"Ermənilər ağıllarını başına yığmalıdır"
29 May 2018 14:29 Siyasət"Cənab Prezident İlham Əliyev öz çıxışlarında hər zaman Azərbaycanın torpaqları müzakirə mövzusu ola bilməz və biz heç vaxt torpaqlarımızın işğalda qalması ilə barışmayacayıq ifadələrini səsləndirir. Təbii ki, dövlət başçımızın səsləndirdiyi ifadələrin arxasında güclü Azərbaycan ordusu dayanır". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan hərbi gücünə görə dünyada 50-ci yerdədir: "Belə hərbi gücü olan ölkənin torpaqları həmişəlik işğal altında qala bilməz. Biz sadəcə beynəlxalq güclərə və dünyada münaqişələri nizamlama missiyasını öz üzərinə götürmüş təşkilatların fikirlərinə hörmətlə yanaşırıq. Nə qədər ki, işğala danışıqlar yolu ilə son qoydurmaq mümkündür və beynəlxalq təşkilatlar öz üzərinə götürdükləri missiyalarını yerinə yetirməyə çalışırlar, biz istəyirik münaqişəni sülh yolu ilə həll edək. Müharibə günahsız qanların axıdılması və itkilərlə üzləşdirir. Ona görə də birinci yeri danışıqlara vermişik. Amma danışıqlar prosesi öz nəticəsini verməzsə yenə də Azərbaycanın haqqıdır ki, öz torpaqlarındakı separatçıları hərb yolu ilə qovub çıxarsın.
Qeyd etdiyim kimi hərb gücümüzlə qısa bir zamanda torpaqlarımızı işğaldan azad etməyimizə kifayət qədər gücümüz var və düşünürəm ki, əgər buna ehtiyac yaranarsa və bizi silaha əl atmağa vadar edərlərsə nəinki, Dağlıq Qarabağdakı torpaqlarımızı, hətta İrəvanda da daş-daşı üstündə saxlamayacayıq. Nə qədər ki, gec deyil ermənilər ağıllarını başına yığmalı və düz yola qayıtmalıdırlar. Əks halda nəticələri ermənilər üçün çox ağır olacaqdır".
SİA