ABŞ-ın regiona marağı artır

Azərbaycan bu sırada öndə gəlir

Azərbaycanın beynəlxalq münasibətlər sistemi və xarici siyasət sahəsində atdığı addımlar, həyata keçirdiyi uğurlu siyasət kursu Bakının həm regionda, həm də beynəlxalq aləmdəki yeri və rolunu əhəmiyyətli dərəcədə artırır. Məhz həyata keçirilən məqsədyönlü xarici siyasətin nəticəsidir ki, bu gün əksər ölkələr Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, Bakının regional güc olduğunu qəbul edirlər. Müntəzəm olaraq ölkəmizə müxtəlif dövlət və hökumət başçılarının səfərləri, Azərbaycanın bilavasitə təşəbbüskar və iştirakçısı olduğu regionla və qlobal əhəmiyyətli layihələrə göstərilən diqqət, verilən dəstək bütün bunlardan xəbər verir. Elə bu günlərdə baş tutan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi də bunu bir daha təsdiqləmiş oldu. Azərbaycan, eləcə də Avropa üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin rəsmi açılış mərasimində Birləşmiş Ştatlar, Böyük Britaniya və digər bu kimi dünya nəhənglərinin təmsil olunması məhz Azərbaycana verilən dəyərin göstəricisi sayıla bilər.

Son vaxtlar Azərbaycana olan beynəlxalq maraq müstəvisində Birləşmiş Ştatların Bakıya olan ilgisi də diqqət çəkir. Ümumiyyətlə isə Donald Trampın Birləşmiş Ştatlar prezidenti seçilməsindən sonra Vaşinqtonda Bakıya qarşı əvvəlki illərdən fərqli olaraq isti münasibət özünü göstərir. Ağ Ev rəhbərinin bir neçə dəfə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı təbrik məktubları, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Bakının rolunun xüsusi qeyd olunması, ən son Cənubi Qaz Dəhlizinin rəsmi açılışında Vaşinqtonun da yüksək səviyyədə təmsil olunması fonunda bunu görmək mümkündür.  Okeanın o tayından Bakıya qarşı nümayiş etdirilən bu xoş niyyət təbii ki, Azərbaycan dövləti, rəhbərliyi tərəfindən də təqdir edilir, müsbət qiymətləndirilir. Həmçinin bu münasibətə qarşı rəsmi Bakı tərəfindən də xoşniyyətli adekvat addım atılır. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən gün Cənubi Qaz Dəhlizi layihəsinin rəsmi açılış mərasimində çıxışında da bunu aydın görmək mümkün idi. Dövlət başçısı çıxışı zamanı Birləşmiş Ştatlara xüsusi təşəkkürünü ifadə edərək bildirib: Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və "Cənub Qaz Dəhlizi" layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynayıb".

Onu da qeyd etmək yerinə düşər ki, Birləşmiş Ştatlar tərəfindən Azərbaycana olan maraq təkcə Ağ Ev administrasiyası səviyyəsində deyil. Eləcə də Amerikanın digər rəsmi qurumları, Konqres və Senatı da müntəzəm olaraq Azərbaycanla əməkdaşlığın qarşılıqlı faydalı anlaşma prinsipinə əsaslandığı barədə açıqlamalar, bəyanatlarla çıxış edirlər. Bu günlərdə Birləşmiş Ştatlar Konqresində

Azərbaycanla bağlı bəyanat səsləndirilən bəyanat fonunda bunu görmək mümkündür. Qeyd edək ki,

Konqresin Nümayəndələr Palatasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı qəbul etdiyi bəyanatda bildirilir ki,  28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Demokratik Respublikasının əsasını qoyub"
Bəyanatda Azərbaycanın 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olduğu və ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətlərinə malik olduğu diqqətə çatdırılır.

ABŞ-ın Avropadakı müttəfiqlərinin və İsrailin enerji təhlükəsizliyinin və enerji təminatının diversifikasiyasının təmin edilməsində Azərbaycanın əsas rola malik olduğu və Cənub Qaz Dəhlizində liderliyi bəyanatda vurğulanıb.

