Dağlıq Qarabağ məsələsində aktiv qeyri-müəyyənliyi Ermənistan üçün ciddi problem yaradır
31 May 2018 13:39 SiyasətZor yolu ilə hakimiyyəti zəbt edən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi sərsəm və aqressiv bəyanatlar işğalçı ölkənin bir daha mahiyyətini ortaya qoyur və İrəvanın problemin sülh yolu ilə həllinə maraqlı olmadığını təsdiqləyir. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Ermənistan baş nazirinin son açıqlamalarına münasibət bildirərkən qeyd edib ki, Nikol Paşinyan Dağlıq Qarabağ mövzusunu bilmədiyini etiraf edir. Onun sözlərinə görə, Paşinyan yalnız bu məsələdən ötrü hakimiyyətdən qovduğu Serj Sərkisyanla görüşməyə hazır olduğunu bildirib: " Serj Sərkisyanın Nikol Paşinyana Dağlıq Qarabağ tənzimlənməsində məsləhət verməməsi faktdır. Səbəbi də aydındır. Serj Sərkisyanın bu vaxtadək Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı dedikləri həqiqətdən uzaq idi. Heç bir sənəddə "Artsax xalqı", "Dağlıq Qarabağ ermənisi" adlı termin yoxdur. Heç bir sənəddə Dağlıq Qarabağ ermənilərinə müstəqilliyin verilməsi nəzərdə tutulmayıb. Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə həll edəcəklər. Dağlıq Qarabağ ətrafındakı 7 rayon şəksiz Azərbaycana qayıdır. Nikol Paşinyanı aldatmağın mənasız olduğunu başa düşən Serj Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsindəki həqiqətin ATƏT Minsk Qrupu vasitəsilə çatdırılmasını məsləhət bilir. Həm də Nikol Paşinyan Serj Sərkisyana qarşı yeni əks təbliğat kampaniyasına başlaya bilərdi". Politoloq deyib ki, Nikol Paşinyan danışıqları yalnız Ermənistanın adından aparacağını bildirib: "Bu rəsmi Bakının mövqeyinə tam uyğundur. Rəsmi Bakı üçün Dağlıq Qarabağ münaqişəsinin adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağ probleminin həll olunması hələ Ermənistanla Azərbaycan arasındakı bütün problemlərin həlli deyil. Dağlıq Qarabağ problemi Ermənistan və Azərbaycan arasında olan çoxsaylı problemlərdən yalnız biridir. İrəvan, Zəngəzur, Göyçənin qaytarılması, Ermənistan SSR-dən deportasiya olan azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması, Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtması, iki ölkə arasında iqtisadi və regional əməkdaşlıq məsələlərinin həlli və s. Ona görə Nikol Paşinyan özünə məxsus mərhələli həll variantı təklif edir. Nikol Paşinyan Ermənistan ordusunun təchizatının bərbad vəziyyətdə olduğunu açıqladı. Qarabağ klanın 20 illik hakimiyyəti Ermənistan ordusunu hətta alt paltarla təmin edə bilməyib".
Mərkəz rəhbəri deyib ki, Ermənistanın digər rəsmilərinin bəyanat və davranışları da bir-birinə oxşardır: " Ermənistan Xarici İşlər Nazirliyi qısa pauzadan sonra xeyli aktivləşdi. Baş nazirin məlumatsızlığını və ordunun vəziyyəti barədə açıqlanan yeni məlumatları nəzərə almadan Ermənistandakı inqilabın Ermənistanı guya gücləndirdiyinə əsaslanaraq Dağlıq Qarabağın ermənilərinin danışıqlara tərəflər kimi qoşulması ideyasını aktuallaşdırdı. Ermənistan XİN rəhbərliyinin Dağlıq Qarabağ danışıqlarının gedişindən xəbərsiz olduğu üzə çıxdı. Ola bilər, bəlkə də saxta vətənpərvərlik mövqeyinə söykənirlər. Yeni təyin olunan müdafiə və xarici işlər nazirləri öz aqressivliklərini orijinal formada ortalığa qoydular. Hər ikisi Qərbpərəst olan bu nazirlər Dağlıq Qarabağda Ermənistanın uduzacağını əvvəlcədən özləri üçün müəyyənləşdiriblər deyə hadisələrin ağırlıq mərkəzini Dağlıq Qarabağdan Ermənistanın Azərbaycanla dövlət sərhədinin Naxçıvan hissəsinə keçirdilər. Həm də Qərbpərəst nazirlərin fikrincə, Naxçıvan istiqamətində təxribat törətməklə Rusiyanı cəzalandıra və bununla da Qərbin xoşuna gələ bilərlər".
