Xalqına nifrət edən o xalqın fəxri adını daşıya bilməz
25 May 2018 17:01 SiyasətRüstəm İbrahimbəyov nəyi və kimə sübut etməyə çalışır?
Zaman-zaman fəaliyyəti ilə Azərbaycan xalqında ikrah hissi doğuran, yaratdığı əsərlərində öz xalqını, millətini aşağılayan "kinorejissor" Rüstəm ibrahimbəyov antimilli əməllərini davam etdirməkdədir. Bu dəfə də onun "Qafqaz triosu" filmi ermənilərin bədbəxtliyində "vəhşi azərbaycanlıların" ittiham edilməsi motivi üzərində qurulub. Rejissoru Eldar Şengeleya və Fuad İbrahimbəyov, ssenari müəllifi isə Rüstəm İbrahimbəyov olan filmdə qorxaq azərbaycanlı ögey atanın familiyası ilə yaşayan "istedadlı erməni aktyoru"nun və onun əsl erməni atasının - Moskvada yaşayan peşəkar göz həkiminin faciəvi həyatından bəhs edilir. Ssenariyə görə onların başına gələnlərin günahkarı bütün suçu "vəhşi azərbaycanlılar"dır. Aktyoru azərbaycanlı uşaqlar quyuya atıb diri-diri basdırır, atası min bir vasitə ilə Azərbaycan sərhədini keçib haqqı söylədiyinə görə işdən qovulan azərbaycanlı dostunun evinə gəlib çıxır. Azərbaycanlı kütləsi onu linç etmək üçün evi dövrəyə alır, sərhəd keçid məntəqəsinin məmuru tərəfindən vəhşicəsinə döyülür. Göründüyü kimi digər filmlərində olduğu kimi R. İbrahimbəyov növbəti dəfə Azərbaycan xalqına qarşı nifrətini ortaya qoyub.
Ermənistanın etnik təmizləmə siyasətini birbaşa icra edən, işğal olunmuş Azərbaycan ərazilərində qocaları, uşaqları amansızcasına qanına qəltan edən, qız -gəlinləri girov götürüb başlarına min oyun açan Serj Sərkisyan beynəlxalq tribunalarda törətdiyi vəhşi əməllərini etiraf edirsə, əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımını törətməklə fəxr etdiyini bəyan edirsə, Rüstəm İbrahimbəyov nəyi və kimə sübut etməyə çalışır? Axı Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunmuş şəxslərin insanlıq, bəşəriyyət əleyhinə törətdikləri cinayət faktları bütün dünyaya bəllidir. Robert Koçaryan, Monte Melkonyan, Bako Saakyan və Samvel Babayanın Xocalıda törətdikləri soyqırım faktları hətta öz dillərindən səsləndirilib. Rüstəm İbrahimbəyovun yaddaşını təzələmək üçün xatırlatma etmək yerinə düşərdi. Tomas de Valın müəllifi olduğu "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən" adlı kitabın 172-ci səhifəsində S.Sarkisyanın dedikləri istinad kimi yazılıb: "Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik". Həmçinin Ermənistanın milli qəhrəmanı terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyan "Mənim qardaşımın yolu" kitabında 213-214-cü səhifələrində Xocalı soyqırımını törədənlərdən biri olan M.Melkonyana istinadən yazır: "Xocalının bir sıra sakinləri təqribən altı mil məsafə qət edərək təhlükəsiz əraziyə çıxsalar da, erməni əsgərlər onların arxasında gedirdilər. Sonra əsgərlər xəncərlərini çıxararaq bıçaqla zərbələr endirməyə başladılar". Yenə təkrar edirəm, bu kimi faktlar qarşısında Rüstəm İbrahimbəyov nəyi və kimə sübut etməyə çalışır?
