İbrahimbəyovun “triosu” ilə bağlı Gürcüstan rəhbərliyinə müraciət edildi
30 May 2018 08:49 SiyasətEtimad Əsədov: "İbrahimbəyovun etdiyi, sadəcə, şərəfsizlikdir";
Şeyx Əbdül Mahmudov: "Erməni kinoçuları da bu filmi tənqid edib"
Rüstəm İbrahimbəyovun ssenaristi olduğu "Qafqaz üçlüyü" filmi mətbuatda və sosial şəbəkələrdə hələ də müzakirə mövzusudur. Müzakirələrdə qeyd olunur ki, Dağlıq Qarabağ mövzusunun adı belə keçməyən filmdə azərbaycanlılar ermənilərlə müqayisədə vəhşi, qəddar, qorxaq, ermənilər isə əksinə, ziyalı, mərhəmətli obrazında təqdim olunub. Beləliklə, İbrahimbəyovun öz xalqına bu cür münasibət bəsləməsi ictimaiyyət tərəfindən sərt qınaqla qarşılanıb. Artıq onun bütün fəxri adlarının, titullarının geri alınması, hətta Azərbaycan vətəndaşlığından məhrum edilməsi haqda millət vəkilləri və digər ziyalılar ölkə rəhbərliyinə müraciət edib.
Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov məsələ ilə bağlı "Yeni Müsavat"a danışıb: "Haqlı olaraq mətbuatda və sosial şəbəkələrdə bu cür etirazlar səslənir. Çox istərdim ki, Rüstəm İbrahimbəyovun fəxri adları, titulları geri qaytarılsın. Ümumiyyətlə, İbrahimbəyovlarla bağlı nə varsa, hamısı silinib atılmalıdır ki, gələcəkdə bu cür ünsirlərə dərs olsun. İbrahimbəyov Azərabaycan xalqını, onun atributlarını təhqir edən şəxslərdən biridir".

Etimad Əsədov adıçəkilən filmlə bağlı da öz təəssüratlarını bildirib: "İnternet resurslarında filmin bir neçə epizodlarını izləmişəm. Lakin emosiyalarım tab gətirmədiyindən filmə sonadək baxa bilmədim. Onu qeyd edə bilərəm ki, İbrahimbəyov ermənilərin bizim başımıza gətirdiyi faciələri tərsinə, ermənilərin başına gətirilən olaylar kimi təqdim edib. Bu, sadəcə, şərəfsizlikdir. Rəhbərlik bu məsələ ilə bağlı ölçü götürməlidir".

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov ilk öncə rejissor kimi filmə münasibət bildirdi: "Film çox tələsik, "xaltura" ilə çəkilib. Heç bir süjet xətti, yaxşı rejissor işi, film estetikası, peşəkarlıq yoxdur. Sadəcə olaraq, murdar, rüsvayçı bir şey ortaya qoyublar. Yəni sənətdən, peşəkarlıqdan söhbət gedə bilməz. O ki qaldı bir vətəndaş kimi fikrimi bildirim, mənim üçün ağırdır ki, 50 il çiyin-çiyinə çalışdığım bir insan bu cür şəraiti ola-ola ömrünün 80 yaşında bu cür film ortaya qoyub, o şeyləri ki, düşmən də dilə gətirməz, deməz, onu ssenariyə salıb. Əgər erməni tədqiqatçısı bunu etsəydi, bəlkə də bizim üçün belə təsirli olmazdı. Amma Azərbaycan torpağında dünyaya gələn, onun suyunu içən şəxsin birdən-birə bu cür iş görməsi anlaşılmazdır. Demək, bu adamın xilqətində bu cür xüsusiyyət varmış. İbrahimbəyov, sən şəxsi məqsədin üçün bu millətə, xalqa, dövlətçiliyə qara yaxırsan, aşağılayırsan! Heç olmasa ermənilərin bizim qız-gəlinlərin, körpə uşaqların başına açdığı vəhşilikləri xatırlayardın. Bu qədər şərəfsizlik olmaz. Bu, qoca birisinin ömrün sonunda sayıqlamasıdır. Deyim ki, hətta erməni kinoşünasları bu filmə pis münasibət bəsləyib. Erməni mətbuatında qeyd edilir ki, bu film tələsik, səviyyəsiz şəkildə hazırlanıb".
Müsahibimiz İbrahimbəyovun titullarının və fəxri adlarının geri alınması ilə bağlı edilən müraciətə də münasibət bildirib: "Guya ki, əlindən alınsa nə olacaq? Əgər adam bunu edibsə, deməli, hər şeyi nəzərdə tutub, axmaq deyil ki".
Şeyx Əbdül Mahmudov onu da qeyd etdi ki, artıq kino xadimləri məsələ ilə bağlı Gürcüstan rəhbərliyinə də müraciət edib: "Həmçinin filmin rejissoru Eldar Şengelə də müraciət etmişik. Rüstəm İbrahimbəyova isə bildirmişik ki, filmdən imtina etsin və etirafını bildirsin ki, filmi məqsədli hazırlayıb".