Əli Kərimlinin 5 min dollar “etirafı”
30 May 2018 10:23 SiyasətHüquq-mühafizə orqanlarının rəsmi məlumatındakı 412 min dollar söhbəti AXCP liderini niyə narahat edib?
AXCP üzvləri arasında yeni həbslər var. Baş Prokurorluqdan musavat.com-a verilən məlumata görə, prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb.
Belə ki, Rusiyada yaşayan S.Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə "Sahibkarlıq fəaliyyəti haqqında" qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya ərazisində təbliğat aparıb.
S.Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan C.Hüseynov, R.İsgəndərov, H.Əhmədov və T.Mehdixanov vasitəsilə V.Rüstəmliyə çatdırılmasını təmin edib. V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib A.Məhərrəmov, R. Nəsirov və B.Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə, 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunub.

Həmin xüsusatlar S.Rüstəmov, V.Rüstəmli, C.Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunub, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib.
İş üzrə dindirilmiş B.Həsənov, R.Nəsirov, A.Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün S.Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini V.Rüstəmlidən qəbul edib, Əli Kərimli və digər şəxslərə verdiklərini bildiriblər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb.
S.Rüstəmov, V. Rüstəmli, A.Məhərrəmov, R.Nəsirov, B. Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqdan gizləndiyi üçün E.Əlisoy barəsində axtarış elan olunub.

Təqsirləndirilən şəxslərin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan müdafiə, hüquqi yardım almaq və sair hüquqları tam təmin olunub.
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar isə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.
Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bəyanatda əsas diqqətçəkən AXCP lideri Əli Kərimlinin təqsirkar şəxs qismində adları keçən üzvlərlə birlikdə isminin ön sırada gəlməsidir. Doğrudur, Ə.Kərimli 412 min ABŞ dolları ittihamını qəbul etmir, amma beş min dollar aldığını etiraf edir: "Saleh Rüstəmli ilə dostam, eyni əqidəni paylaşırıq. Düzdür, uzun illərdir ki, görüşmürük, ancaq biz dostuq. Saleh bəy uzun illərdir ki, Rusiyada kiçik bizneslə məşğuldur. Ötən bir neçə ilin ərzində mənə yardım məqsədilə bir neçə dəfə pul göndərib. Bəzən 500 dollar, bəzən 1000 dollar olmaqla. Pul təmənnasız verildiyindən dəqiq hesabatını aparmamışam. Ancaq təqribən 5 min dollar yardımdan söhbət gedə bilər. Xəbərdə yaydıqları 412 min dollar ağ yalandır, söhbət bu məbləğin haradasa, 100-də birindən gedir. Əlbəttə, mən Saleh bəyin biznes məqsədilə kimlərə nə alıb-verdiyini bilmirəm, ancaq mənə edilən yardım, bir daha vurğulayıram ki, təqribən 5 min dollar ətrafında olub".
Məlumat üçün bildirək ki, aprelin 22-də Türkiyədə saxlanılaraq, Azərbaycana ekstradisiya edilən biznesmen, sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevin istintaqda bir sıra şəxslərin adını çəkdiyi barədə iddialar səslənirdi. "Quska"nın həbsindən yarım ay sonra AXCP üzvü Mirfeyzulla Seyidov (səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılıb) həbs edilib. Mayın 12-də isə bu ittihamlarda baş rolda adı keçən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov saxlanıldı. Hər iki şəxsin Ə.Kərimliyə ölkə kənarından gələn pulların çatdırılmasında əsas rol oynadıqları üçün həbs edildiyi barədə iddialar səsləndi. Son həbslər isə bu iddiaların doğru olduğu ehtimallarını artırıb.