Bəyanatın sonunda bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin bu 100 illik yubileyində iki ölkə arasında strateji münasibətlərə və davamlı dostluğa görə ABŞ Azərbaycana minnətdardır.

Bütün bu münasibət və yanaşmalar belə bir mövqe formalaşdırır ki, Birləşmiş Ştatların Cənubi Qafqaza, xüsusilə Azərbaycana olan marağı nəzərəçarpacaq dərəcədə artmaqdadır. Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, Birləşmiş Ştatların Cənubi Qafqaza xüsusi diqqqəti artır. Politoloq deyib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın və dövlət katibi M.Pompeonun Cümhuriyyət bayramı münasibəti ilə dövlət başçısı İlham Əliyevə ünvanladıqları təbrik məktubunda Qarabağ münaqişəsinin həllini xüsusi olaraq vurğulamaları və həll prosesinin tezləşdirilməsini qeyd etməsi bunu göstərir: "Qeyd edim ki, Ermənistanda inqilabla hakimiyyətin dəyişməsi və Birləşmiş Ştatların yeni hakimiyyətə maliyyə və siyasi dəstəyi, həmçinin Gürcüstanın ərazi bütövlüyü ilə bağlı dövlət katibi M.Pompeonun tam dəstəyinin ifadə olunması, Qarabağ münaqişəsi ilə bağlı Azərbayacana verdikləri mesaj əsasən regionda artıq ABŞ-Rusiya siyasi qarşıdurmasına aparır. Görünən odur ki, Birləşmiş Ştatlar regionda Rusiyanı tədricən sıxışdırmağa başlayır və həll edici siyasi mərhələyə başlamağı planlayır. Ona görə də Qarabağ konfliktinin həllini önə çəkir".

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ağ Ev Tiflis və Yerevanda Rusiyadan kənar fərqli siyasilərin hakimiyyətdə olmasına diqqət çəkərək çalışacaq ki, münaqişlərin həllinə töhfə versin: "Həmçinin ölkəmizin manevr siyasəti, Birləşmiş Ştatların regionda Bakı ilə sıx işləməsinə əlavə imkanlar yaradır. Vaşinqtonda hesab edirlər ki, Cənubi Qafqazda güclənmək üçün ilk növbədə burada konfliktlərin ədalətli həllini sürətləndirsinlər və Yerevanda formalaşan Paşinyan hokumətinə böyük maliyyə dəstəyi göstərməklə Rusiyanın təsirini azaldaraq mümükün Qarabağ danışıqlarında real nəticələrə aparan irəlləyişlərə nail olsunlar. Amma Vaşinqtonun hazırkı məqamda işğalçı ölkəyə böyük maliyyə dəstəyi münaqişənin həllinə ciddi mane yaradır və rəsmi Yerevanın sərt ritorikasına kompromissiz mövqe siyasət ortaya qoymasını şərtləndirir. Ona görə də Birləşmiş Ştatların təcavüzkar bir ölkəyə maliyyə yardımı səhv addımdır. Rəsmi Bakı Vaşinqtonla diplomatik danışıqlar aparmalı, bu maliyyə yardımını o şərtlərlə verilməlidir ki, Yerevan işğal olunmuş ərazilərlə bağlı ədalətli danışıqlara başlasın. Əgər, Birləşmiş Ştatların ayıracağı maliyyə yardımı regionda Rusiyanın təsirini zəiflətməyə və Qarabağ konfliktinin həllinə apara biləcək səylərin dəstəklənməsinə yönəlməyəcəksə, işğal və Rusiyanın təsiri regionda qalacaq. ABŞ, Cənubi Qafqzda möhkəmlənmək siyasi kursu götürürsə, ilk növbədə Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmalıdır. Çünki, Rusiyanı regionda Ermənistanın işğal faktoru saxlayır. Hər halda Birləşmiş Ştatlar rəsmləri bunu bilir və hazırda siyasi hərəkətəlilik bundan irəli gəlir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31