Azərbaycan inkişaf etmiş sosial dövlətə çevrilib

İlham Əliyev: "Bütün bunların təməlində həm bizim siyasətimiz, həm də iqtisadi gücümüz dayanır"

Azərbaycanda həyata keçirilən müvafiq islahatlar nəticəsində ölkə iqtisadiyyatının nəinki dayanaqlığı təmin olunub, hətta dinamik iqtisadi inkişafa nail olunub. Son rəsmi statistik göstəricilər  və beynəlxalq qiymətləndiricilərin açıqlamaları deməyə əsas verir ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrndə uğurlu naliyyətlər əldə edilib. Təkcə onu demək kifayətdir ki, son on beş ildə ölkədə kənd təsərrüfatı, sənaye sahəsi, ümimiyyətlə qeyri-neft sahəsində xeyli artım baş verib. Bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı tamamilə aradan qaldırılıb. Etiraf edilməlidir ki, hətta iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə belə dinamik  inkişaf  qeydə alınmayıb. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə prezident İlham Əliyev qeyd edib ki, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir - Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır və bu, dünya miqyasında analoqu olmayan inkişafdır: "Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır".

Məlumat üçün qeyd edək ki, Azərbaycanın iqtisadi inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər il dərc olunan hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısı da qeyd edib ki, bizim iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir: "Rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünya miqyasında 35-ci yerdədir, inkişafda olan ölkələr arasında inkişafa görə üçüncü yerdədir. Bunu biz demirik, bunu dünyanın birinci iqtisadi forumu olan Davos İqtisadi Forumu deyir. Yəni, bu güclü iqtisadiyyat imkan verir ki, biz Azərbaycanda istənilən sosial layihəni, infrastruktur layihələrini icra edək və edirik. Azərbaycan sosial dövlətdir. Sosial sahəyə ayrılan diqqət imkan verir ki, bir çox sosial problemlər öz həllini tapsın, o cümlədən sosial infrastrukturla bağlı olan layihələr. Son 15 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox Olimpiya mərkəzi tikilib. Bütün bunların təməlində həm bizim siyasətimiz, həm də iqtisadi gücümüz dayanır. Biz təbii resurslarımızı - nefti insan kapitalına çevirmişik. Bu istiqamətdə işlər davam edir və davam edəcəkdir. Biz ölkəmizin müstəqilliyini gücləndirən güclü infrastruktur yaratmışıq. O infrastruktur ki, bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək. Demək olar ki, bütün əsas infrastruktur layihələrini sıfırdan yaratmışıq".

Etiraf edilməlidir ki, son illərdə dünya miqyasda müşahidə edilən bir sıra arzuolunmaz tendensiyalara - ayrı-ayrı ölkələrdə ciddi fəsadlara yol açan qlobal maliyyə-iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, Azərbaycan dinamik sosial-iqtisadi inkişaf templərini ardıcıl şəkildə davam etdirib. Hazırda dünyadakı gərginliklərə baxmayaraq, respublikamız nümunəvi inkişaf modelinə malik ölkə qismində çıxış edir. Mİllət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. Z.Səmədzadə bildirib ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi dövlət başçısının daim diqqətindədir. Onun sözlərinə görə, bu istiqamətdə yeni iqtisadi islahatlar paketi reallaşdırılır: "Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib və lisenziyaların elektron qaydada verilməsi üçün "Lisenziyalar və icazələr" portalı istifadəyə verilib, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb, özəl bölmənin payı artaraq ÜDM-də 84 faizi, məşğulluqda isə 75 faizi ötüb, 90 mindən çox müəssisə yaradılıb".

O da qeyd edilməlidir ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları və onlara əlavə edilmiş çoxsaylı əlavələr qəbul olunaraq icra edilib. Məhz sözügedən layihələr və dövlət proqramlarının icrası nəticəsidə Azərbaycanda işsizliyin səviyyəsi minimuma endirilib. Sosial layihələrin icrası nəticəsində ölkədə minlərlə yeni müəssisə yaradılıb. Nəticədə son 15 il ərzində yoxsulluğun səviyyəsi 5 faizə enib. Bu faktlar isə özlüyündə Azərbaycanda uğurli iqtisadi siyasətin həyata keçirildiyini deməyə əsas verir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31