Görünən odur ki, R.İbrahimbəyov erməni millətçilərinin ampulasından çıxış edərək tarixi təhrif etmək yolunu tutub. Əks halda, ərsəyə gətirdiyi əsərlərində, quruluş verdiyi filmlərdə uzaq və yaxın tarixi saxtalaşdırmazdı. Şübhəsiz ki, R.İbrahimbəyov ötən əsrin əvvəllərində erməni vandalları tərəfindən Azərbaycanda törətdilən qırğınlardan, ölkənin ucqar rayon və kəndlərinin belə yerlə-yeksan edilməsindən, yaxın tarixdə isə Ermənistandan qovulmuş bir milyona yaxın azərbaycanlının taleyindən, ən nəhayət Xocalı qətliamından xəbərsiz deyil. Mümkün deyil ki, ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilən azərbaycanlılar, qarnından çıxarılan körpə uşaqları süngüyə taxılan qadınlar barədə xəbəri olmasın. İstisna deyil ki, belə dəhşətli hadisələr R.İbrahimbəyovun yaxın və uzaq qohum-əqrabasının da başına gəlsin. Bu kimi qeyri-insani münasibəti görməyərək, belə faktlardan öz əsərlərində istifadə etməyən, əksinə tarixi faktlarla sübut olunmuş hadisələri təhrif edən "kinorejissor"a nə ad vermək olar?
Qeyd edək ki, R.İbrahimbəyov yaradıcılığını bütövlükdə yalnız və yalnız Azərbaycan xalqını aşağılamaq, Azərbaycan dövlətini təhqir etmək üzərində qurub. Hələ 80-cillərin sonlarında Azərbaycana qarşı ərazi iddiaları baş qaldıranda, azərbaycanlılar Ermənistandan didərgin salınanda Moskva televiziyaları Rüstəmin "Bağlı qapı" filmini nümayiş etdirirdi. Azərbaycanlıların qonşuluqda baş verənlərə etinasızlığı fonunda əsl "bakinets" olan Qarabağ ermənisi (obrazı Frunze Mkrtıçyan canlandırır) "biz buna etinasız qal bilmərik, axı biz qarabağlıyıq" deyə məhəlləni haqsız həbs olunmaq təhlükəsi olan Muradın xilası üçün səfərbər edir. Maraqlı məqamlardan biri ondan ibarət idi ki, sözügedən filmin nümayişi məhz Əkrəm Əylislinin "Daş yuxular" əsərinin çapı ilə eyni vaxta təsadüf edir. Əslində isə bu "təsadüf" həm Əkrəm Əylislinin, həm də Rüstəm İbtahimbəyovun Azərbaycana qarşı ideoloji silah kimi istifadə edildiklərinin əyani göstəricisidir.
Azərbaycana qarşı nifrəti tükənməyən Rüstəm İbrahimbəyovun Sovet İttifaqı dağılandan sonra çəkdiyi "Əlvida cənub şəhəri" və "Kabusun gözü ilə" filmləri ilə də azərbaycanlılara qarşı nifrət hissi aşılayır. "Əlvida cənub şəhəri" filminin süjet xətti Qarabağ hadisələri nəticəsində paytaxta köç edən qaçqın və məcburi köçkünlərin şəhər əhalisi ilə münasibətlərini əks etdirir. Filmdə Bakıya "axışan" qaçqınları aşağılayan, təhqir edən bir sıra kadrlar yer alıb.
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, R.İbrahimbəyov Azərbaycana qarşı fəaliyyətini şəxsi biznesinə çevirib. Bu işə ailə üzvlərini də cəlb edib. Xatırladaq ki, onun son "yaradıcılıq işi" olan "Qafqaz triosu" filminin rejissoru oğli Fuad İbrahimbəyovdur. "Kabusun gözü ilə" filmində isə alkaş azərbaycanlı ərlə hüquq müdafiəçisi və kinonun əsas qəhrəmanlarından biri olan arvadı Rənanın(bu rolu Fatimə İbrahimbəyova oynayır) fransızsayağı münasibətləri Azərbaycan ictimaiyyətində haqlı etiraz doğurub. Dəhşətli məqam ondan ibarətdir ki, Rüstəm İbrahimbəyov "milli şuranın" sədri kimi antimilli fəaliyyəti ilə Azərbaycanda birinci şəxs olmaq iddiasını gizlətmir. Hər prezident seçkisi zamanı xarici mətbuata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuracaq açıqlamalar verməklə gündəmə gəlir. Uzun illərdi ki, Qarabağ İbrahimbəyov üçün münaqişəli ərazidir. Və o bunu hər addımda bəyan etməkdən çəkinmir. Belə halda, R.İbrahimbəyovun mənsub olduğu tutulları daşımağa mənəvi haqqı yoxdur. Millətini, dövlətini aşağılayan, xalqını madiyyat naminə ayağa verən şəxs bütün titullardan məhrum edilməlidir.
Alim