Ağ Evdən Azərbaycana dəstək

Artıq bir neçə ildir ki, daha dəqiq desək Donald Tramp Birləşmiş Ştatlarlı prezidenti seçiləndən sonra Vaşinqtonla Bakı arasındakı münasibətlərdə yeni bir mərhələ başlayır desək yanılmarıq. Hakimiyyətinin ilk günlərindən Birləşmiş Ştatların xarici siyasətində bəzi dəyişikliklərin ediləcəyi mesajını verən Trampın ötən müddət ərzində atmış olduğu addımlarda bu özünü göstərir. Uzun illər düşmən münasibətdə olan Şimali Koreya ilə münasibətlərin normallaşmasına doğru atılan addımlardan tutmuş Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi, İranla gərginliyin yenidən artması kimi proseslərin hamısı məhz yeni Ağ Ev rəhbərinin xarici siyaasət sahəsində etdiyi yeniliklərin tərkib hissəsi idi. Trampın xarici siyasətdə önəm verdiyi regionlardan biri də Cənubi Qafqaz regionudur ki, Ağ Ev rəhbərinin prezident kimi fəaliyyətə başladığı ilk günlərdən bu müsbət tendensiya özünü göstərir. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, okeanın o tayından Cənubi Qafqaz regionuna olan maraqda Azərbaycan xüsusilə diqqət çəkir. Hər halda Birləşmiş Ştatların prezidenti kimi Donald Trampın bir neçə dəfə Azərbaycan dövlət başçısına məktub ünvanlaması və hər dəfə də ikitərəfli əməkdaşlıq və bu əməkdaşlığı daha da inkişaf etdirməkdən məmnunluq ifadə olunması deyilənlərin sübutudur. Onu da qeyd edək ki, son bir ay ərzində Birləşmiş Ştatlar prezidenti artıq ikinci dəfədir ki, azərbaycanlı həmkarına məktub göndərir.

Son vaxtlar Vaşinqtonla Bakı arasında inkişaf etməkdə olan münasibətləri şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin sədri. Politoloq Elxan Şahinoğlu deyib ki, Amerika prezidenti Donald Trampın ikinci məktubu da Azərbaycana yetişdi. O, qeyd edib ki, Ağ Ev sahibi prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edib: "Ötən dəfə olduğu kimi Donald Trampın bu təbrik məktubu ilə ötən ilin eyni vaxtına göndərdiyi məktubu müqayisə etdim. Ötən il də Tramp İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi münasibətilə təbrik etmişdi. Xatırlayırsınıza Trampın Cümhuriyyət bayramı ilə bağlı İlham Əliyevən göndərdiyi builki məktubuyla ötən ilki məktubu müqayisə etdikdə önəmli fərqi vurğulamışdım. Ağ Ev sahibi ötənilki məktubunda sadəcə Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə ümidini vurğulamışdı. Cümhuriyyətimizi təbrikiylə bağlı builki məktbunda isə çox önəmli cümləyə yer vermişdi: "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq". Bu cümlə üzərində hələ də baş sındırırıq ki, Tramp "yaxın aylar" və "yeni imkanlar" dedikdə nəyi nəzərdə tutub? İndi keçək Trampın sərgiylə bağlı məktublarının müqayisəsinə. Tramp budəfəki məktubunda ancaq enerji məsələlərinə toxunub, Trampın məktubundakı aşağıdakı cümlələr də bundan xəbər verir:

"Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir"; "Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir"; "Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm"; "Böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə əməkdaşlıq etmək əzmindəyəm".

Bəs Donald Tramp sərgiylə bağlı ötən il göndərdiyi məktubda nələri vurğulamışdı?. Politoloq deyir ki, Ağ Ev sahibi ötənilki məktubunda da enerji əməkdaşlığının əhəmiyyətini vurğulayırdı: "Sadəcə, ötən il hələ Cənubi Qaz Dəhlizinin tikintisi davam edirdi, ona görə də bu nəqliyyat xəttinin üzərində xüsusi dayanmamışdı. Budəfəki sərgidə isə Cənubi Qaz Dəhlizininin birinci mərhələsi tamamlanıb və Azərbaycan qazı Türkiyəyə istiqamətlənib. Donald Trampın ötən ilki təbrikində ən diqqətçəkən cümlə bu idi: "ABŞ məhkəmə sistemində islahatlar, demokratiyanın inkişafı sahələrində Azərbaycanla əməkdaşlığa hazırdır". Builki təbrik məktubunda belə bir cümlə yoxdur. Görünür, bu o deməkdir ki, Ağ Ev sahibi Azərbaycanla əməkdaşlıqda diqqəti "məhkəmə sistemində islahatlara" və ya "demokratiyaya" yönətlmək istəmir. Trampın hansısa ölkədə demokratiyanı inkişaf etdirmək və məhkəmə islahatları sürətləndirmək kimi dərdi yoxdur. Bunu onun il yarımlıq prezidentliyi də göstərir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31