Beynəlxalq ekspert: “Rusiya proseslərdə əsas oyunçulardan biridir”
31 May 2018 12:04 Siyasət"Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüşünün baş tutub-tutmaması ilə bağlı yalnız rəsmi məlumatı gözləməliyik. Bu məsələnin birinci tərəfi. Lakin bu kimi formatda görüşlər olub. Yəni bunun baş tutması mümkün ola bilər".
Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, bir neçə il bundan qabaq Soçi şəhərində üçtərəfli görüş baş tutmuşdu: "Ümumiyyətlə, bir çox məsələlər Ermənistanın mövqeyindən də asılıdır. Çünki Azərbaycan tərəfi artıq öz mövqeyini ortaya qoyub. Bildiyiniz kimi atəşkəs rejiminə rəsmi Bakı əməl edir. Ancaq Ermənistan tərəfi bununla razılaşmır və qeyri-konstruktiv mövqe nümayiş etdirib. Yəni biz bunu həmişə müşahidə etmişik. Ona görə də necə deyərlər top Ermənistan tərəfindədir. Təbii ki, Rusiya da bu proseslərdə əsas oyunçulardan biridir. Rəsmi Moskvanın burada mövqeyi vacibdir".
Qeyd edək ki, son günlər Ermənistan mətbuatında Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüş keçirəcəklərinə dair xəbərlər yayılıb. Rusiyalı politoloq Maksim Mayorov isə bildirib ki, üçtərəfli görüş bu il ərzində baş tutacaq.