Norveç səfirliyi: “Bu məsələ ilə bağlı rəy vermirik”

Səfirlik bu məlumatı şərh etmir.

Bunu Teleqraf.com-a Norveç Krallığının Azərbaycandakı səfirliyindən Finlandiya-Azərbaycan Elm və Təhsil Forumunun Təşkilat Komitəsi və iştirakçılarının şikayətinə münasibət bildirərkən dedilər. Səfriliyin adının açıqlanmasını istəməyən əməkdaşı bildirib ki, daha öncə digər media orqanları da analoji sualla səfirliyə müraciət ediblər:

"Biz onlara da bildirmişik ki, bu məsələ ilə əlaqədar heç bir rəy vermirik. Bu, səfirliyin mövqeyidir".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bu barədə məlumatsız olduğunu bildirib:

"Məsələ ilə yalnız tanış olduqdan sonra münasibət bildirmək mümkündür. Tanış olmadan hər hansı fikir bildirməyim düzgün olmaz. Məsələni araşdırmaq, öyrənmək lazımdır".

Qeyd edək ki, Finlandiya-Azərbaycan Elm və Təhsil Forumunun Təşkilat Komitəsi və iştirakçıları KİV-ə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Finlandiyada elm və təhsil sahəsində təcrübələrini artırmaq məqsədilə Azərbaycandan bir qrup təhsil işçisi, məktəb direktoru və müəllim heyəti Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyi planlaşdırıb. Onlar 24-29 may 2018-ci il tarixində Helsinkidə "Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu" adlı elmi-təcrübə proqramı həyata keçirmək istəyiblər. Ancaq Norveç Krallığının Azərbaycandakı səfirliyi Finlandiyaya getmək üçün onlara viza verməyib. Təşkilat Komitəsi bildirib ki, səfirliyin viza verməkdən imtina üçün gətirdiyi bir neçə səbəbin hamısı əsassızdır və səfirlik 39 nəfərdən ibarət təhsil işçisinin Avropa ölkəsinə səfərinə ciddi-cəhdlə əngəl törədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31