Mübariz Əhmədoğlu deyib ki, prezident Armen Sərkisyan müşaviri, əslən Dağlıq Qarabağdan olan separatçı Tevan Poqosyanın dili ilə Dağlıq Qarabağ danışıqlarını aparmaq səlahiyyətini baş nazir Nikol Paşinyana məxsus olduğunu bildirdi: "Bununla da T.Poqosyan prezident A.Sərkisyanı Ermənistan üçün mənfi danışıqlardan sığortaladı. Bəlkə də T.Poqosyan N.Paşinyanın bacarıqsızlığını nəzərə alaraq onun Azərbaycanla danışıqları aparmağı tövsiyə edir. Ermənilər yaranmış vəziyyətdə minimum 3 məsələyə fikir versələr özlərinin faydasına olar. Nikol Paşinyanın yaratdığı hakimiyyət dəyişikliyi beynəlxalq aləmdə Dağlıq Qarabağ mövzusunda aktivlik yaradıb. Bu Serj Sərkisyanın dövrü ilə müqayisədə prinsipial fərqdir və fərq Ermənistanın əleyhinədir. Ermənistanın daxili prosesləri sabitləşməyib. Nikol Paşinyanın inqilab zamanı verdiyi bəyanatlarla indiki mövqeyi arasında fərq bəzən 180 dərəcə olur. Jirayr Sefilyanın və Samvel Babayanın tərəfdarlarının aktivliyinin azalması qeyri-mümkündür. N.Paşinyanın komandası onun erməni xalqının ideallarına xəyanət etdiyini göstərdi. 27 yaşlı gənc nazir hərbi xidmətdə olmayıb. Elə onun indi də hərbi xidmət yaşıdır. Qəribə vəziyyət yaranır. Sağlamlığına görə hərbi xidmət edə bilmir, amma nazir işləyə bilir. Hər halda erməni xalqı buna göz yumacaqsa belə xalq daha pislərə layiqdir". Mərkəz rəhbəri onu da deyib ki, Ermənistanın konstitusiya dəyişikliklərinin danışıqlara imitasiya yaratmaq resursları həmişə bizim diqqətimizdə olub: "Ümumiyyətlə, Serj Sərkisyanın danışıqlara Dağlıq Qarabağ əsilli erməniləri daxil etmə cəhdləri həmişə bizim tərəfdən izlənilib və müvafiq addımlar atılıb. Bununla da S.Sərkisyanın bu yönümlü variantları neytrallaşdırılıb. İndi də Ermənistan tərəfdən baş danışıqçının kim olmasına uyğun Azərbaycan tərəfdən adekvat qərar qəbul ediləcək. Ölkə prezidentinin danışıqlarda iştirak etməsi heç də məcburiyyət deyil. Prezident İ.Əliyev ermənilərlə danışıqlar aparmağı hansısa yüksək çinli rəsmiyə həvalə edə bilər. Bu onun konstitusion hüququdur. İ.Əliyev danışıqları Dağlıq Qarabağ mənşəli Azərbaycan rəsmilərindən birinə də həvalə edə bilər. Müstəqil Ermənistanın tarixində ilk dəfədir ki, onun başında oturan şəxslər ermənistanlıdırlar. Söhbət Armen Sərkisyan və N.Paşinyandan gedir. L.Ter-Petrosyan Suriya ermənisi, R.Köçəryan və S.Sərkisyan isə Dağlıq Qarabağ erməniləri idilər. Ermənistan Respublikasının coğrafi bütövlüyünü qorumaq A. Sərkisyan və N.Paşinyan üçün ən ümdə vəzifə olmalıdır".
Füzuli