İsa Həbibbəyli: "İbrahimbəyovun xalq yazıçısı adını daşımağa mənəvi haqqı yoxdur"
30 May 2018 18:00 Siyasət"Yaradıcı adam üçün Vətən və milli maraq hər şeydən üstün olmalıdır. Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmində nəinki Vətən idealı yoxdur, hətta milli maraq da açıq-aşkar kobud şəkildə tapdalanıb. Bu, xalq yazıçısı adı ilə heç cür bir araya sığmır".
Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, ümumiyyətlə, Rüstəm İbrahimbəyov bütün fəaliyyəti boyu həmişə Azərbaycan cəmiyyətində yalnız neqativ hallar axtarıb, inkişafımızı görmək və göstərmək istəməyib: "Sadəcə onun əsərlərindəki tənqid uzun müddət ədəbiyyatçılar tərəfindən keçmiş sovet hakimiyyətinə yönəldilmiş kəskin münasibət kimi yozulub. Əslində isə o, həmin uydurma bəhanə ilə daim öz ölkəsini və xalqını həmişə aşağılayıb. Xalq və Vətən anlayışı Rüstəm İbrahimbəyovdan çox uzaq olan keyfiyyətlərdir. "Qafqaz üçlüyü" də onun mənsub olduğu xalqdan tam uzaq düşməyinin, düşmənə xidmət göstərməsinin açıq ifadəsidir".
İ.Həbibbəyli qeyd edib ki, Azərbaycana, öz xalqına münasibətdə radikal bir erməni ilə Rüstəm İbrahimbəyovun mövqeyi eynidir: "Açıq görsənir ki, Rüstəm İbrahimbəyov Ermənistanın, erməni dairələrinin rəğbətini qazanmaq, erməni lobbisindən ianə qopartmaq üçün canfəşanlıq edir. "Qafqaz üçlüyü" filmi xalqını təhqir edən Rüstəm İbrahimbəyovun heçliyini və puçluğunu ekrana çıxarır. Belə bir addımın xalq yazıçısı adını daşımağa mənəvi haqqı qətiyyən yoxdur".
SİA