“Boçarnikovun səfir təyinatı ermənipərəst qüvvələri məyus edib” – ekspert

Putinin Azərbaycana göndərdiyi səfir kimdir?

Mayın 29-da Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

M.Boçarnikov 7 fevral 2018-ci il tarixinədək Rusiyanın Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib. Qeyd edək ki, 2009-cu ildən Rusiyanın Bakıdakı səfiri postunu tutan Vladimir Doroxin 2017-ci ilin noyabrında tutduğu vəzifədən azad edilmişdi və son 6 ayda Azərbaycanda Rusiyanın səfiri yox idi. Səfir vəzifəsini müvəqqəti işlər vəkilinin icra etdiyi bildirilirdi.

Mediada ara-sıra məlumatlar yayılırdı ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana sərt münasibəti ilə seçilən birisinin səfir göndərilməsinə çalışır və bir dəfə onun cəhdi uğursuzluqla nəticələnib. Rusiya mediasında yayılan məlumatlarda deyilirdi ki, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsi Rusiya Xarici İşlər Nazirliyi Kadrlar Departamenti direktorunun müavini Georgi Zuyevin Azərbaycana yeni səfir təyinatını bəyənib. Lakin Azərbaycan ermənipərəst mövqedə olduğu deyilən Zuyevin namizədliyini qəbul etməyib.

Səfir təyinatının yubanmasında bu amilin də rol oynadığı ehtimal edilirdi.

Nəhayət, Mixail Boçarnikovun təyinatı və bu diplomatın Azərbaycana münasibətinə gəlincə, ekspertlər bildirir ki, səfir   Lavrovun deyil, birbaşa Putinin seçimidir və Cənubi Qafqazı yaxış bilən diplomatdır.

Politoloq Elşən Mustafayev "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, Mixail Boçarnikov  kifayət qədər təcrübəli və stajlı diplomatdır. Diplomatik karyerasının bir hissəsi Afrikada keçsə də böyük bir hissəsi Qazaxıstanda 12 il səfir olmaqla keçib. Sonradan Gürcüstan-Abxaziya konfliktin həllində səlahiyyətli səfir olub. Bütün bunlar onun sıradan bir diplomat olmadığının Orta Asiya və Qafqazı tanıyan, konfliktləri bilən birisinin olduğunun göstəricisidir: "Amma Rusiya diplomatiyasında olan özəlliklər Qərb diplomatiyasından kəskin fərqlənir. Onlara öz istədikləri kimi fəaliyyət göstərməyə, xüsusi icazə olmadan münasibətlərə xələl gətirən addımlar atmağa qəti olaraq icazə verilmir. Rusiyanın xarici ölkələrdə olan səfirləri Kremldə hazırlanan siyasətin, direktivlərin həyata keçirilməsində yardımçı funksiyaları həyata keçirməklə məşğuldurlar. Hər hansı özfəaliyyət və ya fəaliyyətdə imporvizələr imkansızdır. Odur ki, hesab edirəm Rusiya-Azərbaycan münasibətlərinin necə olacağı səfirin şəxsi keyfiyyətlərindən yox,  Kremldən asılıdır. Rusiya Azərbaycanla münasibətlərinin pis olmasını istəmir. Yəni pis olan münasibətlər iki ölkəni bir-birindən daha da aralı salır ki, əslində bu Azərbaycana xeyirdir. İkincisi də Rusiya-Azərbaycan diplomatik münasibətlər tarixində səfirlərin və xarici işlər nazirinin rolu  böyük olmayıb. Protokol qaydaları istisna olmaqla, əlaqələr araçı olmadan çox vaxt dövlət və hökumət rəhbərləri arasında birbaşa olub. Ona görə də  Rusiya səfiri istəsə belə mövcud münasibətlərin pozulması ilə bağlı, Azərbaycanın maraqlarına zidd  real işlər görə bilməz. Əgər bu münasibətlərin pozulmasını rəsmi Kreml  istəmirsə".

Siyasi analitik Yeganə Hacıyeva isə bildirdi ki, Rusiya prezidenti Azərbaycana Rusiyada erməni təbliğatı və ermənipərəst dairələrdə fəaliyyəti müşahidə olunmamış, Mərkəzi Asiya üzrə və Cənubi Qafqazda konfliktlərin həll üzrə ixtisaslaşmış diplomatı səfir təyin edib: "Mixail  Boçarnikovun təyinatı Lavrovun öz  istəyinə çatmaması sayıla bilər. Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və enerji mərkəzi kimi bu regionun əsas və aparıcı dövlətidir. Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsindən fərqli  olaraq  regiondakı güclər arasında balanslı siyasət yürüdərək, öz milli maraqlarına uyğun müəyyənləşdirdiyi müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirir. İqtisadi və enerji  layihələrində Qərbin əsas tərəfdaşı olsa da  Azərbaycan beynəlxalq siyasi  müstəvidə qonşuları olan Rusiya və İrana qarşı sanksiya kampaniyalarında iştirak etmədi. Qərbin Rusiya ilə eks-xəfiyyə Skripalın zəhərlənməsi ilə başlanan xüsusi xidmətlər  böhranı  ilə əlaqəli  bitərəf mövqe tutdu, xüsusilə Yaxın Şərq siyasətində balanslı və ehtiyatlı yanaşma sərgiləməsi, Rusiya üçün  müəyyənedici şərt olan Suriyanın legitim prezidentinin və hökumətinin istefaya getməsini tələb edən qlobal siyasi koalisiyada yer almadı, xarici siyasi-təhlükəsizlik  prioritetində isə NATO ilə  üzvlüyü durmur.

Belə olan halda, Rusiya Azərbaycana münasibəti yaxşı olan diplomatı səfir göndərməli idi. Bu təyinat Rusiyadakı ermənipərəst dairələri məyus edib.

Mixail Boçarnikovun təyinatının müsbət hal olmasına əminliyimi möhkəmləndirən bir məqamı xatırlatmaq istəyirəm. Türkiyə səmasında 2016-cı ildə "SU-24" təyyarəsinin vurulması ilə Türkiyə-Rusiya münasibətlərində yaşanan böhrandan sonra bu münasibətlərin bərpasında Qazaxıstanın  rolu və bu prosesdə Rusiyanın bu ölkədəki səfiri kimi Mixail Boçarnikovun müsbət  rolu olmuşdu. Bu üzdən Rusiyanın Azərbaycana yeni səfiri kimi Mixail Boçarnikovun təyinatının  Lavrov da daxil, Rusiya siyasi elitasındakı ermənipərəst qüvvələri məyus etdiyinə əminəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31