkdən imtina edib. Belə bir vəziyyətdə isə Paşinyan ümid çırağı kimi sabiq prezident Levon Ter-Petrosyanı görüb. Elə qarşı tərəf də deyəsən Nikolun bu davranışdan razı görünür. Hər halda uzun müddət siyasi səhnədə passiv biri kimi görünən Petrosyanın Paşinyan inqilabından sonra aktivləşməsi və Nikolun hərəkətlərinə bəraət qazandırması belə deməyə əsas verir. Elə ekspertlər də hazırda Paşinyan-Petrosyan müttəfiqliyinin müşahidə edildiyi qənaətindədirlər.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə,  Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 2008-ci il prezident seçkisindən sonra təxminən 10 ili idi ki, kənara çəkilmişdi, nə açıqlama verir, nə də ölkədəki siyasi proseslərə qarışırdı: "Deyirdilər ki, hətta ağır xəstəliyə düçar olub və sağlığının hayındadır. Ancaq "xəstə" adlandırılan Levon Ter-Petrosyan Nikol Paşinyan baş nazir olandan bəri rəsmən dirçəlib və keçmiş şagirdinə yol göstərir, nəyi necə etməyi ona dolayı yollarla izah edir. Başqa sözlə Levon Ter-Petrosyan Paşinyanın xaç atasına çevrilib və şagirdini hər cür təhlükədən qorumağa çalışır. Məsələn Nikol Paşinyan mitinq və küçə yürüşləri vasitəsilə Serj Sərkisyanı devirib hakimiyyətə gəldikdən sonra özünün də başı dərdə girdi, hər şəhərdə və az qala hər məhəllədə müxtəlif tələblərlə mitinq və küçə yürüşləri başladı. Bu zaman Levon Ter-Petrosyan açıqlama verərək, bu mitinq və yürüşlərin xaos və anarxiyaya çevrilə biləcəyini dedi. Bundan sonra baş nazir Nikol Paşinyan da eyni sözləri təkrarladı. Və ya Dağlıq Qarabağda da bir neçə gündür etirazlar var. Yenə Levon Ter-Petrosyan sinəsini qabağa verərək "etirazların davamı Dağlıq Qarabağ üçün təhlükə yarada bilər, bunu dayandırmaq və sakit şəraitdə müzakirələr aparmaq lazımdır" dedi. Bu dəfə də onun şagirdi müəllimin yolu ilə getdi, oxşar açıqlama verərək Dağlıq Qarabağdakı etirazı danışıqlar yolu ilə yoluna qoyulmasına çağırdı". Elxan Şahinoğlu bildirib ki, Levon Ter-Petrosyan atalıq qayğısını Paşinyandan əsirgəmir: "Bu gedişlə Paşinyan yaxın gələcəkdə parlamentdə çoxluğu necə əldə etməyin yollarını da Levon Ter-Petrosyandan öyrənməyə çalışacaq. Mümkündür ki, Ermənistanda parlament seçkisi öncəsi Levon Ter-Petrosyan özünün lideri olduğu hərəkatı və müttəfiqlərini Nikol Paşinyanın ətrafında birləşməyə çağıracaq. Levon Ter-Petrosyan vaxtilə Qarabağ separatçılarının - Robert Köçəryanın və Serj Sərkisyanın Ermənistandakı ağalıqları ilə bacarmadı, onları məğlub edə bilmədi, heç olmazsa Nikol Paşinyana dəstək verməklə bu işə son vermək istəyir".

Mərkəz rəhbəri onu da qeyd edib ki, hazırda Paşinyanın Qərbə meyillənməməsi üçün Rusiya Ermənistanı ciddi nəzarət altında saxlayır. O, qeyd edib ki, Rusiyanın Ermənistandakı yeni səfiri Sergey Kopırkin iyunun 4-də etimadnaməsini Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyana təqdim etməklə bu ölkədə rəsmən fəaliyyətə başlayıb: "Maraqlıdır ki, Rusiyanın Ermənistandakı səfir postu cəmi ay yarım boş qalıb. Bundan əvvəlki səfir İvan Volınkin Ermənistanı aprelin ortalarında tərk edib. İndi gəlin xatırlayaq Rusiyanın Azərbaycandakı səfir postu neçə ay boşdur - düz 6 ay! Keçmiş səfir Vladimir Doroxin Bakını noyabr ayında tərk edib. Yeni səfiri Mixail Boçarnikovu isə Rusiya prezidenti Vladimir Putin bu ayın əvvəlində təsdiq edib və səfir hələ etimadnaməsini Bakıda təqdim etməyib. Söhbət ondan getmir ki, Rusiya Azərbaycanda səfir postunu çox boş saxlamamalıdır. Əsas məsələ odur ki, Rusiya Azərbaycanda bir müddət səfirsiz keçinə bilir, Ermənistanı isə uzun müddətə nəzarətdən kənar qoymaq istəmir".

Göründüyü kimi Paşinyan sevincək ələ keçirdiyi hakimiyyəti idarə etməkdə əvvəlki hakimiyyətlər kimi müstəqil deyil. Eyni zamanda onun siyasi9 dünyagörüşünün zəifliyi Nikolu çətin vəziyyətə salır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31