Səfər Mehdiyev Tovuzda qəbul keçirib
29 May 2018 14:41 SiyasətPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Tovuz şəhərində vətəndaşları qəbul edib.
Komitədən "Olaylar"a bildirilib ki, qəbulda bölgədə yerləşən - Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinləri, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.