Qabil Hüseynli: “Azərbaycan istədiyi an hərəkətə keçə bilər”
“Qərb strukturları Paşinyan rejiminə sanki müəyyən vaxt verməyi qərarı alıb. Ermənistanda yeni siyasi rejiminin oturuşmasını, vəziyyətə tam nəzarət etməsini gözləyirlərmiş kimi hərəkət edirlər. Bu nöqteyi-nəzərdən də danışıqlar prosesini bərpa etməyə tələsmirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
4 İyun 2018 14:37 Siyasət"Qərb strukturları Paşinyan rejiminə sanki müəyyən vaxt verməyi qərarı alıb. Ermənistanda yeni siyasi rejiminin oturuşmasını, vəziyyətə tam nəzarət etməsini gözləyirlərmiş kimi hərəkət edirlər. Bu nöqteyi-nəzərdən də danışıqlar prosesini bərpa etməyə tələsmirlər".
Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi bu barədə XİN rəhbərləri səviyyəsində onlara müəyyən bir xəbərdarlıq etdi: "Onlar bu danışıqlar prosesinin yeniləşəcəyini və bərpa olunacağını vəd etsələr də hələ ki, bu istiqamətdə praktiki addımlar atmağa tələsmirlər. Üstəlik də Rusiya tərəfinə də Azərbaycan tərəfindən müəyyən iradlar bildirilib. Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni XİN rəhbərini Moskvaya dəvət etdi və onunla danışıqlar apardı. O isə mətbuata bəyanatında bildirdi ki, "biz danışıqlar prosesini davam etdirəcəyik, danışıqların tərəfdarıyıq. Lakin bunun üçün tələsməyə ehtiyac yoxdur". Belə görünür ki, bütövlükdə Dağlıq Qarabağa dair danışıqlarda müəyyən irəliləyişlər əldə etmək yolunda qərəzli maneələr qalmaqdadır".
Q.Hüseynli əlavə edib ki, kimlərsə Azərbaycanı qəsdən məsələnin hərb yolu ilə həllinə istiqamətləndirmək istəyir: "Dağlıq Qarabağla bağlı məsələlərdə, xüsusən Dağlıq Qarabağın hüdudlarından kənardakı işğal olunmuş ərazilərin azad edilməsi məsələsində Azərbaycana heç kim irad tuta bilməz. Azərbaycan istədiyi an bu məsələdə hərəkətə keçə bilər. Amma hər halda Azərbaycan da danışıqlar metodunu sınaqdan keçirmək istəyir. Düşünürəm ki, bu məsələdə ermənilər Serj Sarkisyanın dövründəkindən daha destruktiv mövqe nümayiş etdirməkdədirlər".