Azad iqtisadi zona xüsusi qaydalarla fəaliyyət göstərəcək
“Bu məsələdə mənafeyimizə, Konstitusiyamıza zidd ola biləcək heç nə yoxdur”
1 İyun 2018 11:33 Siyasət"Bu məsələdə mənafeyimizə, Konstitusiyamıza zidd ola biləcək heç nə yoxdur"
Milli Məclisin yaz sessiyasının mayın 31-də keçirilən sonuncu plenar iclasında "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda dəyişik edilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi çox mühüm sənəd olduğu üçün normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir. Dəyişikliyə əsasən, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanuna aşağıdakı məzmunda 5.4-cü maddə əlavə edilib. Əlavəyə görə, "5.4. Ələt azad iqtisadi zonasının ərazisində "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.". Qeyd edək ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun 5-ci maddəsi "Bu Konstitusiya Qanununun tətbiq dairəsi" adlanır. Millət vəkili Qüdrət Həsənquliyev isə hesab edir ki, normativ hüquqi aktlarla bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişiklik ölkə Konstitusiyasına ziddir: "Ələt azad iqtisadi zonası haqqında" qanun müzakirə olunarkən mən söyləmişdim ki, belə bir azad iqtisadi zonanın yaradılması Azərbaycan üçün son dərəcə həyati əhəmiyyətli məsələdir. Bunu alqişlamışdım, o cümlədən qanun layihəsinin müəlliflərinə də öz dərin təşəkkürümü bildirmişdim. Amma eyni zamanda söyləmişdim ki, qanunda müəyyən müddəalar Azərbaycan Respublikasının Konstitusuyası ilə ziddiyyət təşkil təşkil edir. Konstitusiyanın 147-ci maddəsinin 3-cü hissəsinə görə, Azərbaycanda qanunvericilik sisteminin əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Konstitusiyanın 94-cü maddəsində Milli Məclisin müəyyən etdiyi qaydalar əksini tapıb. Həmin qaydalara görə, əmək qanunvericiliyi, ekoloji məsələlərlə bağlı qaydaları müəyyən etmək yalnız Milli Məclisin səlahiyyətinə aiddir. Biz indi bu Konstitusiya qanununa düzəliş etməklə əslində hətta Azərbaycan ərazisinin bir hissəsində olmuş olsa belə səlahiyyət veririk ki, azad iqtisadi zonanın səlahiyyətli qurumu belə bir ümumi qaydalar müəyyənləşdirsin. Mən söylədim ki, bu Konstitusiyaya ziddir və Milli Məclisin səlahiyyətlərinə birbaşa müdaxilədir. Eyni zamanda, komitənin iclasında da məsələ qaldırdım və orada söylədim ki, tutaq ki, ekologiya, əmək qanunvericiliyi, əmək mübahisələrinin həlli ilə bağlı bizim bu gün qüvvədə olan qanunvericiliyimizdə nələr çatışmır, nələr beynəlxalq standartlara uyğun deyil? Əgər uyğun deyilsə və azad iqtisadi zonanın səlahiyyətli qurumunda olacaq şəxslər bu məsələlərdə doğrudan da Milli Məclisin üzvlərindən daha hazırlıqlıdırlarsa, qoy öz təkliflərini versinlər və biz də qüvvədə olan qanunvericilik aktlarına həmin dəyişiklikləri edək. Hörmətli Valeh müəllim həmin iclasda dedi ki, əslində bizim mövcud qanunvericiliyimiz də beynəlxalq standartlara uyğndur, amma həcmi böyük olduğuna görə, onu heç bir xarici investor oxumayacaq. Qanunun həcmi böyükdürsə, gəlin həmin investorlar üçün qanundan çıxarışlar edək. Qoy həmin çıxarışlarla tanış olsunlar. Amma hesab edirəm ki, bütünlüklə Milli Məclisin həll etməli olduğu məsələlərin ayrıca bir quruma verilməsi doğru deyil. Əgər ehtiyac varsa azad iqtisadi zonadakı səlahiyyətli qurumun hazırladığı qaydaları biz Milli Məclisdə təsdiq edə bilərik. Yəni bu məsələnin həllinin yolu budur. Amma azad iqtisadi zonadakı səlahiyyətli quruma ümumi qaydalar müəyyən etmək səlahiyyəti vermilməsi düzgün deyil. Tutaq ki, orada işçilər üçün üstünlüklər müəyyən olunacaqsa, qoy bu elə Azərbaycanən hər yeri üçün olsun. Orada ekoloji baxımdan daha ciddi qanunlar qəbul olunacaqsa, o zaman elə millət vəkilləri də daxil olmaqla Azərbaycanın digər vətəndaşları üçün, digər bölgələrdə də ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı qanunlar qəbul edilsin. Yox, əgər pis olacaqsa, o zaman biz niyə buna imkan veririk? Bu baxımdan hesab edirəm ki, bütün dünyada azad iqtisadi zonalarda əsasən diqqət yetirilir ki, xarici investor ora niyə vəsait qoyur. Müyyənləşdirilir ki, xarici investor üçün hansı vergi güzəştləri nəzərdə tutulur, yaxud tamamilə vergidən, gömrük rüsumundan azad olunur. Tutaq ki, öz mallarının Azərbaycanın digər bölgəsinə satılması ilə bağlı güzəştlər nəzərdə tutula bilər. Amma bir daha söyləyirəm, müəyyən olunan ümumi qaydalarla, əmək hüququları, ekologiya, əmək mübahisələrinin həlli ilə bağlı orada güzəştlər nəzərdə tutula bilməz". MM sədrinn müavini Valeh Ələsgərov isə qeyd edib ki, Azərbaycan ictimaiyyəti bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq: "Nə "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsində, nə də "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda Azərbaycanın mənafeyinə, ölkə Konstitusiyasına zidd heç nə yoxdur. Qoy bunu bütün ictimaiyyətimiz də bilsin ki, onların mənafeyinə toxunacaq heç nə yoxdur. Əksinə, bom-boş ərazidə Azərbaycanın iqtisadiyyatına töhfə verə biləcək bir azad iqtisadi zona yaradılır və bununla da bağlı qanunvericilik qəbul edirik. Mənafeyimizə, maraqlarımıza, Konstitusiyamıza zidd ola biləcək heç nə yoxdur. Axı, investor qapı-qapı düşüb gəzməyəcək ki?! Nə etməliyiksə, biz etməliyik, qanunvericiliklə tənzimləmələyik. Məqsdəd bundan ibarətdir, yəni, investor üçün əlverişli mühit yaratmaq".
Nurlan