Qənirə Paşayeva: “Mən şəhidlərdən çox yaşadığımın hesabatını verirəm”

"Arabir Fəxri Xiyabana, ikinci Fəxri Xiyabana,Şəhidlər Xiyabanımıza gedirəm. Rayona yolum düşəndə Şəhidlər Xiyabanını ziyarət edirəm. Orada mənim dostlarım, qohumlarım var. Bəziləri ilə məktəb yoldaşı olmuşuq. Onların necə xəyalları olduğunun şahidiyəm. Mən özümə hesabat verirəm. Dururam orda öz-özümə deyirəm ki, mən sizdən çox yaşadım". Bunu "Olaylar"a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib: "Məsələn Samirdən bu qədər çox yaşadım. Nağıdan bu qədər. Özümdən soruşuram. Bunların hamısının haqqını verə bildinmi...(qəhərlənir).Biz bunu düşünməliyik ki, bu adamlar nə üçün şəhid olub. Onların da xəyalları var idi, sizin kimi, mənim kimi. İstedadları az idimi? İnanın ki,  əksəriyyətinin istedadı bizlərdən daha çox idi.Amma getdilər,gözlərini qırpmadan canlarını verdilər. Biz onlardan daha çox yaşadığımızın vətənimiz qarşısında hesabatını verməliyik.Mən yaşadım, mən nə etdim bu 26 il ərzində? Mən həmişə deyirəm, bunun hesabını həmişə özümüzə verməliyik. Bizim aprel şəhidlərimiz var, baxırsız haralarda oxuyublar? Samid İmanov bilirsiz neçə dildə danışırmış? Uşaqlarımız onları tanımalıdır ki, bu şəhid neçə dildə danışıb, dünyanın haralarında olub. Murad Mirzəyevdən tutmuş hamısına qədər. Mən onlardan iki il artıq yaşayıram, bunun hesabını verirəm. Mən gəncləri tariximizi oxumağa çağırıram. Biz son iki yüz ildə yaşadığımızı haqq edən millət deyilik. Oturub oxusunlar və görsünlər ki, Azərbaycanın sərhədi hardan hara idi və bu vətən üzərindəki insan sayı nə qədərdi və baxsın indi vətəni Azərbaycan nə vəziyyətdədir, millətimiz nə vəziyyətdədir. Paramparça! Vətən paramparça və biz bu gün 86,6 içində və onun 20% işğal altında. Bu o deməkdir ki, bizim uzun illər müstəqil dövlətimizin olmaması bizə çox böyük acılar yaşadıb. Bizim müstəqil Azərbaycandan dəyərli heç nəyimiz yoxdur. Heç nəyimiz də ola bilməz. Dövlətimiz güclənsə, biz daha güclü olacağıq.İndi müstəqil dövlətimiz var, çox şükür, amma hədəflərimiz böyük olmalıdır. Biz hardan-hara gəldik millət olaraq və bunu kim dəyişdirməlidir? Bu gerçəyi dəyişdirəcək təkcə bizik, bu millətin gəncidir. Əgər onun hədəfi  təkcə oxuyum, bir iş tapım, yaxud yaxşı pul qazanım toya yarım milyon verərək özümü göstərimdisə, bu hədəf deyil. Azərbaycan uğrunda yarışmalıyıq.

Əhməd Ağaoğlunun hansımızdan savadı az idi? Əlibəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoyskinin məgər savadı az idi? Bu insanlar fədakarlıq etdilər deyilmi? Toplum fədakarlar üzərində qurulur.Ona görə də gənclər arasında da fədailər olmalıdır. Bu "kamikadzelik" deyil. Yaponların inkişafı bircə cümlə üzərindədir: "Ən yaxşı yapon,öz işini ən yaxşı görəndir". Bizim evlərdə hər bir uşağın xəritəsi olmalıdır. Orada Azərbaycanı işarələyib hər gün ona baxmalıdır. O işarə iki yüz ildə yaşanmışlığını ona söyləyəcək. Başqa nə cür ola bilər? Bizi Qarabağa aparan yol ordan keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31