1918-i yaşamaq üçün: gözünü yum və dinlə... - Video

Qədim yunan filosofu Epikür azadlığı bu cür şərh edib: "İstəkləri məhdudlaşdırmağın ən böyük hədiyyəsi azadlıqdır".

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür.

Mövzuya qədim yunan filosofunun azadlıq haqda fikri ilə başlamağım səbəbsiz deyil. Düz 100 il öncə bizimlə eyni torpaqda böyümüş, eyni təbiətin havasını ciyərlərinə çəkmiş, suyunu içmiş, çörəyini yemiş həmyerlilərimizin azadlıq təfəkkürü qos-qoca bir cümhuriyyət yaratdı. O cümhuriyyət ki, türk və islam dünyasında ilk demokratik dövlət nümunəsi idi...

100 il, əlbəttə, qısa zaman kəsiyi deyil, amma tarixi yaddaşımızı, genetik kodlarımızı deformasiyaya uğradacaq qədər də uzun müddət deyil.

Bəs necə oldu ki, 100 il öncəki təfəkkürümüz bizə dövlət yaratmaq iqtidarı verdiyi halda, indiki azadlıq anlayışımız məişət çərçivəsindən qırağa çıxa bilmir?

Gəlin azadlığı iki xətt üzrə qiymətləndirək:

1. Ötəri azadlıq.

2. Əbədi azadlıq.

Məişət dediyim, yuxarıda qədim yunan filosofundan misal gətirdiyim istəklər məsələsidir.

Biz bu saat istəklərimizin əlində əsirə çevrilmişik. İstəyirik, o qədər çox istəyirik ki, bu istəklərin bizi kölələşdirdiyinin belə fərqinə varmırıq. Əylənmək istəyirik, həyatın dadını çıxarmaq istəyirik, qonşuda təzə paltar görürük, onu istəyirik, yeni telefon modeli çıxır, ona can atırıq, ən yüksək vəzifədə iş, ən gözəl binada ev, sevgi macəraları, hər gün yeni bir əyləncə, hər gün yeni bir həvəs...

Və bu istəklərə çatmadıqca, bizi bu istəklərə aparacaq hər şeyin köləsinə çevrilirik.

Təbii ki, bu istəklər daha gözəl yaşamaq arzusunun təzahürü, amma dediyim tamam fərqli bir şey; cismimizə nəşə verən arzuların ruhumuzu kölələşdirməsi...

Ötəri azadlıq məhz budur, bizim can atdığımız azadlıq məhz budur!

Bəs M.Ə.Rəsulzadələrin, Topçubaşovların, Həsən bəy Ağayevlərin istəkləri, arzuları yox idimi?

Vardı, əlbəttə, amma onlar həm də fərqindəydilər ki, bu istəklər əbədi, xoşbəxt bir gələcək vəd etmir.

Xoşbəxt gələcək ancaq azad bir ölkədə, azad bir dövlətlə əldə oluna bilər. Elə ona görə də bütün fərdi istəklərini canları bahasına əsl azadlıq anlayışına fəda etdilər.

O azadlıq ki, ömrü çox qısa oldu, amma ruhunu məhv etmək mümkünsüz idi. Çünki o azadlıq əbədi azadlıq idi.

Elə o ruhla Azərbaycan yenidən əldə etdi azadlığını. Əminliklə demək olar ki, azadlıq ruhunu təkcə şanlı Cümhuriyyət tariximizin yaranma prosesi deyildi əbədi edən, həm də Üzeyir Hacıbəyov kimi dahi bəstəkarın bu tarixi, ana laylası kimi notlara kodlaşdırmasıydı əbədiləşdirən. İndi "Koroğlu uvertürası"nı dinləyib də, Azərbaycan dövlət himninə qulaq verib də, tarixin bu unudulmaz azadlıq mübarizəsini görməmək mümkün deyil. Bu necə bir eşq, necə bir sevda ki, görmədiyin, şahid olmadığın halda gözlərini qapadıb notların müşayiətilə izləmək mümkün olur tarixi...

Görəsən, bəs indi niyə yetişmir Üzeyir Hacıbəyov kimi tarixi kodlaşdıracaq sənətkarlar, bəlkə, bir ayaq saxlayıb azadlıq anlayışımızı gözdən keçirək!?

Sonda demək istədiyim bir söz var:

Cümhuriyyətin mübarək, böyük xalq!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31