Deputatdan ÜDM-lə bağlı etiraz
31 May 2018 13:24 Siyasət"Nə qədər ki, bankların sağlamlaşdırılmasına nail olmamışıq ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) artımında problemlər olacaq".
"Olaylar"ın məlumatına görə, bunu "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin Iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, ÜDM-də artımın azalması kredit qoyuluşunun azalması ilə izah edilir:
"Kredit qoyuluşun azalmasının əsas səbəbi isə ölkədə bank sistemində yaranmış ciddi problemlərlə bağlıdır. Bu gün ölkədə 30 bank fəaliyyət göstərsə də, onlardan ancaq 4-5-də tam kapitallaşma həyata keçirilib. Yerdə qalan banklarda kapitallaşma prosesi getməyib. Necə deyərələr 25-dək bankda sağlamlaşdırma prosesi baş verməyib. Banklarda sağlamlaşdırma prosesi baş verməyənədək ÜDM-in artımına nail ola bilməyəcəyik".
Deputat ÜDM-də artımın azalmasını vergi güzəşti ilə izah olunmasına da etiraz edib. "Əvvəlki illərdə də vergi güzəşti olub, ancaq artım yuxarı səviyyədə olub". Deputat mənzil-kommunal sahəsi ilə bağlı büdcədə əksini tapan məsələlərə də aydınlıq gətirib. Bildirib ki, bu sahədə ümumiyyətlə şəffaflıqdan danışmağa dəyməz.